Harda daha təhlükəlidir: çoxavtomobilli Lüksemburqda, yoxsa azavtomobilli Azərbaycanda?
Hər dəfə bu məsələyə təkrar qayıtmayacağımı düşünsəm də, reallıq başqa cür diktə edir. Oktyabr ayının 20 günündə 45 nəfərin yol qəzalarında ölməsi sübut etdi ki, məsələyə bir daha münasibət bildirmək zəuridir.
Avtomobillərin böyük əksəriyyətinin cəmləşdiyi Bakı və Sumqayıtda nəqliyyat tıxacları, ölüm və xəsarətlə nəticələnən qəzaların artması bir vətəndaş kimi məndə də ürək ağrısı doğurur. Son vaxtlar belə bir tendensiyaya da şahidlik edirik: bütün problemlərin avtomobillərin say çoxluğu ilə əlaqələndirilməsi.
Bəli, say baxımından avtomobil bir ölkədə çox, digərində az ola bilər. Bu səbəbdən ən doğru dəyərləndirmə üçün hər 1 000 nəfərə düşən avtomobil sayına istinad etmək daha obyektivdir. Bu dəfə də, ərazisi az, avtomobili çox olan bir ölkəyə nəzər yetirək – Lüksemburq Hersoqluğu. 2586 kvadrat kilometr ərazisi olan bu ölkə adambaşına avtomobil sayına görə Avropada birincidir. Hər min lüksemburqluya 681 avtomobil düşür. Ərazi kiçik, adambaşına avtomobil sayı çox olduğundan ilk baxışdan insana belə gəlir ki, hersoqluqda böyük bir xaos hökm sürməlidir. Üstəgəl, bura qonşu Avropa ölkələrindən hər gün minlərlə avtomobil gəlir. İşin maraqlı tərəfi isə başqadır: ötən il bu ölkədə 21 yol qəzasında cəmi 24 nəfər ölüb ki, onlardan 30%-i əcnəbidir.
Vacib məqamlardan biri də budur ki, ölkədə avtomobil artdıqca qəzaların da sayı azalır. Əgər 2013-cü ildə 41 qəzada 45 nəfər ölmüşdüsə, 2020-ci ildə 24 qəzada 26 nəfər dünyasını dəyişib. 2013-cü ildə avtomobil sayı 355 min ədəd idisə, indi yarım milyondan çoxdur.
Maraqlıdır ki, hər min nəfərə 4 yüzdən az avtomobil düşən Şərqi Avropa ölkələrində yol qəzaları daha müntəzəm baş verir. Bəs kiçik Lüksemburq bu cür irəliləyişə necə nail olur? Cavab sadədir: hərəkət təhlükəsizliyinə ciddi nəzarət və ictimai nəqliyyatın inkişafı.
2020-ci ilin mart ayının 1-dən etibarən Lüksemburqda ictimai nəqliyyat vətəndaşlığından asılı olmayaraq hamı üçün PULSUZDUR. Bu da büdcəyə hər il 40 milyon avroya başa gəlir. Sosial layihədə məqsəd əhalinin azgəlirli hissəsinin yükünü azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaqdır. İctimai nəqliyyatın keyfiyyətli işi nəticəsində əhalinin şəxsi avtomobildən istifadəsi minimuma enib.
Digər tərəfdən, Lüksemburq təcrübəsi sübut etdi ki, avtobuslar pulsuz olacağı təqdirdə heç kim maşın almayacaq stereotipi də kökündən yanlışdır. Bu kiçik ölkədə olan avtomobillərin 24%-nin yaşı ikidən azdır. Başqa sözlə, pulsuz ictimai nəqliyyat avtoparkın yenilənməsinə mane olmayıb.
Vüqar Yaşaroğlu