Heç bir kənd, qəsəbə, rayon yolsuz qalmamalıdır - Ekspert
Bu günlərdə Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı bildirdi ki, cari ildə həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr icra ediləcək: “Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulubdur. Keçən il 1300 kilometr yol çəkilib. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik”.
“2020-ci il ən azı 1000 km yeni yol salınacaq ki, onların arasında yüzlərlə kənd yollarının salınması və magistral yolların tikintisinin davam etdirilməsi layihələri nəzərdə tutulur” deyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, 2019-cu il ərzində ölkənin ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşən körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb. Ümumilikdə, 2019-cu il ərzində 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanda yol infrastrukturunun inkişafı ilə bağlı böyük işlər görülür: “Ümumilikdə yolların, körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin həcmi genişləndirilib, inkişaf edib. Azərbaycandakı yollar 90-cı, 2000-ci illərlə müqayisədə son 10 ildə xeyli inkişaf edib. Demək olar ki, cənab Prezident hər həftə hansısa yolun təmir olunması, abadlaşdırılması, yaxud yenidən tikilməsi barədə sərəncamlar imzalayır, Prezidentin ehtiyat fondundan, dövlət büdcəsindən vəsait ayrılır. Bu işlər əhalinin rahatlığı, iqtisadiyyatın inkişaf etdirilməsi üçündür. Bütün bunlar zəruri işlərin həyata keçirilməsi üçün görülür. Müşavirələrdə də mütəmadi şəkildə bu prosesin həyata keçirilməli olduğu dəfələrlə qeyd olunur. Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən də bu məsələni önə çəkdi. Sözsüz ki, bunlar davamlı olarsa, bizim yol şəbəkələrimiz çox qısa müddətdə daha da inkişaf edəcək, böyük nailiyyətlər əldə etmiş olacağıq”.
Ekspert, həmçinin onu da qeyd etdi ki, yol infrastrukturu ilə bağlı ən çox verilən tapşırıqlardan biri də yolların işıqlandırılması məsələsidir: “Prezident İlham Əliyev bildirib ki, bütün məhəllədaxili yollar işıqlandırılmalıdır, nəinki magistral yollar. Əks halda yol-nəqliyyat hadisələri, digər neqativ hallar baş verir, insanlara maddi-mənəvi zərər dəyir. Bu baxımdan yolların işıqlandırılması məsələsi həm icra hakimiyyətlərinin, həm bələdiyyələrin, həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və digər aidiyyəti qurumların diqqətində olmalıdır”.
“Azərbaycan Şərqlə-Qərbin birləşməsində, İpək yolunun üzərində yerləşir” deyən E.Muradlı onu da diqqətə çatdırdı ki, böyük dövlətlər, şirkətlər öz yüklərini Azərbaycan üzərindən daşıyırlar: “Təbii ki, onlar da yükləri daşıyarkən Azərbaycan dövlətinə pul ödəyirlər. Həmin şirkətlərin, dövlətlərin öz yüklərini buradan daşıması üçün təhlükəsiz yollar tikilməlidir. Nəticədə yüklər daşındıqca ölkəmizə daha böyük maliyyə axını gəlir. Yollardan istifadə etdikcə o maşınlar kənarlardakı ticarət obyektlərini, turizm məkanlarını görür. Bütün bunlar bir-biri ilə əlaqəlidir. Biz yalnız yol deyib üzərindən keçməməliyik. Yollara böyük iqtisadi potensial kimi baxmaq lazımdır. Bizim yollar genişlənib, uzandıqca o qədər də iqtisadi gücümüz artır. Turizmin inkişafı son illərdə diqqət mərkəzində olduğu üçün düşünürəm ki, yol infrastrukturuna çox böyük diqqət yetirmək lazımdır. Heç bir kənd, qəsəbə, rayon yolsuz qalmamalıdır. Göründüyü kimi, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncam “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” bir çox problemləri geridə qoyur. Düşünürəm ki, bu proqramın icrası daha böyük nailiyyətlər əldə etməyimizə imkan verəcək”.