Hər gün 4 qəza, 2 ölən və 4 yaralanan - Problem təkcə sürücülərdədir?

Yazarlar 21 Avqust 2023 13:00 Oxunub 914
Hər gün 4 qəza, 2 ölən və 4 yaralanan - Problem təkcə sürücülərdədir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Statistika Komitəsi bu yaxınlarda 2023-cü ilin yanvar-iyun ayları üzrə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında məlumat yayıb. 

Statistikadan məlum olur ki, ilin ilk 6 ayında ölkədə yol-nəqliyyat hadisələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən azalsa da, qəzada ölənlərin sayı 25%-ə yaxın artıb. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında qəzalarda 387 nəfər həlak olub. Bu o deməkdir ki, bu ilin ilk 6 ayında hər gün ən azı 2 nəfər yol qəzalarının qurbanı olub.

Yaralananların sayı da az deyil. Belə ki, bu ilin 6 ayında qəzalarda 669 nəfər yaralanıb. Bu, ötən illə müqayisədə az olsa da, ümumilikdə böyük rəqəmdir. Buradan belə bir nəticə çıxır ki, qəzalarda hər gün 3-4 nəfər xəsarət alır. Ümumi qəzaların sayı isə ürəkaçan deyil. Statistikaya görə, Azərbaycanda hər gün 4-5 yol-nəqliyyat hadisəsi baş verir.

Ekspertlər deyir ki, qəzaların və həlak olanların sayının bu qədər yüksək olmasının səbəbləri yalnız sürücülərin səhvi, onların səhlənkarlığı və təcrübəsizliyi deyil.

Qəzaların və bu qəzalarda yaralanan və həlak olanların sayının bu qədər çox olmasının səbəbləri nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qəzaların artmasında səbəblərdən biri sürücü hazırlığı ilə bağlıdır:

"Yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında qəzaların bütün səbəbləri göstərilib. O səbəblər içərisində bəli, sürücü hazırlığı, sürücü peşəkarlığı və onun artırılması məsələsi var. Sürücülük tərkibindən tutmuş sürücü olmağa qədər bütün məsələlər göstərilib. Konkret göstərilib ki, sürücü hazırlığı təkmilləşdirilməli və müasirləşdirilməlidir. Məsuliyyətli, təhlükəsiz davranış anlayışı da mövcuddur. Cəmiyyətdə məsuliyyətli davranış olmalıdır.  Yol infrastrukturu ilə bağlı, işıqlanma ilə bağlı problemlər açıqdır".

 

 

Ekspert vurğulayıb ki, bir sıra yollar qəza ocağıdır və belə yollar kifayət qədərdir.

"Dövlət proqramında göstərilib ki, o qəza ocaqları ayrıca təhlil olunaraq, araşdırılıb, dəqiqləşdirilməlidir. Sözügedən yollarda vəziyyətin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir.  dövlət proqramını təkrar oxuyub, onu nöqtəbənöqtə icra etmək lazımdır. Bundan sonra vəziyyət yaxşılaşar.  Qəza şəriti olan yollar hər yerdə var. Şəhər yollarında da, şəhərkənarı yollarda da belə vəziyyət mövcuddur. Bu ocaqların bəzilərində yol infrastrukturu problemi müşahidə edilir. Bəzisində isə  aşırı sürət mümkündür. Eləsi var ki, işıqlanma yoxdur, eləsi də var ki, təhlükəli kəsişmədir".

 

 

Nəqliyyat eksperti Aslan Əsədov deyib ki, qəzaların artmasının birinci səbəbi səhlənkarlıqdır:

"Sürücülərimizin adi nişanlamalardan xəbərləri yoxdur. Ötmə qaydalarını bilmirlər. Problemlər çoxdur. Sürücülük vəsiqəsinin ödənişlə alınması da bunun tərkib hissəsi ola bilər. Bu gün roldan istifadə edən hər kəs avtomobil istifadə edir. Yəni avtomobilin hər hansı nasaz hissəsindən xəbərləri yoxdur, yaxud nasaz avtomobili necə qorumaq lazımdır, bilmirlər. Ona görə də belə problemlər yaranır. Bu məsələ sırf sürücülük vəsiqəsi ilə də bağlı deyil. Burada hər şey birbaşa məsuliyyətlə bağlıdır. Qəzaların hnsı şəraitdə baş verdiyinə baxsaq bunu görmək mümkündür. Avtomobili sağdan ötmə, manevr qaydasını pozma, durmuş-dayanmış maneəyə çırpılma şəraitində qəzalar olur. Bunun sürücülük vəsiqəsi ilə çox böyük əlaqəsi yoxdur".

Ekspertin fikrincə, geniş maarifləndirmə işləri aparılmalıdır: 

"Kütləvi maarifləndirmə işləri aparılmalıdır. Gündəlik təbliğat-təşviqat materiallarının yayılması lazımdır. Hər kəs hərəkət qaydalarını öyrənməli və bunlara əməl etməlidir. Adi qaydada  maşınla getdiyin anda gözləmədiyin halda piyada qaçaraq yolu keçir. Günahkar burada kim ola bilər? Amma təbii ki, burada sürücü məsuliyyətə cəlb olunur. Düzdür, orada ara məsafənin saxlanması və sürət həddinin qorunması kimi məsələlər də var. Əslində, bu gün pyada olan sabah sürücü, sürücü olan piaydadır. Cərimə və digər faktorlarla məsələlərin öz həllini tapa biləcəyinə inanmıram".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh