Banner

Hər gün bir piyada: Qaydalara nə vaxt riayət ediləcək?

Yazarlar 9 Noyabr 2024 14:23 Oxunub 330
Hər gün bir piyada: Qaydalara nə vaxt riayət ediləcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təəssüflər olsun ki, yol hərəkəti qaydalarının piyadalara da aid olduğunu çox zaman unuduruq. Son illərdə yol hərəkəti qaydalarına əməl etməyən piyadalar səbəbindən yaranan təhlükələr, xüsusilə paytaxt Bakıda gündəlik həyatın bir hissəsinə çevrilib. Təhlükəsizliyi təmin etmək üçün müxtəlif tədbirlər görülsə də, piyadaların qayda pozuntuları bu tədbirlərin effektivliyini zəiflədir. Avtobus zolağından, piyada keçidi olmayan yerlərdən, qırmızı işıqda və ya yaxınlıqda yeraltı keçid olduğu halda belə yoldan keçən piyadalar həm özlərini, həm də sürücüləri ciddi təhlükə qarşısında qoyurlar. Hətta öz səhvlərini qəbul etməyərək, sürücünü günahlandırırlar. 

Bu məsuliyyətsiz davranışlar sadəcə fərdi qayda pozuntuları deyil, cəmiyyətin təhlükəsizliyini təhdid edən genişmiqyaslı bir problemə çevrilib. Son günlərdə baş verən bəzi hadisələr bunu aydın şəkildə göstərir. Məsələn, Bakıda anası ilə birlikdə avtobus zolağından keçməyə çalışan azyaşlı uşaq qəza nəticəsində xəsarət aldı. Bu kimi misallar piyadaların göz görə-görə özlərini təhlükəyə atmasının acı nəticələrini göstərir. Təhlükəsizlik üçün nəzərdə tutulan yeraltı keçidlərə məhəl qoymadan, daha qısa yol seçərək, hətta işıqforun qırmızı işığında yolu keçən piyadalar mövcud nəzarət mexanizmlərinə meydan oxuyur.

Mütəmadi olaraq edilən xəbərdarlıqlar və maarifləndirmə işləri də piyadaların bu davranışlarını dəyişdirməyə kifayət etmir. Qayda pozuntuları yalnız piyadaların həyatını təhlükəyə atmır, həm də digər yol hərəkəti iştirakçılarının diqqətini yayındıraraq qəza riskini artırır. Bu vəziyyətdə avtobus sürücüləri  qaydalara uyğun hərəkət etməyə çalışsalar da, piyadaların məsuliyyətsiz davranışları onların işini çətinləşdirir və qəzalara səbəb olur.

"Avtosfer.az" saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında piyadalarla bağlı vəziyyətin ürəkaçan olmadığını vurğulayıb:

"Dəfələrlə edilən xəbərdarlıqlar, atılan addımlar müsbət nəticə vermir. Bu qədər təbliğat işləri aparılır, real faktlar əsasında piyadalara xəbərdarlıq olunur ki, bu qayda pozuntusu bu cür nəticə verir, diqqətli olun, qaydalara əməl edin. Baxırıq ki, ciddi bir dəyişiklik yoxdur. Hesab edirəm ki, bununla bağlı artıq çox ciddi tədbirlərə ehtiyac var. Cərimə mexanizmini işə salmaq, nəzarət tədbirlərini gücləndirmək lazımdır".

Ekspert qeyd edib ki, cərimələr tətbiq edilən zaman müsbət nəticələr olur və dəyişiklik gözə çarpırdı:

"İndiki şəraitdə bunu deyə bilmərik, çünki bununla bağlı yaxşı bir şey yoxdur. Bu nədən qaynaqlanır? Yenə də təəssüflə deyirəm ki, cəzasızlıq onlara "həvəs" verir. Bəzən də hesab edirlər ki, bütün qəzalarda sürücü günahkardır, bu səbəbdən piyada üçün bir problem yaranmayacaq. Buna görə də əminlik yaranır. Düşünürlər ki, bu formada da yaşamaq olar. Ancaq bu, bəzən piyadanın ölümü ilə nəticələnir. Son dövrlər baş verən hadisələrdə də görürük ki, ağır nəticəli qəzalar tez-tez olur. Bir həftə ərzində 6 piyadanı yol qəzasında itirmişik. Bu o deməkdir ki, təxminən günə 1 piyada yol qəzasının qurbanı olur. Hər gün 1 piyadanı itirmək özü -özlüyündə ağır bir məsələdir. Ona görə bu məsələlərə daha ciddi, praqmatik yanaşmaq lazımdır ki, bunlar baş verməsin. Baş verirsə də, qarşısı alınsın. Qarşısıalınmaz heç nə yoxdur. Sadəcə möhkəm iradə lazımdır ki, ciddi yanaşma ortaya qoyaq və bu problemləri həll edə bilək".

E.Muradlı hesab edir ki, indiki halda buna geniş imkan var. Həll etmək mümkündür. 

"Nəzarət tədbirləri gücləndirilməli, ümumi yanaşma dəyişilməlidir ki, bu hadisələr artmasın. Artım səbəbi nədirsə, məhz onunla məşğul olmaq lazımdır ki, belə hallar çoxalmasın. Dövlətimiz üçün bu heç də baş ucaldan hal deyil. Dünya statistikasında aşağı göstərici ortaya çıxır və bütün dünya Azərbaycanda sanki "yol müharibəsi" getdiyini düşünür. Ölkəmizin adına xələl gətirən bu prosesi durdurmaq lazımdır. Cəzasızlıq mühiti formalaşıb. Çox az sayda piyada cəzalandırılır. Bu istiqamətdə maarifləndirmə işlərinin də nə dərəcə effektiv olduğunu təhlil etmək lazımdır. Nə qədər söz, şüar səsləndirilsə də, ortada nəticə yoxdur. Bizə isə nəticə lazımdır ki, belə hadisələr baş verməsin, insanlar qəzalarda həyatını itirməsin, ailələr başsız qalmasın. Bunlar önəmli məsələlərdir. Cəzasızlıq mühiti bəzən pis bir sindroma çevrilir. Bunu da biz görürük və narahat oluruq. Bu, həqiqətən narahatlıq doğurur, çünki sosial problemə çevrilməkdədir. İnsanlar yol qəzasında həyatını itirir və bunun qarşısıalınmaz formaya gəlib çıxması narahatlıq yaradır. Buna görə düşünürəm ki, cəza mexanizmi, profilaktik işləri  gücləndirmək lazımdır. Bununla yaxşı nəticə əldə etmək olacaq".

Müsahibim avtobus zolaqlarında piyadaların təhlükəsizliyinin təmin olunması məsələsinə də toxundu:

"Avtobus zolaqlarında piyadaların təhlükəsizliyinin təmin olunması məsələsi son dövrlərin probleminə çevrilib. Biz bunu əvvəlcədən də görür və deyirdik ki, avtobus zolaqları sürücüləri məcbur edir ki, bəzən ikinci cərgədə dayansılar, adam mindirib və ya düşürmək üçün məcbur da olsa dayanırlar. Bu da riskdir. Bunun qarşısının alınması üçün çıxış yolları tapılmalıdır ki, aftobus zolaqları təhlükə mənbəyinə çevrilməsin. Ancaq təəssüflə deyirəm ki, bu artıq baş verib və hansıda formada həlli tapılmalıdır. Heç bir məsələyə "həll yolu yoxdur" anlayışı ilə yanaşmırıq. Hər bir məsələnin həll yolu var. Sadəcə çalışmaq, ortaya yaxşı ideyalar qoymaq lazımdır. Səsləndirilən təkliflərlə razılaşmaq, onları dəyərləndirmək lazımdır. "Ancaq mənim fikrim əsasdır, mən nə deyirəmsə, odur" prinsipi ilə yanaşmamamlıyıq. O zaman müsbət nəticələrdən danışa bilərik. Avtobus zolaqlarında nəqliyyat vasitələrinin sərnişin mindirib və ya düşürtmək üçün qısamüddətli dayanması vacibdir. Dünənki görüntülərdən də görürük ki, avtobus sürücüsünün bir günahı yoxdur. Yetişkin bir qadın, yanında azyaşlı uşaq yolu keçiddən yox, zolaqdan keçir. Bu, artıq özünü təhlükəyə atmağın aşkar nümunəsidir".

Elməddin Muradlının fikirlərindən də aydın olduğu kimi, bu vəziyyəti düzəltmək üçün maarifləndirmə tədbirlərinin kəskin şəkildə artırılması və cəza mexanizmlərinin gücləndirilməsi vacibdir. Çünki piyadaların yol hərəkəti qaydalarına əməl etmələri bir seçim deyil, həm özlərinin, həm də ətrafdakıların həyatını təhlükəsizlikdə saxlamaq üçün məcburidir. Bu səbəbdən, maarifləndirmə işləri sadəcə kampaniya səviyyəsində qalmaqla kifayətlənməməli, bütün cəmiyyət üzvlərinin diqqətini çəkəcək dərəcədə geniş miqyasda aparılmalıdır.

Kütləvi informasiya vasitələrinin gücü bu məqsədə çatmaq üçün əvəzolunmazdır. Televiziya və radio kanalları vasitəsilə yayımlanan ictimai elanlar, qəza hadisələrinin nəticələrini nümayiş etdirən təsirli sosial çarxlar cəmiyyətin diqqətini bu vacib məsələyə cəlb edə bilər. Sosial media platformalarında mütəmadi olaraq paylaşılan məlumatlar, qaydalara əməl etməyin əhəmiyyətini vurğulayan postlar və təsirli vizuallar gənc nəslin bu mövzu ilə bağlı məlumatlılığını artırmaqda böyük rol oynaya bilər. Əlavə olaraq, ictimai yerlərdə, məsələn, metro və avtobus dayanacaqlarında, alış-veriş mərkəzlərində yol təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı posterlər və lövhələr yerləşdirilməlidir ki, bu mesaj geniş kütlələrə çatdırılsın.

Maarifləndirmə işlərinin təsirli olması üçün məktəblərdə, kolleclərdə və universitetlərdə yol təhlükəsizliyi dərslərinin tədris olunması vacibdir. Bu dərslər vasitəsilə gənc yaşlarından etibarən piyadalar və sürücülər üçün qaydalara riayət etməyin əhəmiyyəti vurğulanmalı, nəinki yol hərəkəti qaydalarını pozmağın, eyni zamanda məsuliyyətsiz davranışın gətirdiyi ağır nəticələr izah edilməlidir. Məktəblərdə təşkil olunan praktiki təlimlər və simulyasiyalar da bu istiqamətdə gənclərin məsuliyyət hissini artırmağa və qaydalara əməl etmə vərdişini formalaşdırmağa kömək edə bilər.

Eyni zamanda, yeraltı keçidlərin əlverişli və rahat şəkildə istifadəyə verilməsi də piyadaların daha təhlükəsiz keçidlərdən istifadəsini təşviq edə bilər. Yeraltı keçidlər geniş, yaxşı işıqlandırılmış və təmiz olmalıdır ki, piyadalar bu keçidlərdən məmnuniyyətlə istifadə etsinlər. Bəzən köhnə və yararsız vəziyyətdə olan keçidlər piyadaları daha asan, lakin təhlükəli yolları seçməyə təşviq edir. Bu baxımdan, mövcud keçidlərin təmiri və yeni, müasir keçidlərin inşası ilə piyadaların təhlükəsizliyi daha yaxşı təmin edilə bilər.

Qaydaların pozulmasına görə tətbiq edilən cəzaların artırılması da bu problemin həllində mühüm rol oynaya bilər. Cəzasızlıq mühiti piyadaların qayda pozuntularına meylliliyini artırır və bu səbəbdən, cəzalar real nəticələr doğuracaq dərəcədə təsirli olmalıdır. Cərimələrin daha yüksək və məcburi şəkildə tətbiqi, xüsusilə də təhlükəli keçidlərdən istifadə edən piyadalar üçün sanksiyaların artırılması hər bir fərdin məsuliyyət hissini dərk etməsinə təkan verə bilər.

Bu problemləri həll etmək üçün hər birimiz bu məsələyə diqqət göstərməli və ictimai məsuliyyətimizi dərk etməliyik. Əgər hər bir piyada qaydalara əməl etməyi fərdi bir məsuliyyət kimi qəbul etsə və həyatını qorumaq üçün qaydalara riayət etsə, nəticə etibarı ilə cəmiyyət olaraq daha təhlükəsiz bir gələcək qurmaq mümkün olar. Yalnız qaydalara əməl etməklə və məsuliyyətli davranışlarla təhlükəsiz, nizamlı və inkişaf etmiş bir cəmiyyətin təməlini qoya bilərik.


(olaylar.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh