“Hər yola xüsusi zolaq çəkmək mümkün deyil” - Xüsusi zolaqlar yaranacaqmı?
Azərbaycanda iri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir. Qeyd olunur ki, Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətləri artırılacaq, avtobus dayanacaq məntəqələri ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdiriləcək, avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.
Bundan başqa, avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.
Maraqlıdır, bu zolaqların yaradılmasının nə kimi müsbət tərəfləri olacaq? Və bütün əsas yollarda bunu etmək olacaqmı?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, dünyada xüsusi hərəkət zolaqları əsasən operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulur: “Sözügedən nəqliyyat vasitələrinə də təcili yardım, yanğınsöndürən və polis maşınları daxildir. Bakıda yaradılan xüsusi hərəkət zolaqları isə avtobuslar üçün nəzərdə tutulub və yaxşı nəticə versə də, bu gün görürük ki, həmin küçələrdə dəhşətli tıxac yaranır. Misal üçün, Yusif Səfərov küçəsində tıxac yaranan zaman sürücülərin əksəriyyəti həmin zolağa daxil olaraq hərəkət edirlər. Hətta həmin zolağa maşın park edən sürücülər də var. Bakı şəhər Baş Polis İdarəsi ilə üzbəüz yeni park açılıb, həmin parka gələnlərin çoxu avtomobillərini elə avtobus zolağında park edib parkda gəzişirlər. Həmin zolağa daxil olan sürücülər üçün 40 manat məbləğində cərimə nəzərdə tutulur. Görünür, bu sistem tam işə düşməyib. Belə çıxır ki, həmin zolağa daxil olan sürücüləri cərimə etmək üçün hər 30-50 metrdən bir kamera yerləşdirmək lazımdır. Ya da bir patrul əməkdaşı davamlı şəkildə orda olaraq cərimə yazmalıdır. Bunu sürücülər özləri mədəniyyət nümayiş etdirərək başa düşməlidir. Biri var, tək sürücü kimi hərəkət edir, özünü düşünür, avtobusda isə 50-60 nəfər olur. Bu baxımdan xüsusi zolaqlara daxil olmaq olmaz”.
E.Muradlı təklif edir ki, xüsusi zolağı Bakı-Sumqayıt yolunda da yaratmaq məqsədəuyğun olar: “Çünki həmin yol 6-7 zolaqdan ibarətdir, genişdir və yol kənarında elə də çox ticarət obyekti yoxdur. 20 Yanvardan Xırdalan və Sulutəpə istiqamətində gedən avtobusların sayı az olduğuna və tıxacda qaldığına görə insanlar məcbur olub taksiyə minirlər. Belə olan zaman isə 1 manatlıq taksilər dövriyyəyə düşür. Gündüz bu taksilərin sayı 50 olursa, nəqliyyatın pik saatlarında üç-dörd dəfə artır. Orada xüsusi zolaqlar olsa və avtobuslar normal intervalla işləsə o sıxlıq yaranmaz”.
Ekspertin fikrincə, bu işləri tənzimləmək üçün sürücülər arasında təbliğat işlərinin aparılmasına ehtiyac var: “Sürücülər öz zolaqları ilə hərəkət etsələr, tıxacların miqdarı bu qədər çox olmaz”.
Nəqliyyat eksperti İlqar Hüseynli isə bildirdi ki, ictimai nəqliyyat üçün ayrıca zolaqların yaradılması prosesi artıq yeni deyil və bir neçə yerdə yaradılıb: “Bildiyimiz kimi, Azadlıq prospekti boyunca prospektin müəyyən ərazilərində yalnız sərnişin daşıma xidmətini həyata keçirən avtobuslar üçün elə zolaqlar yaradılıb. Burda məqsəd odur ki, sərnişinlərin rahat və tez zamanda istədikləri mənzil başına çatmaqda problem yaşamasınlar. Bilirsiniz ki, belə zolaqların olduğu dönəmdə həmin ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolağa şəxsi nəqliyyat vasitələrinin girişi qadağandır. Qadağan olduğu və qayda pozuntusu hesab olunduğuna görə həmin zolağa daxil olan şəxsi nəqliyyat vasitələrinin hər birinə cərimə tətbiq olunacaq. Bu mənada şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edən insanlar zaman-zaman özlərini buna adaptasiya edirlər. Və sərnişin daşınma vasitələri üçün nəzərdə tutulmuş xüsusi zolaqlara daxil olmurlar. Bu zaman yol boş qalır və avtobuslar lazım olan sürətlə vaxtında dayanacaqlarına çatırlar və sərnişinlərin rahatlığını təmin edirlər. Nəticədə sərnişinlər işə gecikməz və vaxtında mənzil başına çatarlar”.
İ.Hüseynli deyir ki, bütün ölkəni bu zolaqlarla əhatə etmək çox böyük problemli bir məsələdir: “Bilirsiniz ki, bütün prospektlərin en ölçüləri əlahiddə zolaqları tətbiq etmək üçün imkan vermir. Deyək ki, Azadlıq prospektinin Amerika Birləşmiş Ştatları səfirliyinə qədər olan Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətində və geri dönüşündə bunu tətbiq etmək mümkün olur. Amma ABŞ səfirliyindən 28 Maya doğru istiqamət götürdükdə isə istənilən halda həmin zolaqları yaratmaq mümkün olmur. Çünki həmin prospektin eni və ölçüləri buna imkan vermir”.
Xarici ölkələrin təcrübəsindən danışan ekspert deyir ki, Türkiyədə çox geniş tətbiq olunur, xüsusilə də İstanbul şəhərində “metrobus” deyilən sistem yaradılıb: “Bu sistemin hərəkət zolaqları girişlidir və orda yalnız xüsusi kartlarla sərnişinlər daxil olur. Daxil olduqdan sonra həmin zolaqların sağ və sol tərəfləri hasarlanmış vəziyyətdə olur. Və beləliklə, ora daxil olan nəqliyyat vasitəsinin çox sürətli və təminatlı hərəkətini qurmaq mümkün olur. Amma bu sistem şəhərlər öncədən salınan vaxt nəzərdə tutulduğu üçün heç bir problem yaranmayıb. Amma Bakı şəhərinin hər yerində bunu tətbiq etmək mümkün deyil. Misal üçün, İnşaatçılar prospektində bunu qismən tətbiq etmək mümkündür. Lakin elə yerlər var ki, orda tətbiq etmək olmur. Çünki yolda iki zolaq varsa, bunlardan biri ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulsa və ümumi istifadə üçün bir zolağın qalması digər tərəfdən də tıxacların yaranmasına səbəb olacaq”.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, bizim prospektlərdə nəqliyyatın hərəkətinə bir qədər qeyri-qənaətcil yanaşma oldu: “Belə ki, prospektlərin sağ və sol tərəflərində vaxtilə iri və xırda ticarət mərkəzlərinə torpaqların satışını təşkil etdilər, orda obyektlər tikildi, insanlar işlə məşğul olur. Həmçinin işıqlanma sistemini yalnız prospektin orta hissəsində qurublar, bu da bardyorlarla əhatə olunub. Həmin işıqlanma sistemi az qala, bir nəqliyyatın hərəkət edəcəyi bir zolağı zəbt etmiş vəziyyətdədir ”.
Bu istiqamətdə problemlərin çox olduğunu nəzərə çatdıran İ.Hüseynli bildirir ki, bu problemlərin həlli üçün vaxtı ilə əlimizdə olan imkanları buraxdıq: “Vaxtilə Bakı şəhərinin içərisində tramvay və trolleybuslar hərəkət edirdi. Bu yollar tamamilə söküldü, yerinə bardyorlar quruldu. Hansı ki o tramvaylar hım ekoloji cəhətdən Bakı şəhərinə lazım olan nəqliyyat növü idi, həm də sərnişinlərin vaxtında mənzil başına çatdırılmasını təmin edirdi. 2018-2020-ci il üçün yol-nəqliyyat infrastrukturu ilə bağlı Dövlət Proqramında tramvay yollarının bərpası ilə bağlı məsələlər də nəzərdə tutulub. Əgər bunu etmək mümkün olacaqsa, təbii ki bunun öncədən maliyyə və xərcləri hesablanacaq. Bu mənada götürsək, ictimai nəqliyyat üçün xüsusi zolaqların yaradılması, şəxsi nəqliyyat vasitələrinin ora girişinin qaydasını tətbiq etməklə bu prosesin həyata keçirilməsi özü-özlüyündə çox yaxşı bir haldır. Amma burda texniki cəhətdən, prospektlərin imkanlarının buna cavab verib-verməyəcəyi, söküntü işlərinin yenidən aparılacağı məsələlərini nəzərə alsaq xeyli problemlidir ”.
Könül Oruc