Həyat insana bir dəfə verilir – Kamran Əliyev piyadalara səsləndi
Son vaxtlar elə gün olmur ki, respublika ərazisində piyadaların vurulması ilə əlaqədar bir dənə də olsun qəza hadisəsi qeydə alınmasın. Lakin aparılan təhlillər göstərir ki, piyadaların vurulmasında təqsirkar təkcə sürücülər deyil, əksər hallarda məhz elə piyadaların özləri olurlar. Çünki çox nadir hallarda keçiddə piyada vurulur. İnsanlar adətən işə, dərsə gedərkən gündəlik gedib-gəldikləri küçələrdə, yollarda, xüsusilə də işlədikləri, təhsil aldıqları müəssisələrin yerləşdiyi ərazilərin ətrafında qəzaya uğrayırlar.
Əlbəttə, belə qəzaların qarşısının alınması üçün çox istərdik ki, əmək, təhsil müəssisələrinin rəhbərləri öz işçilərinin, tələbələrinin, şagirdlərinin necə gedib-gəlmələri ilə maraqlansın, rəhbəri olduğu qurumun yerləşdiyi ərazidə hərəkətin təşkili ilə bağlı təkliflər irəli sürsün, lazım gələrsə hətta qaydaları pozan işçiyə qarşı intizam qaydasında tədbir görsün, ən başlıcası isə bu sahədə mütəmadi olaraq əməkdaşlarla maarifləndirmə işləri aparılmalıdır.Amma təəssüflər olsun ki, bu cür həyati vacib məsələlərə çox az sayda müəssisə rəhbəri diqqət yetirir. Son nəticədə isə bir insanın həyatına son qoyulur, bir ailə, bir nəsil doğmasını, evə qazanc gətirənini, təşkilatlar yaxşı əməkdaşını, təhsil müəssisələri isə gələcəkdə cəmiyyətə xeyir verə biləcək qiymətli bir mütəxəssisini, şəxsiyyəti itirir.
Piyadavurma hadisələrinin qarşısının alınması məqsədilə görülən işlərdən biri də inzibati təsir metodudur. Lakin bəzən elə piyadalara rast gəlinir ki, qayda pozuntusuna görə məsuliyyətə cəlb edildikdə öz canı, öz həyatı ilə risk etdiyini əsas gətirərək belə təsir metodunun düzgün olmadığını bildirir. Nəzərə almır ki, onun bu hərəkəti təkcə özünün deyil, başqalarının da həyatı üçün böyük təhlükədir. Yəni qaydanı pozaraq müəyyən olunmayan yerdən yolu keçməyə cəhd edərkən onu vurmamaq üçün avtomobil yoldan çıxıb aşa, maneəyə çırpıla, digər nəqliyyat vasitəsi ilə toqquşa bilər. Və bu qəzalardan hər birində təqsirsiz bir şəxs həlak ola, yaxud, ağır xəsarətlər ala bilər. Belə hadisələrin dəfələrlə şahidi olmuşuq.
Çox əfsuslar olsun ki, piyadalarımızın əksəriyyəti bunları düşünmür, ya da qəzadan sonra düşünməyə başlayır və bu peşimançılığın artıq nə özünə, nə başqasına xeyri olur. Bunları düşünmək, nəzərə almaq üçün mütləq hadisə ilə üzləşməkmi lazımdır? Hər gün mətbuatda yol qəzaları barədə ağrılı-acılı, kədər dolu məlumatlar nəticə çıxarmaq üçün yetərli deyilmi?
Odur ki, hörmətli piyadalarımız, acı nəticələrə səbəb ola biləcək yol qəzalarının baş verməməsi üçün bir daha sizləri yol hərəkəti qayalrına ciddi riayət etməyə çağırır, öz həyatınızın təhlükəsizliyinin təmin olunmasının məhz öz əllərinizdə olmasını xatırladaraq bu haqda ciddi düşünməyi tövsiyə edirik. Həyat insana bir dəfə verilir.
Kamran Əliyev,
DİN BDYPİ-nin şöbə rəisi,
polis polkovniki