Hökumət varlılar üçün yol çəkir
“Azəravtoyol” ASC-nin Azərbaycanda bəzi yolların ödənişli olması barədə xəbər vermişdik. Məlumata əsasən 2017-ci ildə tikintisi başa çatacaq Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olması ilə bağlı Nazirlər Kabinetinə təkliflər verilib. Ödənişlər əsasında sərf edilən vəsaitin büdcəyə qaytarılması planlaşdırılır. Eləcə də, Şamaxı-Quba yolunun tikintisi üçün investorlar cəlb olunsa, həmin yolun gələcəkdə ödənişli olması gözlənilir. Yanacaq sərfiyyatı və vaxta qənaət baxımından 1 kilometr üçün təxminən, 3-4 qəpik ödəniş hesablanıb. Məlumat üçün bildirək ki, şəhərin mərkəzindəki yollarda həddən artıq yüklənmənin qarşısını almaq üçün ödənişli yol təcrübəsindən meqapolis şəhərlərdə tətbiq olunur. Bu baxımdan Bakıda da şəhərin mərkəzində tıxacları aradan qaldırmaq üçün pullu keçid təcrübəsinin tətbiqi hardasa qəbulolunandır. Bunu mərkəzdəki tıxaclarla mübarizənin bir üsulu kimi də görmək olar. Uzaq məsafə ödənişli yolun ödənişini də kifayət qədər artırır. Maraqlıdır, pullu yollar əhalinin gəlirlərinə adekvatdırmı?
Yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Cümhuriyət”ə bildirib ki, beynəlxalq yanaşmada ödənişli yolun alternativi də olur: “Əgər sürücü istəyirsə tez çatsın, daha lüks yolla hərəkət etsin, o zaman ödənişin edib pullu yoldan istifadə edir. Yəni seçim sürücünündür. Heç kimi sürücünü ödənişli yoldan istifadə etməyə məcbur etmir. Bu mexanizmi dünyanın bir çox ölkələrində xüsusən Avropada geniş tətbiq olunur. Bəzi ölkələr bu tip yollarda sürət məhdudiyyəti qoymur. Məsələn, Almaniyada pullu yolların əksəriyyətində sürət həddi yoxdur. Alman prinsipi budur ki, əgər pul alırıqsa, qarşılığında yaxşı xidmət göstərməliyik. Yoxsa, asfaltın qalınlığı 20-22 santimetr olmalıdırsa, hansısa dələduz yolçəkən bunu 18 sm edib, onu pullu yol adı ilə camaata sırıyırsa, bu, artıq vicdansızlıqdır. Yol infrastrukturunda hər santimetrin böyük əhəmiyyəti var. Bütün infrastruktur beynəlxalq standartlara cavab verməlidir, təhlükəsiz olmalıdır”.
Ekspertin qənaətincə, Azərbaycanda pullu yollara müəyyən sürət həddi qoyulacaq: “Amma bu yola müəyyən edilən qiymətlərlə razı deyiləm. Çünki o qiymət cəmiyyətimiz üçün real deyil. Hesablama apardıq ki, həmin yolu gedib-gəlmək yanacağın qiymətindən baha başa gəlir. Yəni 40 kilometr yolda yandırılan yanacağın dəyəri həmin yola ödəniləcək məbləğdən çox aşağıdır. Bu, normal deyil. Hər halda mütəxəssislər bunu nəzərə alacaq. Yatıb yuxuda hansısa rəqəmi görüb sabah bunu tətbiq etmək olmaz. Belə çıxır ki, bu yoldan ancaq imkanı olanlar, sürəti sevənlər istifadə edəcək. Kasıb təbəqə öz köhnə yolu ilə davam edəcək. Ödənişli yol bir layihədir. Əgər reallaşarsa, gələcəkdə başqa istiqamətlərə də tətbiq oluna bilər. Amma Sumqayıta bu cür yol çəkmək üçün şərait yoxdur. Çünki 20 Yanvar dairəsindən keçəndən sonra ticarət obyektləri, yaşayış məntəqələri salınıb. Hətta qanunla nəzərdə tutulan şərtlərə belə əməl olunmayıb. Yolun kənarı 10-12 metrə qədər boş olmalıdır, amma boş deyil. Bu cür layihələr Bakı və ətrafı üçün xülya olar”.
Elməddin Muradlı Bakıda şəhərin mərkəzində bir çox yolların pullu olmasına və o yolların alternativi olmamasına da diqqət çəkib: “Şəhərin mərkəzində “Qoşa Qala” qapısından daxil olmaq ödənişlidir. Dünyanın çox yerində şəhərin mərkəzinə avtomobillə daxil olmaq müəyyən ödənişlə həyata keçirilir. Amma o da var ki, həmin ərazidə daimi qeydiyyatda olan insanlar da yaşayır. Bəs onlar necə nəzərə alınmalıdır, buraxılış kartı verilməlidirmi? Ümumilikdə İçərişəhərə keçmək ödənişlidir. Bəs alternativ yol hanı? Qoşa Qala qapısının yanı pullu olarsa gərək sürücü Bəşir Səfəroğlu küçəsindən fırlanıb Bakı Ağır Cinayətlər Məhkəməsinin yanından Səməd Vurğun küçəsinə oradan da Neftçilər prospektinə gəlməlidir. Bu, vaxt itkisidir. Amma xaricdə belə deyil. Pullu yolun həcmindən bir qədər artıq alternativ yolu var. Hesab edirəm ki, magistral yollara tətbiq edilən qiymətlər əhalinin gəlirinə, yaşayış səviyyəsinə uyğun olmalıdır”.