“Hyundai” və “KİA” servislərindəki fırıldaq

Yazarlar 24 Yanvar 2019 21:07 Oxunub 7944
“Hyundai” və “KİA” servislərindəki fırıldaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“İşdi-şayət, bir nasazlıq çıxarsa, onu düzəltsələr, xərc 500 manat olacaq”

Avtomobil servislərində sürücülərin aldadılması son illərdə adi hala çevrilib. Xüsusilə rəsmi servislərdə bu hal ifrat həddədir. Maşının çalışma mexanizmlərindən, detallarının dəyişməyə ehtiyacı olub-olmamasından kifayət qədər məlumatlı olmayan avtomobil sahibləri açıq-aşkar aldadılır.

Avtosfer.az Musavat.com-a istinadən bildirir ki, sürücü maşında hansısa xırda nasazlıq hiss etdikdə, yaxud cari yağdəyişmə zamanı onun avtomobilinə “vahiməli” diaqnoz qoyulur. Hansısa bahalı bir detalın dəyişməsinin zəruriliyi, əks halda, 5 qat ziyana düşdüyü deyilir. Hansı ki, əslində həmin detalın dəyişməsinə ehtiyac olmur, sadəcə, xırda bir təmir, təmizləmə, sistem yuyulması ilə həyata keçirilməklə düzələcək problemi həyata keçirmək əvəzinə, qəsdən bahalı bir detal dəyişdirilir. Son illərdə belə süni ajiotajı “Hyundai” və “KİA”-nın rəsmi servislərində müxtəlif detallar üzərində yaradırlar. Bununla bağlı son vaxtlarda şikayətlər çoxalıb və əməkdaşımız apardığı müşahidələr və araşdırmalar zamanı böyük bir fırıldaq kampaniyasının izinə düşüb…

Bir neçə il öncə adıçəkilən servislərə yağdəyişməyə, yaxud da cari texniki baxışa gedən sürücünü avtomobilinin sürətlər qutusunda guya böyük problem aşkarlandığını deyərək, təşvişə salırdılar. Bəzi sürücülərə sürətlər qutusunun elektron platasının – “beyninin” zədələndiyini, digərlərinə “satolit” adlanan detalın sıradan çıxdığını deyərək, vahiməyə salırdılar. Həmin detalların da qiyməti maşının markasından asılı olaraq, 300-500 manat civarında dəyişir. Diaqnostika edib maşın sahibinə deyirdilər ki, əgər bu detal dərhal dəyişməsə, 3-5 günə sürətlər qutusu dağılacaq və 2-3 min manat arası ziyana düşəcək. Sürücü də məcbur qalaraq, daha az xərcə düşmək üçün qeyd edilən detalları alıb, guya canını qurtarmış olurdu. Hansı ki, əslində həmin detallar 90 faiz hallarda tam işlək vəziyyətdə olurdu, başı çıxmayan sürücülərə hansısa bir yeri göstərib, “bax, bu sıradan çıxıb, tam zamanında sökdük, yoxsa ”koropka” gedirdi işinə, azı 2 min qabaqsan” deyib, onları guya sevindirirdilər. Bir müddət sonra isə adi servislərdəki vicdanlı ustalar bunun bir fırıldaq olduğunu aşkarladılar. Sürətlər qutusunun tezliklə dağılacağı diaqnozu qoyulan, sürücüsünü aldatmaq mümkün olmayan və yalançı təmirdən vaz keçən avtomobillər illərlə normal çalışıb. Bundan sonra sürətlər qutusu ajiotajı səngimişdi.

Daha sonra servislərdə süni yanacaq nasosu ajiotajı yaradılmışdı və bir qədər sonra bu da ifşa edildi.

İndi isə “Hyundai” və “KİA” servislərində mühərrikin yağ nasosu ilə bağlı böyük bir ajiotaj yaradılıb. Yağlamaya və ya cari texniki baxışa gedən sürücülərə deyirlər ki, bəs yağ nasosu təcili dəyişməlidir, hər an “əldən qoya” və getdiyin yerdə mühərrik dağıla bilər. Bəllidir ki, “Hyundai” və “KİA” avtomobillərinin mühərrikinin detalları, təmiri, yığılması hədsiz bahadır. Yeni model maşınlarda markasından asılı olaraq, əsaslı motor yığılması zamanı xərc hətta 5-6 min manata da yüksələ bilir. Beləliklə, maşın sahiblərinə “izah edilir” ki, yağ nasosu dəyişməsə, tezliklə mühərrik yığdırmalı olacaqsan. Yağ nasosu isə heç də ucuz deyil, maşının markasından, ilindən asılı olaraq 400-1500 manat arasında dəyişir. Yalan məlumatla təşvişə salınan sürücü isə mühərrik yığdırmaqdansa yağ nasosu dəyişməyin 3-5 qat ucuz olduğu qənaətinə gəlir və nəticədə servis fırıldaqçılıqla ona yeni yağ nasosu satır.

Bu şəkildə təşvişə salınmış bir sürücünün dedikləri: “”Hyundai”nin rəsmi servisində mənə dedilər ki, təcili yağ nasosu dəyişdirilməlidir. Mənim maşınım üçün olan nasosun da qiyməti 1500 manatdan bahadır. Paralel olaraq təklif etdilər ki, əgər bunu almağa gücüm çatmırsa, ən azı açıb üstündə olan yağ nasosunu yumalı, təmir etməlidirlər, bunun üçün də 200 manat ödənməlidir. İşdi-şayət, bir nasazlıq çıxarsa, onu düzəltsələr, xərc 500 manat olacaq. Mən 20 ildən çoxdur maşın sürürəm və avtomobilin işləmə mexanizmindən, motorun hansı halda vura biləcəyindən, yağ nasosunun funksiyasından az-çox məlumatlıyam. Həm də diqqətimi çəkdi ki, servisdəki bütün sürücülərə yağ nasosunun dəyişməsi tövsiyə edilir. Bunun süni ajiotaj olduğunu anlayıb, servisin küyünə getmədim. Amma məndə süni şəkildə yaratdıqları narahatlığın tam aradan qalxması üçün adi bir motoristlə məsləhətləşdim. Həmin şəxs bildirdi ki, bu bir uydurmadır, yağ nasosu işləməyəndə salonda nasazlığı göstərən qırmızı işıq yanır, bu zaman sürücü, sadəcə, mühərrikin işini dayandırılmalıdır. Bunadək yağ nasosunun artıq sıradan çıxdığını iddia etmək gülüncdür. Ən çoxu maşına keyfiyyətsiz, standarta uyğun olmayan yağ tökülərsə, yağ nasosunun kəfkirində kirəc, zir-zibil yığıla bilər, yalnız onu təmizləmək lazımdır, adi servislərdə biz bu işi 50-70 manata görürük. Yaxud da keyfiyyətsiz yağ səbəbindən nasos onu normal təzyiqlə vurmaya, yaxud hansısa “salniki”, “manjeti” sıradan çıxa bilər, onu da çox asanlıqla dəyişmək olur. Buna görə yeni nasos almağa ehtiyac yoxdur. Ola bilsin ki, rəsmi servislərin işləri yaxşı getmir, bu dəfə kütləvi yağ nasosu satıb qazanmağa cəhd edirlər”.

Bu usta məsləhət görüb ki, rəsmi servislərdə yalnız avtomobilin qarantiyalı dövründə maşınları təmir etdirsinlər. Qarantiya müddəti bitdikdən sonra isə servislər sürücüləri rəsmən soyur. Bu səbəbdən maşın sahiblərinə az xərcə düşmələri üçün adi sexlərdə çalışan vicdanlı, peşəkar usta tapmaları tövsiyə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh