İctimai nəqliyyat pulsuz ola bilərmi? – “Başqa ölkələrlə bizi müqayisə etmək düz deyil”
Sosial şəbəkələrdə Lüksemburqda 2020-ci ilin martın 1-dən etibarən bütün ictimai nəqliyyat vasitələrinin ödənişsiz olması ilə bağlı edilən paylaşım marağa səbəb olub. Belə ki, sözügedən ölkədə avtobus, tramvay və şəhərətrafı elektrik qatarlarından istifadə pulsuzdur. İctimai nəqliyyat vasitələrinin əhaliyə ödənişsiz rejimdə xidmət göstərməsi üçün Lüksemburq hökuməti hər il büdcədən 41 milyon avro ayırır.
Bəs maraqlıdır, Azərbaycanda da bu qaydanı tətbiq etmək mümkündürmü?
Bizim.Media mövzu ilə bağlı ekspert və deputatların fikirlərini öyrənib.
Milli Məclisin deputatı Fəzail Ağamalı məsələyə belə yanaşıb: “Avtobuslar özəl şirkətlərindir. Dövlət həmin şirkətlərdən gediş haqqının pulsuz olmasını tələb edə bilməz. Belə olduğu təqdirdə, dövlət həmin şirkətə pul ödəməlidir. Lüksemburqla bağlı təcrübəni öyrənib, maraqlanıb, təhlil edəndən sonra bu məsələni müzakirəyə çıxarmaq olar”.
Deputat Hikmət Babaoğlu isə təklifin reallıq payının yüksək olduğunu deyib: “Azərbaycan sosial dövlətdir. Bütün hallarda Azərban dövlətinin diqqət mərkəzində əhalinin rifahı dayanır. Bunun üçün isə onların şəhərdaxili, şəhərlərlərarası səfərləri ilə bağlı nəqliyyatın komfortu və daha ucuz olması üçün addımlar atılır.
İctimai nəqliyyatın pulsuz olması mümkün ola bilər. Niyə olmasın?! Nəticə etibarilə, Azərbaycan vətəndaşları hər cür rahatlığa layiqdirlər. Ancaq biz indiki mərhələni keçməliyik, daha sonra güzəştli şərtlərlə nəqliyyat daşımalarının həyata keçirilməsi üçün perspektiv yaranacaq”.
“Lüksemburqla Bakı şəhərini eyniləşdirməyimiz doğru olmaz”
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hər bir ölkədə ictimai nəqliyyatın təşkili onun iqtisadi vəziyyəti ilə mütənasib olur: “Lüksemburqla Bakı şəhərini eyniləşdirməyimiz doğru olmaz. Lakin Bakı paytaxt və iri sənaye şəhəridir. Burada əhali sayı çoxdur. Azərbaycanın iqtisadiyyatının böyük hissəsini Bakı şəhəri təşkil edir. Bu baxımdan Bakıda ictimai nəqliyyat çox keyfiyyətli və təhlükəsiz olmalıdır. Vaxtilə çox inkişaf etmiş ictimai nəqliyyatı olan Bakı bu gün sözügedən istiqamətdə əziyyət çəkir. Əvvəllər Bakı şəhərində tramvay, trolleybus, avtobuslar, marşrut taksisi və metro fəaliyyət göstərirdi. Vətəndaşların bir nöqtədən digərinə daşınması vaxtında həyata keçirilirdi. Müəyyən bir mərhələdən sonra niyəsə tramvaylar, trolleybuslar yığışdırıldı.
Beləliklə, ictimai nəqliyyatın şaxələnməsinin, inkişaf etməsinin şahidi olmadıq və prosesdən geri qaldıq. Bu gün də Bakıda biz bunun əziyyətini çəkirik.
Lüksemburq təcrübəsini Estoniyanın paytaxtı Tallin şəhərində də müşahidə etmişdim. Bu addım öz effektini verirdi.
Metro və avtobusdan başqa bir alternativ də yoxdur
Bakıda isə saatlarla dayanacaqda avtobus gözləyirik. Yaxud da stansiyalarda dəqiqələrlə metro gözləyirik. Nə yaxşı ki, taksilər dadımıza çatır. Müdaxilə olmadan beynəlxalq taksi şirkətlərinin Azərbaycanda qurduğu sistem tələb-təklif əsasında formalaşır.
Taksi fəaliyyəti də olmasa, çox güman ki, vətəndaşlarımız nə işə gedə biləcəkdilər, nə də işdən gələ biləcəkdilər.
Tıxacların azalmasını, əhalinin rahatlığını təmin etmək üçün ictimai nəqliyyatı şaxələndirmək lazımdır. Marşruta buraxılan metro qatarlarının və avtobusların sayı artırılmalıdır. Belə olan halda fərdi avtomobillərdən istifadə aza bilər”.