İctimai nəqliyyatda tibbi maska tələbi: Əməl edən də var, etməyən də…

Yazarlar 21 İyun 2021 18:38 Oxunub 1638
İctimai nəqliyyatda tibbi maska tələbi: Əməl edən də var, etməyən də…
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Koronavirus pandemiyasından qorunma tədbirləri sırasında önəmli yer tutan tibbi maskalar və onlardan düzgün istifadə haqqında danışacağıq. Mövzu nə qədər sadə olsa da, həlli  hamımız tərəfindən tam yerinə yetirilmədiyi müddətcə aktual və problem qalmaqda davam edəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində əhalini sevindirən qərarlardan biri də açıq havada tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələbin ləğv olunması idi. Altından qalın xətlərlə təkrar keçmək istədiyim məqam budur- açıq havada tibbi maskadan istifadə məcburi deyil. Yəni, qapalı məkanlarda, insanların kütləvi  toplaşdığı ictimai yerlərdə tibbi maskadan istifadə hələ də məcburidir. Tibbi maskadan istifadənin zəruri olduğu belə yerlərdən biri də ictimai nəqliyyat vasitələridir. Hər nə qədər isti olsa da, hər birimiz virusun aramızda dolaşmağa davam etdiyi bu dönəmdə mütləq şəkildə  qoruyucu maskalardan istifadə etməliyik. Nə yumşalma tədbirləri, nə də kəskin şəkildə  azalan yoluxma sayın arxayınçılıq üçün heç bir əsas verməməlidir.

Elə yanaşmalıyıq ki, növbəti dəfə artım olmasın və sərt karantinə getməyək

Tibb üzrə fəlsəfə doktoru , həkim-infeksionist Vüqar Cavadzadə söylədi ki, insanlarda hədsiz dərəcə arxayınçılıq müşahidə olunur: “Sanki, koronavirus infeksiyası yox olub. Bu xəstəlik barədə də artıq düşünməyə ehtiyac yoxmuş kimi fikirlər yaranıb. Qapalı məkanlarda da insanlar maskasız gəzməyə başlayıb. Son günlər bir çox qapalı məkanda vətəndaşlarıbn maskadan istifadə etmədiyini müşahidə edirəm. Eyni zamanda, avtobuslara da insanların bir hissəsi ya maskasız minir, ya da maskanı düzgün taxmır. Hesab edirəm ki, bunlara nəzarət lazımdır və insanlar anlamalıdır ki, məsuliyyətsizlik nəticəsində bir neçə dəfə koronavirusa yoluxma sayı artıb və buna görə sərt karantin tədbirləri tətbiq edilib. Elə etməliyik ki, növbəti dəfə artım olmasın və sərt karantinə getməyək. Çünki insanlar sərt karantin olan zaman da etiraz edirlər, maskadan istifadə etdikdə də etiraz edirlər. Digər tərəfdən də  qaydalara riayət etməyərək vəziyyəti bir az da qəlizləşdirirlər.“

İctimai  qınaq: Maskasız insan görəndə ona irad bildirilməli və maskadan istifadə etməsi tələb edilməlidir

Həmsöhbətimiz ictimai nəqliyyat vasitələrində  tibbi maskadan istifadə məsələsindən də söz açdı: “Əgər avtobusda hər hansı bir virus daşıyıcısı varsa və o maskasızdırsa,  orada olan digər sərnişinlər təhlükə qarşısındadır. Nəzərə alsaq ki, avtobusda hər dayanacaqdan insanlar mini-düşür, bu da yoluxmanın daha çox yayılmasına səbəb ola bilər. İnsanlar özləri anlamalıdır ki, qapalı məkanda maskasız gəzmək insanların həm özləri, həm də ətrafındakılar üçün təhlükəlidir. Digər bir tərəfdən də ictimai qınaq olmalıdır. İctimai nəqliyyatda maskadan istifadə edən şəxslər maskasız insan görəndə onlara iradını bildirməli və maskadan istifadə etməsini ni tələb etməlidirlər.”

Bəzi avtobuslarda kondisioner sistemi yoxdu, havalar isti keçir və belə olduqda insanlar maskadan istifadə edə bilmirlər

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə  qeyd etdi ki, ictimai nəqliyyatda maskadan istifadə Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qayda və tələbdir: “Bu yalnız hansısa bir formada nəzarət altında həyata keçirilə bilər. Çünki insanlar nəzarət  və inzibatçılıq olmadan bunu etmək istəmirlər. Zaman-zaman yol polisləri və polisin digər strukturları reydlər və maarifləndirmə tədbirləri keçirirlər. Amma bəzən reallıqları da nəzərə almaq məcburiyyətindəyik . Təəssüf ki, bəzi avtobuslarda kondisioner sistemi yoxdu, havalar isti keçir və belə olduqda insanlar tibbi maskadan avtobusda istifadə edə bilmirlər. Yaşlı insanlar, xəstəliyi olanlar üçün bu vəziyyət çətinlik yaradır. İnsanlar normal nəfəs almalıdır. Lakin görürük ki, bəzi avtobuslarda bu, mümkün olmur. Mümkün qədər vətəndaşlar ehtiyatlı olmalıdırlar və düşünürəm ki, hər bir halda pandemiya dövründə yoluxmaların daha çox baş verdiyi, insanların da narahat olduğu bir məkan  var ki, o da ictimai nəqliyyatdır. Xüsusən sıxlıq zamanı bu, daha da  pis effekt verir.”

Bəs, sərnişinlər ictimai nəqliyytada tibbi maskadan istifadə ilə bağlı nə düşünürlər?

Günel Hacıyeva  bildirib ki, açıq havada maska taxmamağımız yaxşıdır: "Amma, insanların sıx olduğu bu cür yerlərdə tibbi maskalardan istifadə daha məqsədəuyğundur. Sağlamlığımız üçün olan başlıca zərurətdir. Təkcə COVID-19-la yox, ümumi qrip, vərəm infeksiyalarına yoluxma riskinə görə tibbi maskadan mütləq istifadə etməliyik.

Rasim Mikayılov da qeyd edib ki, tibbi maskadan nə qədər istifadə etsək, bir o qədər yaxşıdır: "Məhz bununla pandemiyanın axırına çıxıb, koronavirusa qalib gələ bilərik. Fikrimcə, qapalı məkanlarda tibbi maskadan istifadə vacibdir".

Gülxar Abdullayeva vurğulayıb ki, əvvəllər bəzi sərnişinlər maska taxmaq istəməsə də, indi vəziyyət daha yaxşıdır: "Artıq insanlar qapalı məkanlarda tibbi maskadan istifadənin vacib olduğunu qəbul edirlər. Əslində, belə də olmalıdır. Hər kəs tibbi maskadan istifadə etməlidir".

Yeganə Nəbiyeva isə bildirib ki, maska insanları xəstəlikdən və virusdan qoruyur: "Sosial məsafəni nə qədər qorusaq, maska taxsaq bizim üçün o qədər xeyirlidir. Hər kəs istəyər ki, virus tezliklə bitsin, daha maskadan istifadə  etməyək. Amma vəziyyət bunu tələb edir. Pandemiya ilə mübarizə  dönəmindəyik.  Ona görə tələblərə əməl etməliyik."

Avtobus sürücüləri sərnişinlərin tibbi maskadan istifadə qaydasıma əməl etməsindən razıdırlarmı?

Sürücü Eldar İsgəndərov qeyd etdi ki, sərnişinlərdən avtobusa minəndə maskadan istifadə etməyi tələb edirlər: “Kimsə maskasız minirsə, biz avtobusu sürmürük. Bizə belə tapşırıq verilib.  Avtobusa daxil olduqdan sonra kimsə maskanı çıxarırsa, bunu səfər müddətində polislər aşkarlayır və müvafiq cərimələr yazırlar. Açıq havada maska tələbi olduqda sərnişinlər maskalı olurdu və bu məsələ elə də problem olmurdu.  İndi isə hər dəfə sərniinlərə deyirik ki, maskanızı taxın. Bəzən aqressiv sərnişinlər tərəfindən  narazı reaksiya ilə qarşılaşırıq. Bəziləri isə tibbi maskadan istifadə etməmələrini səhhətləri ilə bağlayırlar. Belə olduqda biz müvafiq qurumlara bu haqda  məlumat veririk. Çalışırıq ki, avtobusla maskasız sərnişin daşımayaq.”

Sürücü Rizvan Nəzərov isə bildirdi ki, sərnişinlərin tibbi maskadan istifadə səviyyəsində razıdır: “Xəbərdarlıq edəndə, tibbi maskalarını taxırlar.”

Elşad Hacıyev: Polis vətəndaşın cərimələnməsində maraqlı deyil, qaydalara əməl etsinlər

 

Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “İki sahil”ə açıqlamasında bildirdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada tibbi maskadan istifadə ilə bağlı qərarı ləğv olunsa da, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maskadan istifadə ilə bağlı qərar qüvvədədir. Yəni, birmənalı şəkildə qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatdan istifadə edən şəxslər tibbi maska taxmalıdırlar.

E.Hacıyev bildirib ki, bu qaydalara əməl etməyən şəxslər qanunvericiliyə uyğun olaraq barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir: “Polis tərəfindən bütün respublika ərazisində qapalı məkanlarda, paytaxt və regionlarda ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı, eləcə də düzgün  istifadə ilə bağlı gücləndirilmiş qaydada  da nəzarət-profilaktik  tədbirlər həyata keçirilir ki, pandemiya şəraitində vətəndaşlar sadə qaydaya əməl etsinlər. Nə qədər ki, pandemiya şəraitində yaşayırıq, koronavirus riski  olan yerlərdə hər bir şəxs tibbi maskadan istifadə etməlidir. Hər kəs nəzərə almalıdır ki , tibbi maskadan istifadə etməklə özünü, yaxınlarını, əzizlərini,  digər şəxsləri koronavirus infeksiyasından qorumuş olur. Vətəndaşlarımız qapalı yerlərdə , ictimai nəqliyyatda tibbi maskadan  mütləq qaydada istifadə etməlidirlər. Bu tədbirləri həyata keçirən polis  heç bir halda vətəndaşın cərimələnməsində, inzibati  tənbeh tədbiri görməkdə  maraqlı deyil. Bizim yalnız bir məqsədimiz var ki, vətəndaşlarımız bu qaydalara ciddi şəkildə əməl etsinlər. Bu tədbirlərin keçirilməsində əsas məqsəd birmənalı olaraq profilaktik əhəmiyyət daşıyır. Tövsiyə edirik ki, vətəndaşlarımız ictimai nəqliyyatda tibbi maskadan istifadə etsinlər. Əvvəlki dövrə nisbətən nəzarət-profilaktik tədbirləri gücləndirildikdən sonra  vəziyyət yaxşıya doğru dəyişsə də, hələ əd bəzi vətəndaşlarımızın tibbi maskadan istifadə etməməsi hallarına rast gəlinir.Yerində olaraq aradan qaldırılmaqla həmin şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. İndiki şəraitdə hər birimizdən məsuliyyətli olmaq və bu qaydalara əməl etmək tələb olunur.”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh