Reklam

"İnsanların taleyini cığıra bənzəyən bir yolun ümidinə qoyublar" - Ekspert Bakının tıxacdan qurtuluş yolunu GÖSTƏRDİ

Yazarlar 5 Oktyabr 2023 15:44 Oxunub 630
"İnsanların taleyini cığıra bənzəyən bir yolun ümidinə qoyublar" - Ekspert Bakının tıxacdan qurtuluş yolunu GÖSTƏRDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlum olduğu kimi, Bakının tıxac problemi hələ də həll olunmamaqdadır. İstər şəhərin mərkəzi küçələrində, istərsə də digər küçələrdə günün hər saatında addımbaşı tıxacla üzləşirsən. Xüsusilə də Bakı-Sumqayıt yolundakı tıxac artıq hər kəsin əsəblərini tarıma çəkib. 

Qeyd edək ki, keçən il oktyabrın 14-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib. Tapşırığa əsasən tıxac problemi ilə bağlı Tədbirlər planı hazırlanıb. Lakin hələ də ciddi işlər görülmür.

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, Bakı-Sumqayıt yolu ilə bağlı biz dəfələrlə təkliflər verilib.

Onun sözlərinə görə, təxminən bir neçə il əvvəl Xırdalan dairəsində tunellərin sayı genişləndirilərkən həmin istiqamətdə heç olmasa problemin birini həll etmək olardı:

"Yəni axşam Sumqayıt istiqamətinə gedənlər saatlarla tıxacda qalmazdı. Bu da ondan ibarət idi ki, Xırdalan dairəsində, Koroğlu metrosunun üzərində mövcud olan asma körpü modelinin kiçik bir variantını Xırdalan dairəsində tətbiq eləsinlər. Xırdalan dairəsində tunelə giriş-çıxış edə bilərdilər. Tuneldən Xırdalan dairəsinə çıxmaq və yaxud da Xırdalan şəhərinə istiqamətlənmək, yaxud da dairənin üzərindən körpü vasitəsilə, yəni dairədə hərəkət edən nəqliyyat vasitələrini gözləmədən qalxıb sola, Xırdalan şəhərinə getmək olardı. Yaxud da Baş Dövlət Yol Polisi istiqamətində Xırdalan dairəsinə girib, gözləmədən tunel vasitəsilə və yaxud asma körpü vasitəsilə hərəkət etmək olardı. Biz bu təklifləri verdik və aidiyyatı qurumlar tez-bazar işi həll edib bitirmək üçün başqa bir modelə, yəni sadə bir modelə üstünlük verdilər. Tuneldə iki zolağı genişləndirdilər və əlavə olaraq da heç bir iş görülmədi. Yəni müasir standartlara uyğun bir iş görülmədi. Tunelin iki zolağı artırıldı və bununla da iş bitmiş sayıldı. İndi həmin istiqamətdə hərəkət edən sürücülər özləri də görürlər. Xırdalan dairəsinə daxil olan nəqliyyat vasitələrinin sayı o qədər çox olur ki, sıxlıq yaranır. Çünki Xırdalan get-gedə böyüyür, artıq böyük bir şəhərə çevrilib. Şəhərin mərkəzindən köçürülən evlərin sakinləri adətən Xırdalanda gedib ev alır ki, bir az ucuz başa gəlsin, şəhərə yaxın olsun və s. Bu insanların taleyini cığıra bənzəyən bir yolun ümidinə qoydular. Bu, düzgün yanaşma deyildi. İndi bu problemi həll etmək üçün məcburdurlar ki, gələcəkdə bir dəfə də o körpünü söküb hansısa bir formada irəliləyişə nail olsunlar".

Ekspert dedi ki, onun dediyi model yəqin ki, tətbiq olunsa, çıxış yolu tapılacaq.

"Digər bir problem də üzü şəhər istiqamətindədir. Bu da səhər-səhər yaşanır. Bu problem şəhər istiqamətində də gəlir Şamaxinka adlanan ərazidə, tuneldə, 20 Yanvar dairəsidə baş verir. Biz bunun da çıxış yolunu təklif edirik ki, o körpü və tunel şaxələndirilsin. Yəni körpüyə qalxan nəqliyyat vasitələri körpünün üzərindən 3-cü mikrorayon dairəsi istiqamətinə düşə bilsin və yaxud da körpünün üzərindən Şərifzadə küçəsinə qalxa bilsin, Həsən bəy Zərdabi küçəsinə düşə bilsin, yəni 20 Yanvar dairəsini görmədən, daxil olmadan həmin istiqamətlərə hərəkət eləsin. Yəni məcbur deyil ki, bu insanlar mütləq şəhər istiqamətində hərəkət edəndə 20 Yanvar dairəsinə daxil olmalıdır, bu dairədəki sıxlığı yaşamalıdır, problemi mütləq yaşamalıdır, ordan keçməlidir. Yəni doğru bir yanaşma deyil. Çox təəssüf ki, keçən illərdə keçmiş Nəqliyyat Nazirliyi belə bir sistem tətbiq elədi və onun nəticəsində də indiki vəziyyət yaranıb, bu insanlar da əziyyət çəkirlər. Bax, yəni əsas problem budur. Problemi də bu işləri görməyə səlahiyyəti olan qurumlar yaradıb və indi də həll edə bilmirlər. Həll etmək üçün böyük vəsait lazım idi və bu vəsaitdən əlavə vaxt itkisi söhbəti var. Bu vaxt itkisi artıq orada iş görüləndə hesablanmalı idi. Bir də nə vaxtsa yenə aylarla yolu bağlamaq, hərəkəti dayandırmaq ehtiyacı yaranmazdı. Nə vaxtsa bu işlərə başlasalar da, yenə insanlar əziyyət çəkəcək. Aylarla, günlərlə gözləyəcəklər ki, orada iş bitsin, hərəkət tənzimlənsin", - deyə E.Muradlı qeyd etdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh