İçərişəhər tarixi qoruqdur, yoxsa avtomobil dayanacağı? - FOTO
Heç kəsə sirr deyil ki, getdikcə tarixi məkanlarımız, küçələrimiz, abidələrimiz məhv edilir. Bakıya gələn turistlərə göstərə biləcəyimiz bir-iki yer qalıb. Onlardan biri də İçərişəhərdir.
Gələn qonaqların qolundan tutub, apardığımız ilk yer elə buradır. Tarixi Qoşa qala qapısını, Qız qalasını, divarları, evləri göstərib, "Bura da bizim tariximizdir" deyə bilirik. Amma...
Məsələnin bir əmması var. Tarixi yer, tarixi küçə dedik, yaxşıdır. Bəs, bu küçələri rahat gəzmək olurmu? Mümkün deyil. Hər addımbaşı maşın siqnalı səni yoldan çıxarır. 2-3 küçə getdikdən sonra isə bu hal artıq dözülməz olur. Tarixi küçələrdə, yerə düzülmüş illərin daş piltələrinin üzərində gəzmək üçün insanlar başqa yerlərdən buraya yollanırlar.
Amma bəziləri bu küçələrdə sanki avtomobil yarışına çıxıbmış kimi sağa-sola şütüyürlər. Onsuz da ensiz olan küçələrin bir hissəsini də avtomobil dayanacağına çeviriblər. Bu hal Bakı sakinlərini yetərincə narahat edir. Redaksiyamıza müraciət edən sakinlər bu vəziyyətin dayandırılmasını istəyirlər.
Məsələ burasındadır ki, İçərişəhərdə yaşayan sakinlər avtomobillərin sayının minimuma endirmək istəyirlər. Amma özlərinin şəxsi maşınlarına hər hansı bir qadağa tətbiq edilməsini istəmirlər.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, müəyyənləşdirilmiş limitə görə, eyni anda İçərişəhər ərazisində 450 avtomobil hərəkət edə bilər. İçərişəhərə hər kəs daxil ola bilməz. Belə ki, İçərişəhərə daxil olmaq istəyən sürücülər mütləq ya bilet almalıdırlar, ya da xüsusi elektron kart sahibi olmalıdırlar.
Sürücünün əldə etdiyi biletdə avtomobilin nömrəsi, giriş vaxtı və vaxtın qiyməti göstərilir. Sürücü ilk saat üçün 2 manat, sonrakı hər bir saat üçün isə 1 manat ödəməlidir.
Elektron kartlar isə iki cür olur, ödənişli və ödənişsiz... Ödənişsiz kartlar İçərişəhərin daimi sakinlərinə verilib. Belə kart almaq üçün avtomobilin texniki pasportundakı məlumatlarla şəxsiyyət vəsiqəsindəki məlumatlar üst-üstə düşməlidir.
Yəni, avtomobil öz adına olmalıdır. Etibarnamə əsasında avtomobil almış İçərişəhər sakinləri belə, ödənişsiz kart ala bilmirlər. Qaydaya görə, isə hər bir ailəyə 2 ödənişsiz kart verilə bilər. Ödənişli kartları isə əsasən İçərişəhərdə işləyənlər əldə edirlər.
Qısası, ortada böyük məbləğ yoxdur. Bu məbləğə görə İçərişəhəri avtomobil dayanacağına, "Formula" yarışlarına çevirməyə dəyərmi? Səfirliklər, restoranlar, otellər, şirkətlərin ofisləri, çay evləri və bu kimi obyektlərin İçərişəhərdə sayı-hesabı yoxdur. Bunların hər birinə xüsusi vəsiqə verilir. Burada yaşayan sakinlərin də maşınlarını hesablayanda İçərişəhər böyük bir avtomobil dayanacağına bənzəyir.
Bakı sakini olan Rafiq Fərzəliyev deyir ki, ümumiyyətlə, İçərişəhərə avtomobil girişini qadağan etmək lazımdır: "Bura bizim tariximizdir. Mən bir tarixçi olaraq daş piltələrin üzərində, qədim qalanın dibində maşın görəndə əsəbiləşirəm. Səfirlik binalarını da buraya gətiriblər. Səfirliyin tarixi yerdə nə işi var? Özləri üçün bir küçə zəbt ediblər. Otellər qapı önünü zəbt edib, parkinq ediblər. Ümumiyyətlə, İçərişəhərə niyə avtomobillə girilməlidir? Saxlasınlar bayırda, piyada getsinlər evlərinə, iş yerlərinə... Onsuz da sakinlərin yaşadıqları evlərin küçələri dar olur. Ora hansısa maşın keçə bilməz. Yəni yolu piyada getməli olurlar. Deməli, hər şeyi sakinlərin boynuna atmaq olmaz. Tariximizi qorumaq üçün əsrlər öncə qanlar tökülüb. İndi kimsə 5 addım piyada getmək istəmir".
İçərişəhərdə yaşayan Abbas Dadaşov isə məsələyə fərqli cəhətdən yanaşdı: "Evinə ağır yük aparan və yük gətirən var. Yaşlı adamlar var ki, övladları maşınla gətirməsə, evinə çata bilməz. Amma bunların da sayı elə də çox deyil. Burada bahalı maşınlarla dolaşanların heç biri İçərişəhər sakini deyil. Hə, bəziləri burada kiminsə evini alıb, özünə imarət düzəltdirə bilər. Amma o, bizim üçün İçərişəhər sakini sayılmır. Bura sırf sakinlərin maşınlarını buraxsalar, belə vəziyyət yaranmaz. Sakinləri belə qruplara bölmək olar. Bəzilərinə vəsiqə versinlər, bəzilərinə yox... Onu artıq qoruq etməlidir. Əsas odur ki, narazılıq yaratmadan, sıxlıq olmadan məsələni həll etsinlər".
O küçələrdə bahalı maşınları ilə sağa-sola şütüyənlərin heç biri o küçələrin tarixi haqqında heç nə bilmirlər. Ona görə də, onlardan heç nə gözləməyə dəyməz. Deməli, iş dövlətin üzərinə düşür.