İctimai nəqliyyatda davranış qaydalarını aşılayan maarifləndirici tədbirlərə ehtiyac var

Yazarlar 28 Yanvar 2019 12:46 Oxunub 5704
İctimai nəqliyyatda davranış qaydalarını aşılayan maarifləndirici tədbirlərə ehtiyac var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əhməd Qəşəmoğlu: “Nəqliyyat vasitələrində davranış qaydalarına əməl olunmaması cəmiyyətimizə çox pis təsir göstərir” 

Gündəlik həyatımızda müxtəlif nəqliyyat vasitələrindən davamlı olaraq istifadə edirik. Bu nəqliyyat vasitələrindən biri də avtobuslardır.  Bəs avtobuslarda davranış qaydalarına necə əməl edilir? Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən nəqliyyat eksperti Azər Allahverənov bildirdi ki, ictimai nəqliyyatda hər bir sərnişinin əməl etməli olduğu müəyyən davranış qaydaları var: “Baku bus” avtobuslarına mindikdə sərnişinlər üçün səsli mesajlar verilir. Bu mesajlarda nəzakətli olun, özünüzdən böyüklərə hörmət edin və s. kimi fikirlər səsləndirilir. Amma bütövlükdə ictimai nəqliyyatda davranış qaydaları bütün insanlar üçün eyniyyət təşkil edir. Sadəcə olaraq ictimai nəqliyyatda elə davranış qaydaları var ki, onlara mütləq şəkildə əməl etmək lazımdır. Məsələn, ictimai  nəqliyyatda bir gənc çiynində iri çanta ilə avtobusa daxil olur və sərnişinlərə böyük problem yaradır. Bu hal bəzən böyük mübahisələrə belə səbəb ola bilir. Yaxud sərnişinlərdən biri digərinin ayağını tapdalayır, kiməsə toxunur, və ya tutacaqlardan tutmayan sərnişin digər sərnişinlərin üzərinə yıxılır. Bu kimi hadisələr sırf diqqətsizliklə bağlı məsələdir. Belə məsələlərdə sərnişinlər diqqətli olmalı və digər sərnişinləri narahat etməməyə çalışmalıdırlar”.  

Ekspert onu da bildirdi ki, eyni zamanda davranış qaydalarına həm mədəni, həm də mənəvi baxımdan riayət edilməlidir: “Nəzakətli olmaq, aqressiv olmamaq, insanlara və özündən böyüklərə hörmət etmək lazımdır. Məsələn, avtobusdan düşərkən və ya minərkən qarşıdan gələn sərnişini tələsdirməmək, hətta onu rahat şəkildə düşməyə imkan vermək, avtobus hərəkət edərkən digərlərinə toxuna biləcək əşyalar daşımamaq məsləhətlidir. Bəzən dayanacaqda olan sərnişin görür ki, avtobus kifayət qədər sərnişinlə doludur. Lakin buna baxmayaraq sərnişin  böyük bir əşya ilə avtobusa daxil olur və bu da digər sərnişinləri narahat edir, müəyyən olunmuş çərçivədən kənara çıxır. Və hər hansı bir nəqliyyat hadisəsi baş verərsə, bu zaman digər sərnişinlərə ziyan vermiş olur”.  

A.Allahverənov qeyd etdi ki, yol hərəkət qanunlarında sürücülərin və sərnişinlərin üzərində olan vəzifələr var: “Sərnişinlərə aid qanunları oxuduqda onların hansı vəzifələrə malik olduğunu və eyni zamanda nəqliyyatdan istifadə edərkən hansı qaydalara əməl etməli olduğunu da görmək mümkündür. Amma düşünürəm ki, Azərbaycanda ümumiyyətlə, ictimai nəqliyyatda davranış qaydalarını aşılayan çoxsaylı maarifləndirici kompaniyalara və tədbirlərə ehtiyac var. Sosial çarxlardan və mesajlardan istifadə etmək lazımdır. Çoxsaylı maarifləndirici üsulları zaman-zaman ictimaiyyət arasında tətbiq etmək lazımdır ki, bu davranış qaydaları həm tətbiq olunsun və hər kəs ona əməl etsin”. 
 
Sürücü və sərnişin münasibəti hər zaman gündəm olub. Davranış mədəniyyəti ilə bağlı sürücülərə xüsusi kursların keçirilməsi ilə bağlı fikirlər irəli sürülür. Təklifə münasibət bildirən həmsöhbətim bunun yaxşı bir addım olduğunu deyir. Bildirir ki, bu fikirlə razıdır: “Fikrimcə, ictimai nəqliyyatda işləyən avtobus sürücüləri xüsusi hazırlığa malik olmalıdırlar. Sərnişin avtobusa minir və bir neçə dəqiqə sonra düşüb gedir. Amma sürücü isə gün ərzində bir neçə saat, hətta daha çox vaxt sərnişinlərlə əlaqədə olur. Və belə hallarda sürücü daha dözümlü və baş verə biləcək istənilən hala hazır olmalıdır. Amma eyni zamanda baş verən bəzi hallarda  sürücü də günahkar ola bilir. Nəticə etibarı ilə, çox ciddi narazılıqlara səbəb olur. Ona görə də hesab edirəm ki, bu təklif maraqlıdır. Faktiki olaraq sürücülərin hazırlıq kurslarına getməsi məsələsi müəyyən mənada təbliğ edilməlidir”. 

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, nəqliyyat vasitələrində davranış qaydalarına əməl olunmaması cəmiyyətimizə çox pis təsir göstərir: “Çünki tez-tez beynəlxalq təşkilatlarda, tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan sosioloqlarıla görüşürük. Hamımızın gəldiyi ümumi nəticəyə görə, o ölkəni daha qabaqcıl və mədəni ölkə saymaq olar ki, bu, küçədə, nəqliyyatda insanların davranışında öz əksini tapır. Ölkəmizi gəzən hər hansı bir mütəxəssis müşahidə metodu ilə əhalinin davranışına uyğun olaraq əhali haqqında müəyyən bir fikrə gəlir və ölkə haqqında onda təsəvvür formalaşır. Ona görə də bu mühüm göstəricidir. İnsanın xisləti elədir ki, beşikdən tutmuş, qoca yaşlarına qədər həmişə özünü nədəsə təsdiq etməyə çalışır. Ona görə də, insanlar küçədə bir-birlərinə münasibət göstərdikdə öz şəxsiyyətlərini və özlərinin vacibliyini təsdiq etmək üçün belə hərəkətlər edirlər. Cəmiyyətdəki insanlar başqalarından üstünlüyünü və fərqliliyini təsdiq etməklə mədəniyyət səviyyəsini göstərmiş olurlar. Belə ki, bağırmağını, qışqırmağını və yaxud ümumiyyətlə, nəzakətdən kənar hərəkətlərlə üstünlüyünü, fiziki gücünü göstərmək istəyirlər. Ona görə də bu dediyim kimi sosioloqların diqqətində olan çox ciddi bir məsələdir. Eyni zamanda ölkə üçün də əhəmiyyət daşıyır. Necə ki, parklarımızı, küçələrimizi gözəl təmir etmişik, gələn qonaqlar da bəh-bəh deyir və bununla fəxr edirik. Həmçinin sosial sferada, danışığımızda, davranışımızda da diqqətli olmalıyıq. Çünki diqqətli olduqca, ölkə əhalisinin özü rahat olur, insanlar bir-biri ilə gözəl münasibətdə olurlar. Amma günü-gündən sanki vəhşiləşmə baş verir. Bir neçə gün əvvəl metronun qabağında cavan oğlanı öldürüblər. Və valideynlər deyir ki, övladımızı şəhərə gedəndə qorxa-qorxa göndəririk, sağ-salamat qayıdacaq yoxsa-yox, deyə düşünürük. Yəni belə qorxu halında yaşamaq düzgün deyil axı, ona görə ölkədə bu mədəni münasibətlər həm ölkə əhalisi, həm də ölkənin görünüşünü formalaşdırmaq üçün lazımdır. Çalışmalıyıq ki, bu məsələlərdə maksimum dərəcədə diqqətli olaq ”. 

 

Arzu Məmmədli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh