“İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar” - Aqressiya artır
Son zamanlar cəmiyyətdə insanlar arasında aqressiyanın artdığı müşahidə olunur. Nəqliyyat vasitəsində dalaşan kim, kobud ifadələr səsləndirən kim, küçədə adi bir şey üstündə bir-birini təhqir edən kim və s. Bəs görəsən bu problemin başlıca səbəbləri nələrdir?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, insanlarda aqressiyanın artması indiki dövrün kəşfi deyil: “Bunu min illərdir bütün müdrik insanlar, dini kitablar deyir. Çalışmaq lazımdır ki, cəmiyyətdə mənəvi dəyərlər maddi dəyərlərdən öndə olsun. Mənəvi dəyərlər öndə olan halda cəmiyyət özü-özünü tənzimləyir, nizam-intizam yaradır. Maddi dəyərlər öndə olduqda isə cəmiyyətdə çoxlu gərginliklər yaranır. Çox təəssüf ki, yer üzərində maddi dəyərlər önə keçir. Bizim ölkədə bu bir az daha da qabarıq formadadır. Maddi dəyərlərin cəmiyyətdə mühüm rol oynaması mühitdə gərginlik yaradır. İnsanın davranışının formalaşmasında üç faktor çox güclü rola malikdir. Onlardan biri mühit, ikincisi aldığı informasiyalar, üçüncüsü isə üstünlük verdiyi dəyərlərdir. Cəmiyyətdə gərginlik, işsizlik, iqtisadi çətinliklər, ədalətsizliklər olur. Mühitdə tez-tez insanlar xoşagəlməz hallarla qarşılaşdıqca onlarda neqativ təsirlərdən biri bu olur”.
Ə.Qəşəmoğlu deyir ki, ikinci tərəfdən insanlar çox tez-tez televiziyada, radioda, mətbuatda bu cür halları daha çox aqressiv formada görürlər: “Əvvəllər bu cür şeyləri çox göstərmirdilər. Eyni zamanda sosial şəbəkələrdə aqressiv münasibətlər, bir-birinə qarşı kobud ifadələr, kin-küdurət və s. neqativ tərəfləri üzə çıxarır. Yəni, indi elə bir proses gedir ki, cəmiyyətdə pis şeyləri daha çox insanlara göstəririk. Elə bil ki, yaxşı şeylər yaddan çıxıb. Məhəmməd peyğəmbərin (s.a.s) tövsiyəsi var idi ki, hər pislikdə bir yaxşılıq da var. O yaxşılığı da göstərmək lazımdır. Ancaq problemli ailələri, qonşuları, insanları sensasiya ilə, manşetə çıxarmaqla, hay-küylə daha çox sanki reklam edirik. Bu da informasiya tərəfdən insanlara pis təsir edir. Üçüncü isə dediyim kimi dəyərlərdir. Maddiyyat önə keçdiyindən insanlarda gərginliyə səbəb olur. Bu üç amilin yekunu olaraq bu cür davranış formalarının, aqressiyanın artması tamamilə qanunauyğun bir haldır. Yəni, nəticədə elə bu da olmalıdır”.
Psixoloq Könül Telmanqızı isə bildirdi ki, aqressiya ilk öncə kin-küdurət, qəzəb, nifrət kimi əlamətlərdən doğur: “İnsanın uşaqlıqdan yaşadığı hər hansı bir qəzəbi, nifrəti aşa bilməməsi, bunu daxili aləmində yaşatması və müəyyən yaşa kimi gəlməsi ona çox pis təsir edir və baş verən müəyyən bir hadisədən qıcıqlanmağa başlayır. Və bu qıcıqlar insanda yığışaraq partlayış həddinə gəlib çıxır. Bu məsələdə insanlar arasında fərqlər var. İnsan var ki, aqressiyasını sərt şəkildə - vurmaqla, döyməklə, sındırmaqla göstərir. İnsan da var ki, kinini tökməklə, qarşısındakı insana nalayiq və təhqiredici ifadələr işlətməklə büruzə verir. Ona görə də aqressiyanın göstəriş forması insandan-insana dəyişir”.
K.Telmanqızının sözlərinə görə, hazırda insanlarda aqressiya artır: “İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar. Çünki insanlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə çıxarırlar. İnsanlar daxillərində olan aqressiyanı sosial mühitdə, nəqliyyat vasitəsində yaxud küçədə rastlaşdığı insana ötürməyə başlayırlar. Ona görə də cəmiyyətdə insanların bir-birinə qarşı reaksiyaları sərt şəkildə olur. Belə ki, insan evdə yaşadığı gərginliyi çöldə sosial mühitə aparır və beynində, şüuraltında yaşatdığı gərginliklər partlayış formasında hər hansı bir nöqtədə baş verir”.
Psixoloq qeyd edir ki,onu da qeyd etdi ki, içki düşkünü, hər hansı bir maddədən istifadə edən əgər bu insanın daxilində aqressiyası varsa, zərərli vərdişlərin (içki, narkotika) istifadəsindən sonra bu gərginlik şiddətli şəkildə artmağa başlayır. Təhlükənin başlanğıc siqnalı baş qaldırır. Aqressiyanın insanı çatdırdığı pik nöqtə daxilindəki nifrət və qəzəbini gizlədə bilməməyi səbəbindən hər hansı bir təhlükə yaratması ola bilər. Məsələn, adam özünü idarə edə bilməz, yaxud qarşısındakı insana zərbələri zərər yetirə bilər. Və ya evin içində nəyisə sındırmaqla, dağıtmaqla hər hansı təhlükəyə əl ata bilər”.
Psixoloq məsləhət görür ki, həmin insanlar daxillərində olan mübarizəyə özləri qalib gələ bilmədikləri zaman mütəxəssislərə müraciət etsinlər: “İlk öncə əsəb sistemlərini normaya salmaq üçün müalicələr, kurslar götürsünlər. Daha sonra isə psixoloqlarla işləsinlər ”.
Psixoloq vurğuladı ki, insan daxilində olan aqressiyanı azaltmaq üçün şüuraltını lazımsız məlumatlarla doldurmamalıdır: “Çünki beyni bu cür məlumatlarla doldurduqca insanda gərginlik başlayır. Bununla yanaşı insan özünü heç vaxt kiminləsə müqayisə etməməlidir. Özünə bir seçim etməli və bunun üzərində bir yol getməlidir. İnsanlar həmişə seçim qarşısında olan zaman gərginləşir və bu da onlarda daha kəskin aqressivləşməyə gətirib çıxarır”.
K.Telmanqızı əlavə etdi ki, hətta, aqressiyanın başlıca səbəbi insanın daxilində olan paxıllıqdan başlanır: “İnsanın daxilində olan paxıllıq hissi onu hər hansı bir qəzəbə doğru aparır və bu qəzəb də insanı aqressiyaya gətirib çıxarır. Ona görə də insanlar daxillərində, ruhlarında onları incidən, zədələyən paxıllıq hisslərindən uzaq olmalıdırlar ki, həyatdakı gözəllikləri görə bilsinlər. Bu gözəllikləri gördükcə də, daxillərində olan və gərginliyə aparan aqressiyaya da qalib gələcəklər ”.
Könül Əhmədova