İctimai nəqliyyatda yervermə - İctimai Şuralar Cümhuriyyətindən miras qalan problem
Yəqin sovet dövründə təhsil alanlar orta məktəb kitablarında tez-tez xatırladılan bu məsələni unutmayıblar: aşağı siniflərdən etibarən nəqliyyatda böyüklərə yer vermək təşviq edilir, vəziyyət ali məktəblərdə də oxşar formada davam edirdi. Bəs elə isə nə üçün Rusiya, Baltikyanı ölkələr, eləcə də Ukrayna məktəblərində bu məsələ qabardılmırdı? Elə hey azərbaycanlı, özbək, tacik, türkmən uşaqlardan tələb olunurdu ki böyüklərə yer verilsin. Səbəb statistikada gizlənib.
Azərbaycan SSR həm ictimai nəqliyyatın təşkilinə, həm də fərdi avtomobil sayına görə qonşularından ciddi şəkildə geri qalıb. 1991-ciilin statistikasına görə həm min nəfərə Özbəkistan və Tacikistanda 40, Azərbaycanda 44 minik avtomobili düşürdü. Bu göstərici Latviyada 89, Ermənistanda 91, Gürcüstanda 96 olduğu idi. Başqa sözlə, Azərbaycan digər qonşularından 2 dəfə geri qalırdı.
Eyni problem ictimai nəqliyyatda da özünü göstərirdi. Sovet dövründə çəkilmiş filmlərdə əhalinin yük maşınlarında daşınması kadrları N qədərdir. Bu sətirlərin müəllifi də kənd məktəbinə “QAZ-51”in kuzovunda gedib.
Əlqərəz, Moskvada Qosplan (Dövlət Plan Komitəsi) bölgü zamanı əhali sayına deyil, etnik mənsubiyyətə daha çox fikir verdiyi üçün Azərbaycanın da payına daha az avtobus düşürdü. Son nəticədə, avtobus çatışmazlığı bu gün səhər və axşam saatlarında dayanacaqlarda gördüyümüz vəziyyətin yaranması ilə nəticələnirdi. Qüsurları ört-basdır etmək üçün çıxış yolu insanların şüuruna təsir etmək idi. Bu da orta məktəbdə başlayıb ali məktəbdə davam edirdi.
Avtobus çatışmazlığı ilə yanaşı texniki xidmətin keyfiyyətsiz olması da problemi dərinləşdirirdi. Azərbaycanda mütəxəssislər “İkarus”, “Skoda”, “Man” markalı avtobus və trolleybuslarla PAZ və LAZ-a yanaşdıqları kimi yanaşırdılar. Nəticədə istismar müddəti 10-15 il olan texnika bir neçə ildən sonra tam yarasız halda parkın bir küncündə atılıb qalırdı. ən yaxşı halda isə digər texnika üçün donor rolu oynayırdı.
Problemdən “çıxış yolu” isə davranış normalarını dəyişmək idi. Başqa sözlə, keyfiyyəti dəyişməyək, sərnişindən mədəni davranış tələb edək.
Bu gün də avtobus parklarının fəaliyyətində təəssüf ki sovet mirası hiss olunur. Azırbaycan SSR-ə az avtobus ayrıldığına görə sovet Azərbaycanında kimisə qınamaq doğru olmaz. Lakin müasir azərbaycanda 700 təzə avtobusun yarısının “metalloma” çevrilməsi sovetin təfəkkür mirasının hələ də qüvvədə olduğunu göstərir.
Nəqliyyatın xəttə buraxılmasındakı balanssızlıq da ayrı bir dərddir: bazar günü saat 23.00 radələrində Lökbatan qəsəbəsinə 125 saylı marşrutda iritutumlu avtobus (danışıqda qormoşka) sərnişin daşıyırdı. Salonda isə 1 mikroavtobusu doldurmayacaq sayda adam vardı. 5 nəfər üçün 150 nəfərlik avtobusu istirahət gününün sonunda xəttə buraxan qurumun “xərcimiz çoxdur, dövlət dotasiya versin” deməsi nə dərəcədə etikdir? Problemin həllinə işin təşkilindən başlamaq doğru olmazmı? Axı bu tip avtobuslar bir qayda olaraq pik saatlarında işləmək üçün nəzərdə tutulub və istismar ömrü təxminən 30 ildir. Biz isə 10-15 il əvvəl aldığımız iritutumlu MAZ avtobusu üst-üstə 5 il normal istismar edə bilmədik.
Sizcə, sovet mirasından və yanaşmasından imtina etməyin vaxtı çatmayıbmı? Yervermə problemini ictimai nəqliyyatı normallaşdıraraq həll etmək mümkündür. O zaman uşaqlarımızın dərs yükü də azalacaq, insanlar işdə daha məhsuldar olacaq. İctimai nəqliyyatın vəziyyəti böyük şəhərlərdə istisnasız olaraq hər kəsin həyatına təsir edir. Ömrü boyu avtobusa minməyənlərin də.
Sonda: məqalənin başlığındakı İctimai Şuralar Cümhuriyyəti ifadəsinin mənası belədir: 20-ci illərdə, sovet hakimiyyətinin ilk dövrlərində ölkəmiz məhz belə adlanırdı –Azərbaycan İctimai Şuralar Cümhuriyyəti. Müasir Azərbaycan dilində desək, Azərbaycan Sovet Sosialist Respublikası.
Vüqar Yaşaroğlu