İl ərzində avtomobil qəzalarında cəmi 1 ölüm: Buna necə nail olmaq mümkündür?

Yazarlar 4 Fevral 2022 08:46 Oxunub 1034
İl ərzində avtomobil qəzalarında cəmi 1 ölüm: Buna necə nail olmaq mümkündür?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin son statistikası ötən ay ölkəmizdə 53 yol-nəqliyyat hadisəsi nəticəsində 60 nəfərin öldüyünü, 33 nəfərin xəsarət aldığını göstərir. Başqa sözlə, hər gün 2 ölüm. Bu göstərici ilə biz hansı ölkələri qabaqlamışıq?

Bu dəfə biz müqayisə üçün Norveçi seçdik. Bu ölkənin ərazisi bizdən 3 dəfə böyük olsa da, əhalisin sayı azdır – təxminən 5,4 milyon nəfər. Norveçlilərin mülkiyyətində olan minik avtomobillərinin sayı 3 milyon ədədə yaxındır. Yəni, bizdən təxminən 2.5 dəfə çox. 

Ölüm sayına gəldikdə isə,... Bax burda vəziyyət başqadır. 2020-ci ildə (2021 hələ yayımlanmayıb) bu ölkənin avtomobil yollarında 95 nəfər həlak olub. Paytaxt Osloda isə cəmi 1 nəfər. Qəza qurbanlarının 82%-i kişilərdir. 

Kimsə belə bir haqlı iddia irəli sürə bilər ki, orada yollar daha keyfiyyətli, avtomobillər daha təzədir. Doğrudur, lakin təbii amilləri nəzərə alsaq, üstünlük bizim tərəfdədir: Skandinaviya ölkəsində bəzi yollar həftələrlə buzlu, qarlı ola bilər. Bizdə isə yolun buz tutması ildə uzağı 5 gün çəkir. Sutkanın işıqıl vaxtının çoxluğuna görə norveçli sürücülər bizə qibtə edə bilər. Üstəgəl, təbii amilləri heç kim dəyişə bilmir.

Bəs necə olur ki, onlarda şərait daha ağır olduğu halda ölüm-itim aşağı olaur? Səbəbi bilmək üçün tarixə qayıdaq:

Ötən əsrin 50-ci illərində ölkədə az sayda maşın vardı. Avropa maşınlarının idxalı ümumiyyətlə çətin idi. 60-cı illərin sonunda gömrük qadağası götürüldükdən sonra ölkəyə maşın axını başladı. 1976-cı ildə milyonuncu avtomobil sahibini tapdı. Başqa sözlə, 8 ildə fərdi nəqliyyat vasitələrinin sayı 4 dəfə artdı. Bununla yanaşı ölümlər də artmağa başladı. Ən qara dövr hesab olunan 1970-ci ildə Norveç yollarında 560 nəfər canını tapşırdı. Bu statistika hökuməti hərəkətə keçirdi. 

Məsələdən çıxış yolu da sadə idi: nəzarət, maarifləşdirmə və ictimai nəqliyyatın inkişafı. Davamlı tədbirlər nəticəsində bugünkü rəqəm əldə olunub.

Nəqliyyat infrastrukturunun təkmilləşməsi bütün siyasi partiyaların seçki proqramında yer almaqla yanaşı, bələdiyyələrin qarşısına tələb kimi də qoyulur. 

1,1 milyon nəfər əhalisi olan paytaxt Osloya hər gün başqa ölkələrdənon minlərlə avtomobil daxil olur. Bu sıxlığı həll etməyi seçki proqramına daxil edən sosialistlər 2015-ci ildə şəhər bələdiyyəsində rəhbərliyi ələ aldıqdan sonra ekoloqlarla birləşərək yeni strategiyanı elan etdilər: Oslonu avtomobilsiz şəhərə çevirmək.

Təbii ki, bələdiyyə bunu inzibati yolla edə bilməzdi. Çünki söhbət hansısa Şərq ölkəsindən getmir. Norveçli bələdiyyəçilər Avropada artıq sınanmış üsulu tətbiq etdilər. Bu üsul metro, tramvay və avtobus şəbəkəsinin genişləndirilməsindən ibarət idi. Üstəgəl, mərkəzdən kənarda çox sayda parkinq yeri yaradıldı, velosiped cığırı çəkildi, mərkəzi küçələrdə parklamaya məhdudiyyət tətbiq olundu. 

Sosialistlərin bu proqramı əhalinin ürəyincə oldu və onlar indi də paytaxta rəhbərlik edirlər. Hazırda Oslonun mərkəzi küçələrində tək sürücüdən ibarət avtomobilin hərəkət etməsi az təsadüf edilən haldır. Başqa sözlə, əhali avtomobildən əsasən ailəvi səyahət üşün istifadə edir. Avropanın böyük şəhərlərindən Osloya gələn insanlar havanın təmizliyini dərhal hiss edirlər. 

Avtomobillərin tərkibinə gəlincə, artıq Oslo Avropanın elektromobil paytaxtı hesab olunur. Ökədə yanvar ayında satılmış avtomobillərin 83%-i yalnız elektrik mühərriki ilə təmin  olunub. 

Beləcə, əziz oxucu, sən özün qərar ver: insan həyatını qorumaq üçün Norveç təcrübəsini öyrənməyə dəyərmi? 

PS. Mən də istərdim ki, Azərbaycanın avtomobil jurnalistləri avropalı həmkarları kimi yeni modellərdən, sərgilərdən, ralli və muzeylərdən xəbər hazırlasınlar. Amma yollarımızdakı vəziyyət məcbur edir ki, qəzalarla bağlı vəziyyəti gündəmdə saxlayaq. Halbuki bu mövzuya Avropanın avtomobil saytları xırda istisnalar xaric (statistika, kütləvi ölüm və s. hallarda) yer ayırmır.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh