İnsanlar niyə ölür? - Qəzalar, pandemiya, psixoloji gərginlik - ARAŞDIRMA

Yazarlar 14 Mart 2022 23:36 Oxunub 2812
İnsanlar niyə ölür? - Qəzalar, pandemiya, psixoloji gərginlik - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzi ölkələr heç də asan irəliləyiş əldə etməyiblər. Xəstəliklər, epidemiyalar, gözlənilməz hadisələr insan həyatının daha tez bitməsinə səbəb olub.

Biz ən çox "terror hücumları", müharibə və təbii fəlakətlərdən qorxurduq. Son illər ərzində isə ölkəmizin başına bütün bu fəlakətlər gəldi. Öncə pandemiya minlərlə can aldı, daha sonra erməni quldurlarının ölkəmizdə etdiyi terrorlar, verdiyimiz Şəhidlər, ölən günahsız mülki əhali və yol nəqliyyat qəzaları. Dünyada bir çox insan hələ də qarşısı alına bilən xəstəliklərdən vaxtından əvvəl ölür. Dünya əhalisi artdıqca insanlar orta hesabla daha uzun yaşayırlar. Ölümlərin 70 faizindən çoxu qeyri-infeksion və yavaş irəliləyən xroniki xəstəliklərlə bağlıdır. Ürək-damar xəstəlikləri ən böyük ölüm səbəbi olaraq görülür. 2019-ci ildə 32,3 faizi, ümumi ölümlərin üçdə biri bu səbəbdəndir. Xərçəng xəstəliyi ikinci yerdədir. Şəkərli diabet, tənəffüs yolu xəstəlikləri və digər qeyri-infeksion xəstəliklər nəticəsində ölümə səbəb olan səbəblər sırasındadır.

Ən təəccüblü faktlardan biri odur ki, hələ də qarşısı alına bilən xəstəliklərdən bu qədər insan ölür. 2017-ci ildə 1,6 milyon ölüm ishal səbəb olan xəstəliklərdən olub. İshal hələ də ölümün ilk 10 səbəbidir. Bəzi ölkələrdə bu, birinci yerdədir. Həmin il neonatal (doğuşdan sonrakı ilk dörd həftə) ölümlərinin sayı 1,8 milyon olub.

Bu ölümlər ölkədən ölkəyə çox dəyişir. Məsələn, Yaponiyada yeni doğulmuş uşaq ölümləri 1000-də 1-dən az olduğu halda, bəzi yoxsul ölkələrdə bu nisbət 20-də 1-ə qədər ola bilər.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı həm zəngin, həm də kasıb ölkələrdə yüksəkdir. 2017-ci ildə 1,2 milyon insan bu səbəbdən dünyasını dəyişib.

Son illərdə yüksək gəlirli ölkələrdə yol-nəqliyyat hadisələri nəticəsində ölüm halları xeyli azalsa da, dünya miqyası baxımından demək olar ki, eyni səviyyədə qalıb.

1988-ci ildən 2013-ci ilədək (25 il ərzində) Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2019-cu ildə ölkənin avtomobil yollarında 1870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olmuşdur. Onlardan 821-i həlak olmuş, 1702-si isə yaralanmışdır. Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olub.

2020-ci ildə ölkədə 1587 və ya 2019-cu illə müqayisədə 15,1 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,5 faiz azalaraq 2106 nəfər olmuşdur. Onlardan 696-sı həlak olmuş, 1410-u isə yaralanmışdır. Hadisələrin 42,6 faizi gündüz, 35,0 faizi gecə, 22,4 faizi isə toran vaxtı baş vermiş, 28,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2019-cu illə müqayisədə 6,7 faiz azalaraq 526 nəfər, yaralananların sayı 19,4 faiz azalaraq 1315 nəfər olub.

2019-cu ildə dünyada intihar nəticəsində ölənlərin sayı adam öldürmə qurbanlarının sayından 2 dəfə çox olduğu halda, İngiltərədə bu nisbət 16 dəfə yüksəkdir və 20-40 yaş arası kişi ölümlərinə görə birinci yerdədir.

Azərbaycanda indiyədək ümumilikdə 790 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 585 nəfər müalicə olunaraq sağalıb, 9 618 nəfər vəfat edib. 1 617 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 437, bu günə qədər isə ümumilikdə 6 635 319 test icra olunub. Avtosfer.az xəbər verir ki, SİA məsələ ilə bağlı araşdırma apararaq nəqliyyat eksperti, həkim, psixoloq və sosioloqların fikirlərini öyrənib.

Nəqliyyat eksperti Elməddin Muradlı: "Yol qəzalarında ölüm hallarının bir çox səbəbləri var. Əsas səbəblər nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artması ilə bağlıdır. Bu baxımdan köhnə avtomobilləri xüsusi qeyd etmək olar. Çünki köhnə avtomobillərin təhlükəsizlik elementləri ya zəif olur, ya da ümumiyyətlə olmur. Məsələn, konstruksiyada hava yastıqları nəzərdə tutulduğu halda işlək vəziyyətdə olmur. Qəza halında da hava yastıqları olmadığı üçün ölüm baş verir. Sürücülərin, eyni zamanda yol hərəkəti qaydalarına ciddi yanaşmaması da bu səbəblərdəndir. Piyada keçidləri olduğu halda sərnişinlər bundan istifadə etməyərək məsuliyyətsizlik edirlər. Şüurlu insan özünü şüursuz dəmir parçasının önünə ataraq yol verməsini gözləyir. Piyadalar avtomobillərin əyləc məsafəsini nəzərə almır. Fizika qanunlarına əsasən də deyə bilərik ki, bəzən insan özü belə qaçdığı halda qəfil dayana bilmir. İnsanlar bunu dərk etmir və təhlükəli şəkildə hərəkət edirlər. Bu halların qarşısını almaq üçün təbliğat vasitəsilə nəzarət mexanizmini gücləndirərək yüksək nəticələr əldə etmək mümkündür".

Həkim infeksionist Xatirə Əliyeva: "Ölüm sayınım artmasına səbəb olan amillər baş verən qəzalar, intihar hadisələri və kütləvi şəkildə virusa yoluxma hallarıdır. Lakin unutmaq lazım deyil ki, dünyada ölümlə paralel doğum hadisəsi də olur. Doğumla ölüm arasında olan nisbət isə əhalinin təzələnməsi prosesidir. Dünyada hər 10 ildən bir siyahıya alma prosesi gedir və bu proses nəticəsində dünyada yaşayan insanlar haqqında məlumat toplanaraq statistik cədvəllər tərtib olunur. Bu da BMT tərəfindən yerinə yetirilir. BMT-nin verdiyi məlumata əsasən hal-hazırda dünyada 7 milyarddan çox əhali yaşayır ki, bunlardan 5 milyardı Avrasiya qitəsindədir. Son illərdə diqqəti cəlb edən ölüm səbəbi isə pandemiyadır. Əsrlər boyu müxtəlif növ pandemiyalar olmuş və bunlar kütləvi ölümlə nəticələnib. Son illərdə koronavirusdan ölənlərin sayı isə 1 milyon 256 min nəfər olub. Ölü sayının artması səbəbindən biri də intihar hadisələridir. Dünyada hər 3 saniyədən bir intihar hadisəsi baş verir. Bu hadisələrin səbəbi isə ekonomik krizlər, müharibə travmaları və sosial vəziyyətin aşağı olmasıdır. Yayılmasına görə intihar hadisələri 3 qrupa bölünür: psixoloji, bioloji və sosial amillər. Psixoloji amillərə depressiyalar aiddir ki, qadınlar burada daha çox üstünlük təşkil edir. Yəni, kişi nisbəti azdır. Bioloji amillərə genetikadan irəli gəlir ki, buna da bəzi hormonların çatışmazlığı səbəb olur. Sosial amillərə isə ekonomik krizlər, erkən yaşda olan travmalar, ailə üzvlərinin itkisi və s. aiddir. Onkoloji xəstəliklər də buraya daxildir. Bəzi insanlar bu xəstəliyin travmasını qaldıra bilməyərək intihar edir. Statistikanın verdiyi məlumata əsasən, ölüm sayının digər vacib səbəbi qəzalardır. Bu qəzalara avtomobil, təyyarə, qatar və gəmi qəzaları daxildir. Faizlə götürdükdə isə ölüm ən çox avtomobil qəzalarında baş verir".

Psixoloq Vüsalə Əmiraslanova: "Son dövlər yoluxma sayı xeyli azalıb və normal olaraq da ölüm sayında azalma müşahidə olunur. İntiharlar daha çox yeniyetməlik yaşlarında olur. Ölüm sayında isə yanlız pandemiyanı günahlandırmaq olmaz. Qəzalar və intiharlar da buraya daxildir. Qəzalar hədsiz çoxdur. Buna səbəb də insanların diqqətsiz və tələskən olmasıdır. Sükan arxasında telefondan istifadə etmək də qəzaların başlıca səbəbidir".

Sosioloq Əhməd Qəşəmoğlu: "Son zamanlar qohum, tanış arasında ölənlərin sayı çoxalıb. Bunun bir neçə səbəbi var. Səbəbin biri odur ki, pandemiya dövründə həkimə getməyə qorxurlar və nəticədə də tibbi xidmətdən məhrum oldular. Digər tərəfdən isə cəmiyyət günü-gündən mürəkkəbləşir. Belə bir cəmiyyətdə də insanların əsəbləri gərginləşərək sarsıntı yaranır. Bu da xəstəliklərin artmasına səbəb olur. Digər tərəfdən də maddi problemlər insan ölümlərinə səbəb olur. Belə ki, insanlar imkansızlıqdan ucuz və keyfiyyətli qidalara üz tuturlar. İntihar hər adamda yox, yalnız müəyyən qrup insanlarda olur. İntihara meyllilik deyilən bir anlayış var və şəxsin mühiti bu anlayışı bloklaya bilər. Bəzən isə mühit buna şərait yaradır. Bunun əsas səbəblərindən də biri odur ki, insan cəmiyyətdə özünü təsdiq edə, tapa, sabaha inamı olmayanda və adi bir hadisədən sarsılanda baş verir".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh