Banner

İnsanlar və heyvanlar üçün keyfiyyətsiz dərmanlar ölkəyə necə gətirilir? - ARAŞDIRMA

Yazarlar 25 Dekabr 2024 16:00 Oxunub 238
İnsanlar və heyvanlar üçün keyfiyyətsiz dərmanlar ölkəyə necə gətirilir? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Keyfiyyətsiz dərman problemi qanayan yaramızdır. Yəqin, hər kəs dəfələrlə müalicə vaxtı dərmanların təsirinin az olması problemi ilə rastlaşıb. Dərmanlarla bağlı nə qiymətdə bəxtimiz gətirib, nə də keyfiyyətdə. “Əsas sağlamlıqdır” deyib, məcbur olaraq alırıq. Təəssüf ki, faydasını ödənişinə uyğun halda görmürük. Məcbur qalıb ya xaricdən sifariş etməliyik, ya da qiymətləri 4-5 dəfə baha olan “alman” apteklərinə üz tutmalıyıq. Hətta təkcə insanlar deyil, heyvanlar üçün olan dərmanlarda da ciddi problemlər yaşanır. Bəs ölkəyə gətirilən keyfiyyətisiz dərmanların qarşısını necə almaq lazımdır? 


Mövzu ilə əlaqədar Avtosfer.az saytı mütəxəsislərin və aidiyyəti qurumlardan rəyini öyrənib. Professor Adil Qeybulla Avtosfer.az-a bildirib ki, dərmanların yoxlanma qaydası əslində Səhiyyə Nazirliyinin müvafiq laboratoriyalarında aparılır və müxtəlif hissələrindən müəyyən nümunələr yoxlanılır: “Dərman preparatlarının yoxlanılması dövlət farmakopeyası, dövlət reyestri olmalıdır. Gətirilən dərmanların harada istehsal oldunduğu və ya ölkənin kifayət qədər etibarlı olması təsbit olunmalıdır. Biz dərmanda idxaldan asılı ölkəyik. Ona görə də dərmanları başqa ölkələrdən gətiririk. Təəssüf ki, bizim dərman bazarına keyfiyyətsiz dərmanlar da daxil olub. Bunun qarşısını almağın yeganə üsulu dövlət farmakopeyasının yaradılmasıdır. Ondan sonra keyfiyyətsiz dərmanların ölkəyə girməsinin qarşısı asanlıqla alınacaq. Bunların qarşısını almağın yolu dərman bazarının ictimaiyyətə açıq olması və dövlət farmakopeyasının yaradılmasından keçir”.


Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Avtosfer.az-a bildirib ki, dərman preparatlarının tərkibində olan əsas maddələrin qiyməti daha yüksək olduğu üçün çalışırlar ki, sifariş verilən zaman maddənin təsiredici qüvvəsini aşağı salsınlar: “Bunun səbəbləri isə dərmanları ucuz qiymətə alıb, ölkədə baha qiymətə satmaqdır. Bu da əlbəttə ki, ciddi fəsadlar yaradır. Bizim fermerlər, kəndlilər həmin preparatlardan istifadə edərək əks nəticə əldə edirlər. Əgər dərhal həmin heyvanlar tələf olmursa, bir müddətdən sonra ciddi problemlər yaranır. Sərhədlər açıq olduğu zaman bizim fermerlər həmin dərmanları Gürcüstandan, İrandan alırdılar və müsbət nəticələri olurdu. Hətta təkcə bu preperatlarla deyil, digər tərəfdən ölkəyə xaricdən gətirilən gübrələrin də keyfiyyəti aşağıdır”.
Mütəxəssis onu da qeyd edib ki, tədərükçülər insanlar üçün olan dərmanları sifariş etdikləri zaman belə aşağı keyfiyyətdə sifariş edirlər ki, onu ucuz əldə etsinlər və daha baha qiymətə satsınlar. “İnsanlar da həmin dərmanlardan istifadə etdiyi halda müsbət təsirini hiss etmirlər. Bunu aradan qaldırmaq üçün sərhədləri açmaq lazımdır ki, insanlar gedib xaricdən lazım olan dərmanları daha ucuz qiymətə, daha keyfiyyətlisini əldə etsinlər. Hökumət imkan yaratmalıdır ki, xarici investorlar daha keyfiyyətli dərman istehsal etməklə həm Azərbaycanın təlabatını ödəsin, həm də yaxın ölkələrə dərman məhsullarını ixrac edə bilək. Əks halda heyvanlar arasında yayılan xəstəliklər insanlara keçərsə ciddi fəsadlar yaranar və tələfatlara gətirib çıxarda bilər”.


Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Müşfiq Məmmədli isə bildirib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkəyə idxal olunan bütün dərman preparatlarının monitorinqini aparır: “Onlar kifayət qədər tam təşəkküll tapmış laboratoriyalarda müayinədən keçərək sertifikat alırlar. Saxta dərman preparatları Azərbaycan bazarında olmasın deyə həm şikayətlər, həm də digər tədbirlər əsasında monitorinqlər aparılır. Əczaçılıq müəssisələrinə xüsusi nəzarət metodlarını özləri tətbiq edirlər və bu metodları tətbiq edərkən diqqətli olmalıdılar ki, keyfiyyətsiz dərman preparatları gəlsə də, bunun qarşısı alınsın. Mövcud mexanizm əslində beynəlxalq standartlara uyğundur. Əczaçılıq şirkətlərinin isə hansısa keyfiyyətsiz dərman preparatını qanuni yolla ölkə ərazisinə daxil etməsi qeyri-mümkündür. Dolayı yollarla bunlar mümkün olarsa lazımi tədbirlər görülməlidir”.
Millət vəkili əlavə olaraq qeyd edib ki, bu il dərman preparatları haqqında qanunvericilikdə dəyişiklər olunub: “Dərmanların qeydiyyatının sərbəst şəkildə və tənzimlənmiş formaya uyğunlaşdırılması istiqamətində addımlar atılıb. Bu dəyişikliklərdə Səhiyyə Komitəsi aktiv iştirak edib. Səhiyyə Komitəsinin bir üzü kimi mən də müvafiq təklifimi vermişəm. Hazırda dərman preparatlarının qeydiyyatı əvvəlki dövrə nəzərən daha da modernləşdirilib və elektro-nəzarət sistemi gücləndirilib”.


İqtisadiyyat Nazirliyinin mətubat katibi Leyla Zamanova məsələ ilə bağlı Avtosfer.az-a bildirib ki, qanunvericiliyə əsasən dərman vasitələrinin ölkəyə idxalına, istehsalına, satışına və istifadəsinə (Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla) yalnız dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. “Dərman vasitələri dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarət məqsədi ilə, ölkə ərazisinə idxal zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən ekspertizadan keçirilir. Dərman vasitəsinin ekspertizası ilə əlaqədar tələblər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydası” ilə müəyyən edilir. İxtisaslaşdırılmış ekspertiza zamanı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi təqdim edilmiş sənədlərdəki məlumatların, o cümlədən kəmiyyət və keyfiyyət göstəricilərinin həqiqətə uyğunluğunu, dərman vasitəsinin keyfiyyətinə nəzarət üsullarının (KNÜ) təsdiq edilməsini və dərman vasitəsinin (nümunələrinin) laborator tədqiqatlarının nəticələrini müəyyən edir”.


Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada isə bildirilib ki, dərman vasitəsinə qeydiyyat vəsiqəsi verildikdən sonra Azərbaycana idxal edilir. Qeydiyyat vəsiqəsi verilməzdən öncə dərman vasitəsinin keyfiyyəti laboratoriya şəraitdə yoxlanılır. Dərman vasitəsinin keyfiyyət parametrlərinin yoxlanması istehsalçı tərəfindən təqdim edilən sənədlərə əsasən həyata keçirilir. Qeydiyyat vəsiqəsi verildikdən sonra dərman vasitəsi ölkəyə idxal edilə bilər.
Dərman vasitəsinə ölkəmizə idxal edildikdən sonra həmin dərman vasitəsi elektron reseptdə əlavə edilir. Elektron resept sistemində dərman vasitələrinin müvafiq məlumatları qeyd edilir. Dərman vasitəsi elektron resept sistemində yerləşdirilən reyestrdə olduğu zaman, bu o deməkdir ki, həmin dərman vasitəsi dövlət qeydiyyatına alınıb və ölkəmizə idxal edilib. 
Dərman vasitələrinin keyfiyyəti ilə bağlı hər hansı problem yaranarsa, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının Müraciət bölməsi vasitəsi ilə bizə müraciət edə bilər.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi; ” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh