Banner

Kamera olmasa da, gizli yol patrulu ola bilər

Yazarlar 8 Dekabr 2015 12:18 Oxunub 2830
Kamera olmasa da, gizli yol patrulu ola bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspertlər gizli patrulların fəaliyyətinin yollarda qanun pozuntularının azalmasına xidmət edəcəyini proqnozlaşdırırlar

Artıq yol hərəkətində Dövlət Yol Polisinin xüsusi geyim və avtomobildə olan polis əməkdaşları ilə yanaşı, gizli xidmətin də istifadəsinə başlanılır. Ötən həftə bununla bağlı mətbuata açıqlama verən Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirmişdi ki, artıq bizdə də qarışıq və gizli xidmətin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda ölkəyə əlavə nəqliyyat vasitələri gətiriləcək. O qeyd etmişdi ki, sürücülər bundan sonra yollarımızda xüsusi rəng qrafikası və üzərində yazısı olmayan patrul avtomobillərini görəndə təəccüblənməsinlər: “Azərbaycan yollarında stasionar postlar, kamera və radarlar var və bunu bildirən müvafiq xəbərdaredici nişanlar quraşdırılıb. Sürücülər onları görəndə avtomobili daha normal və aşağı sürətlə, amma oranı ötüb keçən kimi yenidən yüksək sürətlə idarə edir, bəzən isə “şaşkivari” manevrlərlə, yəni yolda tez-tez sağa-sola keçərək digərlərinin hərəkətinə maneçilik törədirlər. Ona görə də hesab edirik ki, bizdə də bu xidmət növlərindən istifadə olunmalıdır”.

Qurum rəsmisi bir neçə gün öncə sürücülərə xəbərdarlıq edərək bildirib ki, artıq bu həftədən etibarən Bakıda küçə və prospektlərdə gizli yol patrulları xidmətə başlayıb. 

 

Yol-patrul xidmətinin üç forması var 

Bəs ekspertlər gizli yol patrullarının işini necə dəyərləndirirlər? Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, "Azərbaycanda "Yol-Patrul Xidməti haqqında Təlimat"ın 3-cü maddəsində yol-patrul xidmətinin açıq, gizli və qarışıq olmaqla üç növə bölündüyü göstərilir. Aşkar nəzarət zamanı müfəttiş müəyyən olunmuş geyim formasında olmalı, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmalı, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durmalıdır.

Gizli nəzarət xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər tərəfindən, əsasən günün işıqlı vaxtında aparılır. Bu zaman aşkar olunan qayda pozuntuları barədə müfəttiş raport tərtib edir. Tərtib olunmuş raportlar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilir.

İ.Hüseynli deyir ki, qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan müfəttişlər tərəfindən aparılır: “Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-birilə radiorabitə əlaqəsi saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürlər. Gizli nəzarət vaxtı xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər radiocihazlarla təchiz olunur və onlar hər hansı qayda pozuntusu, avtoxuliqanlıq və ya yolda kiminsə hərəkətə maneçilk törətdiyini aşkar etdikdə, digər patrul avtomobillərinə xəbər verir və qaydanı pozan sürücü YPX avtomobilləri və ya qarşıdakı stasionar postda saxlanılıb barələrində müvafiq tədbir görülür”.

 

Xidmətin məqsədi

Ekspert deyir ki, gizli yol patrul nəzarəti barədə fikirlər bu günədək təlimatlarda mövcud olub. Hazırda sadəcə bu xidmətin həyata keçirilməsi üzrə addımlar atılır: “Hesab edirəm ki, bu xidmətin məqsədi konkret olaraq ciddi yol hərəkət qaydalarını pozan, avtoxuliqanlıq edən, sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə edənlərə qarşı yönələcək və bu baxımdan müsbət nəticələri olacaq. Bəzi hallarda şəhər daxilində piyadaların vurulması halları olur ki sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçır və sonradan onun tapılması çətinləşir. Düşünürəm ki, yeni qaydaların tətbiqi bu kimi halların da qarşısını müəyyən qədər ala bilər. Amma istənilən halda yol polisi əməkdaşları bu hüquqdan sui-istifadəyə və yersiz təqiblərə imkan verilməməlidir”.

Müsahibim deyir ki, qanunla yol patrul xidməti əməkdaşlarına nəzarət hüququ verilirsə və onların hər hansı sürücüyə qarşı iddiaları müşahidələrə, faktlara və sübutlara söykənirsə, bu halda sürücünün razılaşmamaq imkanları qalmır: “Ortada hər hansı mübahisəli və qərəzli mövqe olacaqsa, sürücü razılaşmaya bilər və hüquqlarının müdafiəsi üçün və yeri gələrsə müəyyən maddi təzminatlar iddiası ilə bağlı müvafiq məhkəmə orqanlarına müraciət edə bilərlər”.

Kamera olmasa da, hər yerdə polis ola bilər

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı da gizli patrulların fəaliyyətinin qanunauyğun bir iş olduğunu bildirdi. Onun sözlərinə görə, yol hərəkətində qanun pozuntulara yol verilməsi hallarının çoxluğu bu patrulların fəaliyyətini zəruri edib: “Bir neçə ildir ki, yol hərəkəti ilə bağlı maarifləndirmə, təbliğat işləri aparırdıq. Düşünürdük ki, ictimai qınaq, ictimai nəzarət olsa, problemin həlli üçün kömək edər. Ona görə də yol hərəkəti qaydalarını pozan, kobud hərəkət edən sürücülərlə bağlı xeyli video çəkib internetə yerləşdirdik. Amma bu qınaq problemin həllinə o qədər də təsir etmədi. Bizim psixologiyamız elədir ki, yalnız cərimələndikdə özümüzü yığışdırırıq. Yol polisinin bu addımı atması yaxşı haldır. Ona görə ki artıq sürücülər “bu binanın tinində kamera yoxdur, burada istədiyimi edəcəm” - düşüncəsi ilə yaşamayacaqlar. Kamera olmasa da, orada artıq polis ola bilər”.

E.Muradlının sözlərinə görə, sürücülər hələ ki gizli patrulların işinin məsuliyyətini o qədər də bilmirlər. Onların yalnız gizli yol patrulu ilə qarşılaşdıqda bunun nə demək olduğunu biləcəklər: “Gizli yol patrulunun əməkdaşı protokol yaza, kimisə təqib edə, saxlaya bilmir. Gördüyü məlumatları elektron vasitələrin köməyi ilə digər patrul maşınlarına, postlara ötürür. Bununla da qayda pozmuş sürücü barəsində tədbir görülür”.

Ekspert deyir ki, bu sistemin mənfi tərəfləri də olacaq: “Dəfələrlə yol polisinin sürücünün günahı olmadan protokol tərtib etməsi halları olub. İl ərzində bəlkə yüzlərlə protokol ləğv olunur. Bunu yol polisləri də etiraf edir. Gizli yol patrullarında da bu cür yanlış halların olacağını istisna etmirəm. Ona görə hüquqi cəhətdən bu məsələ ilə bağlı ciddi nəzarət olmalıdır. Gizli yol patrulu kimdən xoşu gəlmirsə, onun qayda pozuntusu etməsilə bağlı məlumat ötürməməlidir. Düşünürəm ki, qayda pozuntusunun olması görüntülü şəkildə sübut olunmalıdır”.

 

Gizli yol patrulunda təcrübəli işçilər olmalıdır

E.Muradlı deyir ki, sübut olmadığı təqdirdə qanun pozuntusu ilə bağlı hərəkət iştirakçısının məsuliyyətə cəlb edilməsində problem yaşanır: “Bugünkü qanunvericiliyə görə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücünü yol polisi aşkar edir, amma kəməri taxmadığını ona sübut edə bilmir. Ədəbsiz söyüşlər işlədib, and içirlər ki taxmışdım. Biz rayonlarda da reydlər keçirmişik. Svetafor var, amma müşahidə kamerası yoxdur. Sürücü qaydanı pozur, amma sonra qaydanı pozması ilə bağlı ortaya sübut qoyulmasını tələb edir. Polis əməkdaşı var ki, deyir kəməri taxmadığını görüb protokol yazmışam, amma sürücü sübut tələb edib. Buna görə də həmin protokolu ləğv ediblər. Bəzən isə qayda pozan sürücülər, polisin yanlış hərəkətinin nəticəsində əziyyət çəkib”.

Müsahibimin sözlərinə görə, bu işdə çalışacaq polislərlə bağlı ictimaiyyətə məlumat verilməlidir: “Gün ərzində yol polisindən 100 şikayət daxil olursa, onun 30-u haqlı çıxır. Bu az göstərici deyil. Deməli, qanundan başı çıxmayan, düzgün xidmət apara bilməyənlər də var. Gizli patrulların təyin edilməsi yaxşıdır. Amma orada çalışanların iş göstəriciləri nə dərəcə qane edir, qanunvericilikdən nə qədər anlayışları var? Burada çalışan kimlərdir? Hesab edirəm yol polisi bu məsələdə ictimaiyyətə açıq olmalıdır. Burada təcrübəli polislər, yaxud yol polisində işləyib təqaüdə çıxanların əməyindən istifadə oluna bilər. Dünən hərb xidmətdən gələni gizli patrul qoymaq olmaz, onun işindən keyfiyyət gözləmək də olmaz. Problemlər olacaq və gərək buna da hazırlaşaq. Sürücü və yol patrulları arasında münaqişələrin yaranması halları da olacaq”.

E.Muradlı deyir ki, gizli patrulların sayəsində yol qəzalarının, yol hərəkəti qaydalarını pozanların sayında azalma olması gözlənilir. O qeyd etdi ki, yol patrulları təkcə şəxsi nəqliyyat vasitəsi sürücülərinə deyil, hərəkət iştirakçısı olan və qanunları pozan hər kəsə nəzarət etməlidirlər.

Baş DYPİ-nin şöbə rəisi Kamran Əliyev bu işin nə qədər effektli olmasının gedişat zamanı bəlli olacağını bildirdi. Qeyd etdi ki, bu xidmət üçün xüsusi bir maşına ehtiyac yoxdur. Yol polisində olan nəqliyyat vasitələrindən istifadə olunur. K.Əliyev onu da bildirdi ki, nəzarətin gizli olub-olmamasından asılı olmayaraq sürücülər yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh