Kəmər taxmayan sürücü başqasına təhlükə yaradırmı? - Bunları biləndən sonra kəməri mütləq taxacaqsınız
Bu yaxınlarda təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis jurnalist tanışlarımdan birinə (haqlı olaraq) cərimə yazmışdı. Bu məşhur jurnalist isə iddia edirdi ki, kəmər taxmamaqla heç kimə təhlükə yaratmır: yorğun deyil, içki qəbul etməyib, avtomobil də sanballıdır və s. Bəs bu iddia nə dərəcədə doğrudur? Cavabı məşhur fransızdilli caradisiac.com avtomobil saytına müsahibə verən ekspertlərdən eşidək (orijinal məqalə uzun olduğu üçün ümumiləşdirdik). Qəza və ya sürüşmə zamanı kəmər sürücünü oturacaqdan ayrılmağa qoymur. Buna görə də sürücü sükana daha yaxşı hakim ola bilir. Son nəticədə ya qəzadan yayınmaq, ya da yüngül xəsarətlə qurtulmaq mümkün olur. Bəs kəmər taxmayan sərnişin nə dərəcədə təhlükəlidir? Qəza zamanı arxa oturacaqdakı sərnişin təhlükəsizlik kəmərindən istifadə edən sürücüyə çırpıldıqda, onu, belə demək mümkünsə “presləyir”. Başqa sözlə, kəmər onu qorusa da, arxadakı sərnişin zərbəsi ölümcül travma yaradır. Qabaqda əyləşən sərnişinin isə qəza zamanı avtomobildən bayıra atılaraq digər NV-nin altına düşmək riski böyükdür. Fransız həmkarlarımızın bu araşdırmalarını ümumiləşdirərək belə nəticəyə gələ bilərik: təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər özləri ilə bərabər digər yol hərəkəti iştirakçılarına da təhlükə yaradırlar. Qanunvericiliyə gəldikdə isə, istər bizim tərəfdar çıxdığımız beynəlxalq sənədlərdə, istərsə də ayrı ölkələrin (o cümlədən Azərbaycan Respublikası) qanunvericiliyində yol hərəkəti iştirakçılarından həmrəylik və bir-birinə mane olmamaq tələbi birmənalı olaraq yer alır. Avtomobil sənayesinin tarixi 130 ili keçib. İlk 50 il ərzində avtomobillər etibarilə qoruyucu vasitə ilə təmin olunmayıb. Statistikaya görə bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də, kəmər 130 il əvvəl istehsal olunsa dünyanın demoqrafik vəziyyəti ayrı cür olardı. 0,2 saniyəyə baş verən faciə fransız ekspert Kristian Jerondo 80 km/saat sürətdə qəza anını belə təsvir edir:
- 0,026 saniyədən sonra bamper qatlanır, avtomobilin kütləsindən 30 dəfə böyük bir qüvvə onun hərəkətini qabaq oturacaq xəttində saxlayır. Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər 80 km/saat sürətlə irəli atılır;
- 0,039 saniyə sonra sürücü 15 sm irəli hərəkət edir;
- 0,044 saniyə sonra sürücünün döş qəfəsi sükan çarxını sındırır.
- 0,050 saniyə sonra sürət böhran həddinə düşür. Bu zaman avtomobil, sürücü və sərnişinlərə düşən ağırlıq qüvvəsi onların öz kütləsindən 80 dəfə artıq olur;
- 0,068 saniyə sonra sürücü 9 ton zərbə ilə qabaq panelə çırpılır;
- 0,092 saniyə sonra sürücü və öndəki sərnişinin başı şüşəyə çırpılır və baş beyin ölümcül travma alır;
- 0,100 saniyə sonra sürücü geri atılır – onun sonu gəldi;
- 0,110 saniyə sonra avtomobil yüngülcə geriyə hərəkət edir;
- 0,113 saniyə sonra təhlükəsizlik kəməri taxmayan arxadakı sərnişinlər irəli atılır və ölümcül xəsarət alırlar;
- 0,150 saniyə sonra ortaya sükut çökür. Şüşə və metal parçaları ətrafa səpələnməyə başlayır. Hadisə yeri toza bürünür. Bütün bu hadisələr saniyənin iyirmidə biri müddətində baş verir. Göz qırpmaq üçün bundan 2 dəfə çox vaxt tələb olunur. Tədqiqatlar göstərir ki, təhlükəsizlik kəmərindən istifadə edərkən ölüm riski avtomobilin aşması zamanı 5, üzbəüz toqquşma zamanı 2,3, yandan zərbə zamanı isə 1,8 dəfə azalır.
Vüqar Yaşaroğlu