Kəndimin yol problemi – XƏRİTƏ-VİDEO
Mənsub olduğum bölgənin problemlərindən yazmağı xoşlamıram. İmkan olanda, əlim yetəndə onları gərəkli şəxslərin diqqətinə sakitcə çatdırıram, həllinə çalışıram. Çox zaman da bunu heç kimə demədən edirəm. Amma bəzən elə məsələlər olur ki, onları ictimailəşdirmədən həll etmək mümkün olmur. Yoldan danışmaq istəyirəm. Xaçmaz rayonunun Dədəli kəndinin yolundan. Daha doğrusu, Dədəli-Uzunoba yolundan. Bu yol sadəcə iki kəndi deyil, el arasında deyildiyi kimi, hər tərəfdə yeddi para kəndi birləşdirir. Özü də bütün bu kəndlərin camaatı bir-birinə qohum-qardaşdır. Söhbət minlərlə insandan gedir.
Dədəli ilə Uzunoba arasındakı yol cəmi 3 km-dir. piyada yarım saata gedilir. Uşaq vaxtı biz tay-tuşlarımızla bu yolu çox getmişik. Futbol oynamaq, yaxud da sadəcə gəzib-dolaşmaq üçün. Kənd uşaqlarıydıq, bizim üçün piyada yol getmək çətin deyildi.
İndi də mənim üçün o yolu piyada getmək problem deyil. Lakin birdən güclü yağış, qar sonucu yolun ortasından keçən Qusarçay kükrəyib daşmasa. Bu çaya sel gələndə nəinki ordan keçmək, yaxından baxmaq belə məsləhət deyil. Durduğu yerdə adamın başı hərlənir.
İllərdir bu çayın üzərindən keçən, xalq arasında “Hündür körpü” deyilən bağlayıcı dağılıb. Hazırda onun yerində heç əsər-əlamət də qalmayıb.
Yadımdadır, “Hündür körpü” palıddan idi. İri palıd ağaclarından qurulmuşdu, üstünə də dəmir atılmışdı. Həm insanlar, həm də ən ağır texnika rahat şəkildə hər iki tərəfə keçə bilirdi. Amma günlərin birində sel gəldi, körpünü aşırdı, yuyub dağıtdı. Sonra da qalıqlarını yox etdi.
Yazıya əlavə etdiyim videodan da göründüyü kimi, orada nə vaxtsa körpü olduğunu zənn etmək üçün belə əlamətlər yoxdur.
Körpü dağıldıqdan sonra yol da yavaş-yavaş aşındı. İndi yolun özü də keçilməzdir. Bunu da görüntülərdən görmək olar.
Demək istədiyim odur ki, Qusarçayın üzərindən keçən körpünün illər öncə dağılması, yolun da aşınması ona gətirib çıxarıb ki, hər iki tərəfin camaatı gediş-gəlişi azaltmağa məcbur olub. Lakin bəzən məcburiyyət qarşısında gediş-gəliş olursa, bunun üçün alternativ yoldan istifadə edilir. O yol da nə az, nə çox – düz 20 km-dir! Yəni 3 km-lik məsafəyə getmək üçün 20 km yol qət etməli olursan.
Uzunoba və Dədəli camaatı bir-birinin xeyir-şərinə getmək üçün Xaçmaz-Xudat yoluna çıxmalı olur. Məcburdurlar. Çünki mənim kimi piyada getməyə imkanı olmayanlar maşınla getməlidir. Bu isə o deməkdir ki, keçilməz yolla deyil, keçilən yolla getmək lazımdır.
Bütün bunları ona görə yazıram ki, körpünün və yolun bərpası üçün çağırış edim. Çox təəssüfləndirici haldır ki, ölkədə bu qədər sürətli quruculuq işləri aparıldığı, yol şəbəkəsi yenidən qurulduğu halda bəzən mənim kəndim kimi gözdən iraq yerlərdə ən adi problem illərlə həllini tapmır.
Ümid etmək istərdim ki, müvafiq qurumlar çox qısa bir zamanda məsələni nəzarətə götürəcək və həll edəcək.
Əlavə olaraq bildirim ki, Dədəlinin baş yollarından birinə bir neçə il öncə asfalt çəkilib. Yol bir az daraldılıb, iki maşın qarşı-qarşıya gələndə çətinliklə keçə bilir. Amma ədalət naminə deyək ki, yaxşı yoldur. Yalnız son zamanlar o da aşınmağa, dağılmağa başlayıb.
Kəndin daha bir yaxşı cəhəti də odur ki, qaz çəkilib. Düzdür, son bir aya qədər çox zaman adı olub özü olmurdu. Bu yaxınlarda bunu da həll etdilər və camaatımız çox məmnundur.
İşıq sarıdansa demək olar ki, problem yoxdur. Yalnız bəzi məhəllələrdə işıq zəif olur. Amma kəsilməsi nadir hallarda baş verir. O da hansısa qəza olanda.
Suyumuz da öz yerindədir. Buna görə də camaat dövlətdən çox razıdır. Cənab Prezident İlham Əliyevə, onun özəlliklə yol və qazlaşdırma məsələlərindəki birmənalı mövqeyinə görə həm də. Çünki Prezident dəfələrlə deyib ki, kəndlə şəhər arasındakı fərq aradan qaldırılacaq, ölkədə qazı və yolu olmayan bir kənd belə qalmayacaq. Doğrudan da son illər sürətlə qazlaşdırma və yolsalma işləri aparılır. Bunu hər kəs görür, bəyənir və məhz ona görə cənab Prezidentə təşəkkür edir. Amma bəzən mənim kəndim kimi gözdən iraq yerlərdə “yaddan çıxan” yollar da olur ki, bunu da həll etmək vacibdir.
Bu görüntüləri də ona görə çəkib paylaşıram. Deyirəm, bəlkə müvafiq qurumların diqqətinə belə əyani şəkildə çatdırsaq, illərdir görmədiklərini görər, həll etmədiklərini həll edərlər.
Hə, bir də deyirlər ki, yol çəkmək böyük savabdır.
Sözardı: Ümumiyyətlə, yollar həmişə mənim ağrılı yerim olub. Bizim kəndə birbaşa dəxli olmasa da deyəcəyəm: Xaçmaz şəhərinin girişindəki yola də əncam çəkməyə ehtiyac var. Yayda tozdan, qışda palçıqdan keçilməz haldadır bu yol. Ətrafında yaxşı abadlıq işləri aparılıb. Yol özü də təmir edilmişdi. Amma sonradan başına elə oyunlar açıldı ki, indi sadəcə ölkəmizin ümumi mənzərəsini pozur…
Azər HƏSRƏT,