Banner

Kiberdələduzluq və onunla mübarizə üsulları - Qanunvericilik nə deyir? - AÇIQLAMA

Yazarlar 8 İyun 2024 14:00 Oxunub 5112
Kiberdələduzluq və onunla mübarizə üsulları - Qanunvericilik nə deyir? -  AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşların kiberdələduzlar tərəfindən aldadılmasıyla bağlı şikayətlərə tez-tez rast gəlinir.  Belə hallardan biri onlara məxsus bank kartlarındakı vəsaitin dələduzlar tərəfindən mənimsənilməsidir. Bu məsələdə qarşılıqlı olaraq vətəndaşlar bankları günahlandırır, banklar isə vətəndaşlara ayıq-sayıq olmağı tövsiyə edir və məsuliyyətin müştərilər üzərində olduğunu vurğulayırlar. Sosial şəbəkələrdə də bu mövzu ciddi müzakirə olunur və qarşılıqlı ittihamlar səsləndirilir.

Dələduzlar əvvəlcə psixoloji fəndlər tətbiq edərək, öz qurbanları ilə qarşılıqlı etimad mühiti yaradırlar. İnam formalaşdırdıqdan sonra isə plan üzrə növbəti mərhələ icra edilir. Vətəndaşın etibarından sui-istifadə olunaraq vəsaitlər qeyri-qanuni ələ keçirilir.

Vəsaitlərin oğurlanması əsasən bir neçə yol ilə icra edilir.

Ən geniş yayılmış dələduzluq metodu qeyd etdiyimiz kimi müştəriyə məxsus bank kartı məlumatlarının ələ keçirilməsidir. Dələduzluq edən şəxslər qurban seçdiyi vətəndaşların maliyyə savadlılığının qənaətbəxş olmaması və texnoloji biliklərinin zəif olmasından istifadə edərək saxta satış üsulu qurur və qarşı tərəfi buna inandırır. Ödəniş etmək üçün vətəndaşa məxsus bank kartına ehtiyac olduğunu iddia etməklə, qarşı tərəfə psixoloji basqı edir. 16 rəqəmli kart nömrəsindən əlavə, aldatma yolu ilə kartın kod və etibarlılıq müddəti də əldə edilir. Bir çox bank kartı məhsullarında klassik dizayndan imtina edilməklə bütün rekvizitlər bank kartının yalnız bir üzünə həkk edilir. Bank kartın şəklini qarşı tərəfə göndərdikdə, ani bir diqqətsizlik nəticəsində qarşı tərəf bütün məlumatları əldə etmiş olur. Beləliklə, dələduz ilkin məqsədinə çataraq, vəsaitləri öz hesabına göndərməyi bacarır.

Digər bir metod olaraq mobil tətbiqlər vasitəsilə hücum reallaşdırılır. Müasir dövrdə əksər banklar çoxfunkional mobil bank tətbiqləri təklif edir. Bu cür tətbiqlərə bir neçə üsul ilə qeydiyyat etmək imkanı olur. Dələduzlar, bu cür tətbiqlərdə təkrar qeydiyyata nail olmaqla, bank müştərilərinin şəxsi kabinetlərinə giriş əldə edirlər. Bu zaman hesablar və bank kartları artıq dələduzun ixtiyarında olur. Ona görə də bəzən ötürülməsi zərərsiz görünə bilən məlumatların paylaşılması da diqqətdə saxlanılmalıdır. Ad, soyad, FİN kod və mobil nömrə dələduzlar tərəfindən ən çox istifadə edilən məlumatlardır. Bir çox əməliyyatlarda təhlükəsizlik məqsədi ilə birdəfəlik kod (OTP) sms istifadə edilirsə də, dələduzlar etibardan sui-istifadə edərək bu sms kodun məzmununu da vətəndaşlardan ala bilirlər.

Elan saytlarında geniş yayılmış dələduzluq növü kimi fişinq hücumlar da diqqət çəkir. Saxta linlkər və ya saytlar vasitəsi ilə, vətəndaşın öz təşəbbüsü nəticəsində bank kartı və digər məlumatlar oğurlanır. Bu cür saxta saytların dizaynı maksimum oxşadıldığı saytlara yaxın olur və vətəndaş leqal bir saytda əməliyyat etdiyini düşünür. Dizayn olaraq məşhur bankların korporativ üslubları geniş istifadə edilir. 

Bank kartlarından əlavə ödəniş terminalları vasitəsilə də vətəndaşalara məxsus vəsaitlərin aldadılma yolu ilə mənimsənilməsi hallarına rast gəlinir. Daşınan və daşınmaz əmlak saytlarında dəyərindən dəfələrlə ucuz qoyulan əmlaklar vətəndaşlar tərəfindən marağa səbəb olur və müxtəlif bəhanələr ilə beh tələb edilir. Sonradan bu dələduzlar ortadan itir və onları tapmaq müşkül məsələyə çevrilir. Eyni dələduzluq mexanizmi iş axtarma saytlarında da tətbiq olunur və iş ehtiyacı olan vətəndaşların çarəsizliyindən istifadə edilərək onlara tələ qurulur. Onu da qeyd etmək yerinə düşərdi ki, bəzən sosial şəbəkələrdə investitsiya adı altında saxta reklam blokları yerləşdirilir və yalan məlumatlar ilə vətəndaşların diqqətini çəkirlər. İnandırmaq üçün bu tip paylaşımlarda, hətta dövlət şirkətlərinin adından istifadə olunur.

Məsələylə bağlı vəkil Turan Abdullazadə  Avtosfer.az-ın sorğusunu cavablayıb: 

“Elmi-texnoloji inkişaf  insan və cəmiyyətin tərəqqisi yolunda müsbət tendensiyalara səbəb olsa da, özü-özlüyündə sosial mediada, internet informasiya ehtiyatında dələduzluq hallarının artmasına səbəb olur. Belə ki, hazırda azyaşlı uşaqlardan tutmuş yaşlı nəsilə qədər hər kəsin əlində mobil cihazlar var. Bu da kiberdələduzların qurban dairəsini günü-gündən genişləndirən bir faktordur. Vətəndaşlara məsləhətim ondan ibarətdir ki, sosial şəbəkədə tanımadığı insanlara bank hesab kartlarının şifrəsini, üzərindəki yazıları, şəxsiyyət vəsiqəsinin məlumatlarını və digər əhəmiyyətli informasiyaları atmasınlar. Habelə naməlum və şübhəli linklərə daxil olmasınlar. İşin çətin tərəfi odur ki, kiberdələduzların bir çox hallarda şəxsiyyətini müəyyən etmək olmur. Çünki onlar saxta hesab və profillərdən istifadə edirlər. Buna görə də vətəndaşlar ayıq-sayıq olmalı, şübhəli əməliyyatlardan qaçmalıdırlar. Belə hallarla üzləşən vətəndaşlar isə hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Lakin qeyd etdiyim kimi hüquq mühafizə orqanları da həmin saxta profillərin arxasındakı kimliyi müəyyən etməkdə çətinlik çəkirlər. Buna görə də vətəndaşlar sosial şəbəkələrdə kiməsə ödəniş edərkən mütləq qarşı tərəfdən şəxsiyyət vəsiqəsini və digər şəxsi məlumatları tələb etməlidir”.  

Vəkil, kiberdələzluqla məşğul olan şəxslərə hüquqi cəhətdən tətbiq olunan cəza tədbirlərini də qeyd edib: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 

Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.

Əmlak Məsələləri üzrə mütəxəssis “AİD CONSULTİNG” əmlak şirkətinin rəhbəri Vüsal Məstalıyev bildirib ki, bu yolla dələduzluq edən şəxslər olduqca çoxdur: “Ümumiyyətlə belə hadisələrə tez-tez rast gəlinir. Xüsusilə kirayə evə ehtiyacı olan insanlar bu halla qarşılaşır. Bəzən elan saytlarında bazar dəyərindən ucuz, təmirli və əşyalı kirayə ev elanları diqqətimizi cəlb edir və qeyd edilən nömrə ilə əlaqə saxlayaraq  evin qalıb-qalmamasını soruşuruq və gəlib baxacağımızı bildiririk, hətta evə baxış üçün müəyyən vaxt da təyin edirik. Lakin danışıqdan bir qədər sonra zəng vurub deyirlər ki, başqa əmlakçı da həmin ünvana müştəri gətirir. Ardıyca “fikriniz ciddidirsə beh atın ev yiyəsinə verim ki, evi sizin alacağınızı bilsinlər” deyərək öz “niyyət”lərini gerçəkləşdirməyə çalışırlar. Alıcı da həmin şəxsə inanıb beh göndərir. Bir müddət sonra isə həmin nömrəyə zəng çatmır və ya telefona cavab verilmir. Belə hallar nəinki kirayə ev axtaranların, həmçinin avtomobil alqı-satqısında da sıx şəkildə müşahidə olunur”.

Vüsal Məstalıyev dələduzluq halları ilə qarşılaşmamaq üçün əməl etməli olduğumuz nüansları da qeyd edib: “Bu cür hallardan sığortalanmaq üçün kirayə verilən evə gedib baxmaq lazımdır. Əgər ev xoşumuza gəlibsə mülkiyyətçi ilə görüşməli, və ya notariusda kirayə müqaviləsi bağlamaq lazımdır. İndiki zamanda kirayə müqaviləsini vergiyə görə çox az adam bağlayır. Lakin bağlanılsa yaxşı olar. Belə hallar nəinki kirayə elanlarında hətta satışı edilən əmlaklarda da başa gəlir. Avans ödəmək üçün kart istəyirlər və müştəri tələsərək kartın tam şəklini göndərir. Bir az sonra isə kartındakı pulların çəkildiyini öyrənir. Ona görə də hər şeydən öncə diqqətli olmalıyıq.

Günümüzün aktual probleminə çevrilən və getdikcə artan kiberdələduzluqla bağlı Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara tez-tez xəbərdarlıq edir və onları maksimum dərəcədə ehtiyatlı olmağa çağırır: "Bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün bir daha vətəndaşlarımızı internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağırırıq. Belə hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər.

Hədiyyə qazandınız kimi anidən gələn mesajlara inanmayın. Bütün hesablarınız üçün eyni paroldan istifadə etməyin. Şəxsi informasiyalarınızı heç kimlə bölüşməyin. Açıq mənbələrdə şəxsi məlumatlarınızı yaymayın.

Heç bir halda bank məlumatlarınızı digər şəxslərə təqdim etməyin. Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin. Bank kartında şəxsi məlumatları qorumaq vətəndaşın öhdəliyidir. Kiberdələduzların qurbanına çevirilməmək üçün tanımadığınız şəxslərdən gələn mesajları və bildirimləri açmayın. DİN vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır”.

Nərmin Əkbər

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh