Kiçik mühərrikli avtomobillərin böyük problemi - Niyə sığortalanmırlar?
Sürücülər üçün olduqca əhəmiyyətli olan məsələlərdən biri də avtomobili sığorta etdirməsidir. Lakin son zamanlar kiçik mühərrikli avtomobillərin icbari sığortası müşkül məsələyə çevrilib desək yanılmarıq. Belə ki, bəzi sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər. Sığorta agentlərinə tapşırılıb ki, mühərrik həcmi iki min kub santimetrə (2.0 l. mühərrik) qədər olan avtomobillərə icbari sığorta polisi yazılmasın. Hətta şirkətlər əməkdaşlıq etdikləri sığorta agentləri ilə yenilədikləri müqavilələrdə belə bu bəndi əlavə ediblər.
Qeyd edək ki, sığorta şirkətləri bu tələbə əməl etməyən agentləri komissiyadan məhrum etməklə cərimə edilirlər. Nəticədə sığorta agenti kiçik mühərrikli avtomobilləri sığortalamaqda maraqlı olmur. Digər tərəfdən, əksər sığorta şirkətləri onlayn qaydada bu avtomobillərin icbari sığortasını bloklayırlar.
Ortaya sual çıxır: Niyə?
Səbəb isə kiçik mühərrikli nəqliyyat vasitələrinin daha çox qəza riski ilə üzləşməsi ilə bağlıdır və şirkətlərin onları zərərli hesab etməsidir. Belə ki, sözügedən avtomobillər daha çox ya icarəyə verilir, ya da taksi fəaliyyəti üçün istifadə edilir. Törədilən qəzalarda da həmin nəqliyyat vasitələrinin payı çoxdur. Artan risklər və təmir xərcləri səbəbindən sığorta haqqının dəyən ziyanı qarşılamadığından bəzi şirkətlər bu qrupa aid avtomobilləri sığortalamaq istəmirlər. Amma nəzərə almaq lazımdır ki, bütün kiçik mühərrikli avtomobil sahibləri taksi fəaliyyətinə cəlb edilmir.
Bu barədə mütəxəssislər nə düşünür: Nə etməli?
Milli Məclisin deputatı Vüqar Bayramov “İki sahil”ə açıqlamasında bildirib ki, bu tip avtomobillərin icbari sığorta sisteminin təkmilləşdirilməsinə və bu istiqamətdə yeni qaydaların tətbiq edilməsinə ehtiyac var: “Kiçik mühərrikli və ya qiyməti aşağı olan avtomobillərin sığorta edilməsi əksər hallarda sığorta şirkətləri üçün cəlbedici olmur. Əslində, sığorta şirkətləri mühərrik gücündən asılı olmayaraq qanunla müəyyənləşdirilmiş tariflər çərçivəsində avtomobillərin icbari sığortasını həyata keçirməlidirlər. Bütün bunlar avtomobillərin icbari sığortalanması mexanizminin təkmilləşməsi məsələsini bir daha gündəmə gətirir. Mövcud problemin aradan qaldırılması üçün bütövlükdə avtomobillərin icbari sığortası mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Digər tərəfdən, sığorta şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilməlidir. Bununla da xüsusən kiçik mühərrikli avtomobillərin sığortalanması zamanı meydana çıxan çətinliklərin aradan qaldırılmasına nail olunması vacibdir.”
Nəqliyyat eksperti Elməddin Muradlı isə mövzu ilə bağlı qəzetimizə açıqlamasında qeyd edib ki, bu, sığorta şirkətlərinin yaratdığı problemdir: “Aydındır ki, risk yüksəkdir. Kiçik mühərrikli avtomobillər daha çox taksi kimi istifadə edilir. Belə olan halda onların törətdikləri nəqliyyat hadisələrinin sayı artır ki, sığorta şirkətləri də bu tipli avtomobilləri risk qrupuna salırlar və onları “qara siyahıya” daxil edirlər. Sığorta şirkətlərinin bundan imtina etməsi qanunsuz hərəkətdir.”
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu qanunsuzluğun aradan qalxması üçün aidiyyəti qurumlar ciddi tədbirlər görməlidirlər: “Diqqətə çatdırım ki, İcbari Sığorta haqqında qanuna görə heç bir şirkətin hüququ, səlahiyyəti yoxdur ki, hansısa avtomobilləri “qara siyahıya” salsın və onları sığorta etməkdən imtina etsin. Eyni zamanda, sığorta etdirmək istəyənlər də belə problemlərlə üzləşdikdə aidiyyəti orqanlara müraciət etməlidirlər. Maliyyə Nazirliyinin nəzarəti altında olan qurum, Mərkəzi Bankın bu istiqamətdə nəzarət mexanizmləri var. Zənnimcə, bu qurumlar icbari sığorta mövzusuna ciddi nəzarət etməlidirlər. Həmin şirkətlərin özbaşınalıqlarına son qoyulmalıdır”.
Ekspert onu da vurğulayıb ki, problemi üzdən yox, kökündən həll etmək lazımdır: “Tez-tez qəza törədən sürücülərə qarşı mexanizm sərtləşdirilməlidir. Belə sürücülər üçün sığorta ödənişləri artırılmalıdır. Bəlkə, belə olan halda onlar nəticə çıxararlar.”
Tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankından (AMB) bu məsələ barədə “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən sığorta şirkətləri cəzalandırılacaq: “Mülki Məcəllənin 907.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Odur ki, istənilən avtomobilin, o cümlədən mühərrikin həcmi 2001 kubsantimetrdən aşağı olan avtomobillərin sığortalanmasından imtina oluna bilməz.”
AMB-dən o da bildirilib ki, belə faktlarla qarşılaşan vətəndaşlar dərhal Mərkəzi Bankın qaynar xəttinə (966) müraciət edə bilərlər. Qurum diqqətə çatdırıb ki, müvafiq faktların aşkarlandığı halda Mərkəzi Bank tərəfindən hüquq pozuntusuna yol verən sığortaçılara qarşı qanunvericliyə uyğun olaraq nəzarət tədbirləri tətbiq olunacaq.