Banner

Kimdir günahkar: Keçidə məhəl qoymayan sürücülər, yoxsa piyadalar?

Yazarlar 19 Yanvar 2024 13:09 Oxunub 626
Kimdir günahkar: Keçidə məhəl qoymayan sürücülər, yoxsa piyadalar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Piyada keçidi ilə bağlı problemlər artıq illərdir ki, mövcuddur. Belə ki, bəzən yaxınlıqda keçid olduğu halda piyadalar bundan istifadə etmir, bəzən isə sürücülər piyada keçidinə məhəl qoymur. Bu isə müxtəlif problemlərə, o cümlədən insan itkisinə səbəb olur.

Bəs bunun qarşısını almaq üçün hansı işlər və maarifləndirici tədbirlər görülməlidir? Belə halların artması nədən qaynaqlanır? Hazırda qaydalara əməl etməyən sürücülərə hansı cəzalar verilir?

Tənbəllik edib keçiddən istifadə etmirlər və...

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda paytaxt yollarında kifayət qədər keçidlərin olduğunu demək çətindir: “Piyada keçidləri arasındakı məsafə də bir çox yerlərdə normal deyil. Fikrimcə, bu səbəbdən məsələyə ayrıca olaraq baxılmalıdır. Keçidlərarası məsafə çox önəmlidir. Çünki məsafə uzaq olduqda piyadalar tənbəllik edir və keçiddən istifadə etmirlər. Nəticədə qəza hadisəsi qaçılmaz olur. Ona görə də piyadalara nəzərdə tutulmuş cəzaların sərtləşdirilməsi üçün bəzi müzakirələr aparılır. Belə görünür ki, piyadalar qayda pozandan sonra ödədiyi 20 manat cərimə məbləğini cüzi hesab edir. Hətta 20 manata görə bəzi piyadalar demək olar ki, hər şeyi gözə alır. Amma cərimə məbləğinin artırılması təklifinin nə dərəcədə effektiv olacağını yalnız zaman göstərə bilər. Lakin hazırkı şəraitdə cərimənin artırılması müəyyən qədər effektiv ola bilər.

Cəzalar sərtləşdirilməlidir

Çünki 50 manat cərimə olunan piyada onun acısını aylarla hiss edəcək. Bu gün müvafiq orqanlar tərəfindən mütəmadi olaraq piyadalara və sürücülərə təbliğat işləri aparılır. Lakin təbliğatın nə dərəcədə effektiv olduğunu demək bir az çətindir. Çünki yol-nəqliyyat hadisəsi baş vermiş ərazidən görüntülər yayımlansa da, sabah eyni addım başqa piyada tərəfindən təkrar edilir. Bu baxımdan maarifləndirmə işləri ilə yanaşı, cəzalar sərtləşdirilməli və birmənalı şəkildə intensiv olaraq tətbiq edilməlidir”.

Qaydalara biganəlik piyadaları yol-nəqliyyat hadisəsinin qurbanına çevirir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli isə qeyd etdi ki, piyadaların təhlükəsiz şəkildə mənzil başına rahat və təhlükəsiz çatması üçün mütəmadi nəzarət profilaktik tədbirləri həyata keçirilir: “Lakin təəssüflə qeyd etməliyəm ki, görülən işlərə və edilən xəbərdarlıqlara baxmayaraq, bəzi piyadaların yol hərəkəti qaydalarına biganə yanaşmaları onları yol-nəqliyyat hadisəsinin qurbanına çevirir. Apardığımız müşahidələr də göstərir ki, paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə piyadaların iştirakı ilə baş vermiş qəzaların böyük əksəriyyəti yeraltı piyada keçidlərinin üstündə, yerüstü piyada keçidlərinin altında, bərabər və eyni səviyyəli piyada keçidlərinin yaxınlığında baş verir. Piyadalar bu kimi məsələlərə səthi yanaşaraq onların hərəkəti nəzərdə tutulmayan yerlərdən keçirlər. Nəticədə bu, yol-nəqliyyat hadisəsinə səbəb olur.

Bəzən piyadalar zolağı görən zaman yolun onların olduğunu düşünürlər

Qəzaların qarşısını almaq məqsədilə paytaxtın bir çox yol-nəqliyyat hadisəsi baş vermiş küçə və prospektlərində biz piyadaları saxlayaraq profilaktik söhbətlər aparırıq. Eyni zamanda, onlara həmin yerdə daha əvvəl piyada iştirakı ilə baş vermiş qəza hadisəsinin görüntülərini göstəririk. Məqsədimiz onların bundan nəticə çıxarması və yolu düzgün qaydada keçmələri ilə bağlı maarifləndirməkdir. Nəzərə almaq lazımdır ki, piyada həm özünün, həm də digər yol-nəqliyyat iştirakçılarının xüsusilə də, sürücülərin həyatını təhlükəyə atır. Bəzən piyada sürücünün qarşısına anidən çıxır, bu zaman sürücü sərnişini vurmamaq üçün manevr edir. Bu isə başqa yol-nəqliyyat hadisəsinin baş verməsi ilə nəticələnir. Bəzən piyadalar piyada zolağı görən zaman birmənalı şəkildə yolun onların olduğunu düşünürlər. Lakin yolu keçərkən keçidin nizamlanmış-nizamlanmamış olmasına diqqət yetirilməlidir. Nizamlanmayan piyada keçidində piyada sürücülərin ona yol verməsini nəzərə aldıqdan sonra yolu keçməlidir. Həmçinin piyada yolun hərəkət hissəsində ləngiməməlidir. Sürücülər də bu məsələdə xüsusi diqqətli olmalıdır. Onların üzərinə böyük məsuliyyət düşür. Sürücülər nəzərə almalıdır ki, hər an qarşısına maneə və ya piyada çıxa bilər. Ona görə də sürət həddini elə seçməlidir ki, qarşısına anidən piyada çıxdıqda nəqliyyat vasitəsini rahat və təhlükəsiz şəkildə saxlaya bilsin. Piyadalardan xüsusilə sutkanın qaranlıq vaxtında, məhdud görmə şəraiti olan ərazilərdə işıq qaytarıcı elementləri olan paltarlardan istifadə etməyə üstünlük vermələrini xahiş edirik. Bəzi yerlərdə, xüsusilə küçə və prospektlərdə sürücülər tərəfindən piyadalara yol verilmir. Bu da İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsi ilə tənzimlənir və sürücü barəsində 50 manat məbləğində cərimə nəzərdə tutulur. Qaydanı pozan piyadalara cəza isə sözügedən məcəllənin 338-ci maddəsi ilə tənzimlənir və onlara 20 manat məbləğində cərimə nəzərdə tutulur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh