Kirayə ev bazarı: problemlər və həlli yolları - EKSPERTDƏN TƏKLİF

Yazarlar 30 Sentyabr 2023 10:06 Oxunub 502
Kirayə ev bazarı:  problemlər və həlli yolları - EKSPERTDƏN TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkə əhalisinin sayındakı artım yaşayış yerlərinə tələbatın artmasına gətirib çıxarır. Davamlı yüksəlməkdə olan bu göstərici paytaxta axını da çoxaldır. Özəlliklə iş, təhsil məqsədilə Bakıya üz tutan insanlar xüsusi kütlə təşkil edir. Bu baxımdan kirayəyə verilən evlərə, icarəyə götürülən obyektlərə tələbat da artır. 


Tələbatdan irəli gələn ehtiyac hissi isə sahəylə məşğul olan satış təmsilçilərinin sayına da təsir göstərir. Təbii ki, artımı fürsətə çevirən satış təmsilçiləri ilk olaraq qiyməti yüksəldir. 
Xüsusilə son illərdə gözlə görünən yüksəliş qiymətlərin qalxmasına səbəb olub. Belə ki, kirayə ev və obyektlərin qiymətində 20-30 faiz artım müşahidə olunur. Kirayəyə verilən evin, iaşə obyektlərinin komfortu, həcmi, şəhərə yaxınlığı ödəniləcək məbləğə təsir edən amillərdəndir. Lakin sadaladığımız faktorların aşağı səviyyədə olması ucuzluğa işarə etmir. Bu işdə satış təmsilçisinin rolu böyük olsa da ümumilikdə qiymət artımı bütün səviyyədə olan ev və iaşə obyektləri üçün keçərlidir.  


Kirayə üçün müraciət edən müştəri münasib qiymətə ən azından orta təminatlı ev istəyir. Lakin qiymət standartlarındakı artım onun vermək istədiyi məbləğlə arzuladığı komfortu ödəmir. Məsələn, təhsili üçün paytaxta gələn tələbəyə ucuz qiymətə ev tutmaq önəmlidir. Təbii ki, işləməyən biri üçün bu olduqca vacibdir. Lakin ikinci əsas nüans da yaşayacağı evin təhsil müəsisəsinə yaxın olmasıdır. Çünki onun üçün yola ayıracağı məbləğin az olması, vaxt itkisi ilə qarşılaşmamaq da əsas məsələdir. Buna görə də tələbələrin qrup şəklində evi bölüşdüyünü və ödəməli olduqları məbləği aralarında ayıraraq verdiklərini görə bilərik. Çətin olsa da şəraitə görə uyğunlaşanlar da az deyil. Eyni zamanda daha aşağı standartlara sahib, otaq sayı az (adətən 1) evlər onlar üçün münasib seçimdir. 


Xaricə nəzər salsaq elə uzağa getmədən qardaş Türkiyədə insanların şəxsi evlərindən daha çox kirayədə qaldıqlarının şahidi olarıq. Xüsusilə rayon, kəndlərdən daha iri bölgələrə, şəhərlərə axın edilməsi həmin ərazilərdə kirayəyə verilən evlərin sayının artmasıyla nəticələnir. İşin maraqlı tərəfi isə əhalinin böyük qisminin kirayədə yaşamağı bəyənməsi və alışqanlıq halına çevirməsidir. Həmçinin burada tez-tez ev dəyişən insanlar da çoxluq təşkil edir. Eyni zamanda ölkəyə turist axınının yüksək olması da kirayə sahəsində canlanmaya səbəb olur. Ölkə vətəndaşlarıyla yanaşı xarici nümayəndələrin çoxluğu kirayə evlərin, iaşə obyektlərinin artımına təsir göstərir. 
Ölkəmizdə ailələr arasında da kirayədə yaşayanlar çoxdur. Son illərdə qurulan ailələrin demək olar ki yarıdan çoxu ailədən kənar yaşamağa meyillidir. Bu da öz növbəsində kirayə evlərə olan tələbatın yüksəlməsinə şarait yaradır. Lakin önəmli məqam iş, yaxud təhsilə görə üz tutan insanlardan fərqli olaraq ailələr üçün evin yüksək standartlara cavab verməsidir. Otaq sayının artması, evin lazımi təchizatı, komfortunun yüksək olması onun qiymətinin yüksəlməsi deməkdir. Belə olduqda ailənin gəlir məbləğinin yüksək olması şərtdir, əks halda çətinlik yaranır. İnsanın şəxsi təlıbatlarıyla yanaşı evin kommunal xərcləri də ödənilməli xərclər siyahısındadır. Məhz bu səbəblərdən daha uyğun qiymətə ev seçimi onlar üçün vacibdir. Ortalama qiymət göstəricilərinin artması isə seçim şansını məhdudlaşdırır.


Digər tərəfdən iş yerlərinin, ofislərin icarəsində də müəyyən məqamlar əsas götürülərək məbləğ dəyişir. Ofislərin, iaşə obyektlərinin də icarə qiymətində artım demək olar ki, evlərlə eyni dərəcədədir. Şəhərə yaxın, mərkəzdə yerləşən və təmiri əla səviyyədə olan ofislərin icarə qiyməti daha yüksəkdir. Fəaliyyət göstərdiyi sahəyə uyğun ərazilərin seçilməsi əsas götürülməklə sahibkar üçün rahat təminatla yanaşı müştəri cəlbi, obyektin gözə çarpan ərazidə yerləşməsi, insanların sıx olduğu məkanda olması vacib faktordur.


Avtosfer.az-a ətraflı açıqlama verən Əmlak Məsələləri üzrə mütəxəssis Vüsal Məstəliyev mövzuyla bağlı ətraflı məlumat verdi: “Məlumdur ki, Bakı şəhəri üzrə yaşayış evlərinə tələbat yüksək səviyyədədir. Məhz tələbat çox olduğu üçün icarə haqları da artıb. Buna əsas səbəb əksər regionlarımızda işsizliyin hökm sürməsini və universitet, kollec tələbələrinin axınını göstərmək olar. Şəhərə iş üçün və oxumağa gələn vətəndaşlar kirayə qalmağa məcburdurlar. Bu səbəbdən yaşayış evlərini icarəyə verənlər tələbatın çox olmasından istifadə edərək icarə qiymətlərini artırmaqda maraqlıdırlar. 


İcarə qiymətlərinin fərqlərinə gəldikdə isə əsasən ictimai iaşə obyektlərinə, ictimai nəqliyyata yaxın olan ərazilərdə icarə qiymətləri yüksəkdir. Köhnə tikililərə nisbətən yeni tikililərdə icarə haqqı təminatlığı, genişliyi nəzərə alaraq yüksəkdir. Həmçinin tutaq ki, əşyasız yaşayış evinin aylıq kirayə haqqı minimum 350-400 manatdırsa icarəçi cuzi vəsait hesabına ikinci əl əşyaları alaraq icarəyə verdiyi evləri əşyayla təmin edərək qiymətini qaldırmaqda maraqlıdır. Şəhərin mərkəzi hissələrində isə icarə qiymətlərinin yüksək olmasını xarici vətəndaşların axını ilə əlaqələndirmək olar. Qeyri-yaşayış sahələrinin icarəsinə gəldikdə isə əsasən, ofislərə tələbatın yüksək olması və qiymət artımı nəzərə çarpan dərəcədədir. Ofislərə nisbətən obyektlərin icarə qiymətində artım müşahidə edilmir. Çox cüzi səviyyədə ancaq metro ətraflarında olan obyektlərin icarəsində canlanma var.
Əlavə olaraq onu da qeyd edim ki, daşınmaz əmlakın icarəsi daima passiv gəlir olduğu üçün daşınmaz əmlak alaraq icarəyə vermək təhlükəsizlik və risk baxımından çox əla investisiya qoyumudur”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh