Banner

Köhnə avtomobillər sonumuzu hara aparır? - Çirkli gələcəyə ya daha dəhşətli sonluğa… - ARAŞDIRMA

Yazarlar 20 Dekabr 2022 13:09 Oxunub 1154
Köhnə avtomobillər sonumuzu hara aparır?  - Çirkli gələcəyə ya daha dəhşətli sonluğa… - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İstər paytaxtda, istərsə də ətraf ərazilərdə köhnə avtomobillərə tez-tez  rast gəlmək mümkündür. Hətta elə avtomobillər var ki, sözün əsl mənasında “Sovetin qalığı” olsa da, hələ də istismar edilir. Sanki insanlar bu avtomobillərdən istifadə etməklə ətraf mühitə vurduqları ziyanın fərqində deyillər. 

Bəs, sözügedən avtomobillər dövriyyədən necə çıxarılmalıdır? Çıxarılarsa proses necə həyata keçirilməlidir?       

Məsələ ilə bağlı Ednews-a danışan nəqliyyat eksperti Elməddin Muradlı hazırda ölkəmizdə hansısa ilin istehsalı olan avtomobillərin istismarına qadağa olmadığını bildirib: 

“Lakin 2018-ci ilin dekabr ayında təsdiq olunmuş və 2019-2023-cü illəri əhatə edən yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında bu məsələ öz əksini tapıb. Proqramda köhnə avtomobillərin utilizasiya prosesinin həyata keçirilməsi də qeyd edilib. Bu prosesin həyata keçirilməsi isə çox da asan bir məsələ deyil”. 

Ekspert həmçinin məsələnin çox qəliz olduğunu, bunun əsas səbəbinin isə Azərbaycanda bugünə qədər belə bir təcrübənin olmamasıdır. 

“Sadəcə müəyyən standardlar var ki, onlar mütləq şəkildə tətbiq olunmalıdır. Düşünürəm ki, bununla bağlı qanunvericiliyə də dəyişiklik edilməlidir. Utilizasiya prosesi bir mərhələ olaraq həyata keçirilə bilər. (Köhnə avtomobillərin yığışdırılması və s.) Sonradan hansı hallarda nəqliyyat vasitələri idarə olunmamalıdır haqqında qanunvericiliyi möhkəmləndirmək lazımdır. Vətəndaşlar görsə ki, köhnə avtomobillərə dövlət tərəfindən müəyyən güzəştlər edilir, stimullaşdırıcı addımlar həyata keçirilir, insanlar gedib birbaşa köhnə avtomobil alacaqlar ki, dövlət onu bizdən alıb qarşılığında pul versin. Yaxud qarşılığında qəbz verəcək, insanlar bundan istifadə edəcəklər”. 

E.Muradlı ümumi standardların müəyyənləşməsinin vacibliyini də vurğulayıb: 

“Eyni zamanda həmin nəqliyyat vasitəsinin kriteriyaları və texniki parametrləri müəyyən olunmalıdır. Belə olduğu halda bu proses özlüyündə tənzimlənəcək. Vətəndaş da bilməlidir ki, artıq bu maşının işıq sistemi olmaya-olmaya, qapıları sallana-sallana sürmək olmaz. Əgər bu hal baş versə, əvvəlcə yol polisi həmin avtomobili cərimə meydançasına aparsın, daha sonra isə “maşın ölüxanası”-na təhvil versin”. 

O, vətəndaşların da yanlış fikirdə olduğunu deyib : 

“Amma vətəndaş arxayındır, nəyə arxayındır bilmirəm, elə maşını “başını yerə qoyana qədər” sürməyə davam edir. Hər bir halda maşının ilinə görə qərar vermək doğru deyil, məsələyə fərdi şəkildə yanaşılmalıdır. Çünki, 40 il bundan əvvəl istehsal olunan avtomobillə müqayisədə daha saz vəziyyətdədir”. 

Eldəniz Cəfərov isə prosesin həyata keçirilməsində vergi qiymətlərinin önəmini vurğulayıb: 

“ Hər bir ölkədə bu proses fərqlidir. Ümumilikdə isə, proses köhnə avtomobillərə qoyulan vergilərin,sığorta xərclərinin artırılması, ekoloji vergilərin tətbiq edilməsi ilə həyata keçirilə bilər”. 

Ekspert utilizasiya prosesinin müxtəlifliyi məsələsinə də toxunub:

“Elə ölkələr var ki, avtomobilin utilizasiyası dövlət hesabına deyil, məhz sürücünün öz hesabına baş tutur. Utilizasiya proqramı isə həm könüllü, həm də məcburi həyata keçirilir”. 

Eldəniz Cəfərov həmçinin ölkəyə gətirilən avtomobillərin qadağası barədə də danışıb:

“Azərbaycana avtomobillərin gətirilməsi yalnlz onların istehsal ili ilə deyil, həm də ekoloji cəhətdən AVRO 4 standardlara cavab verməsi ilə tənzimlənir. İstehsal illəri isə ölkələrə görə müxtəlifdir. Məsələn avropa istehsalı avtomobillər 2006-cı ildən, ABŞ istehsalı olan avtomobillər isə 2012-ci ildən etibarən ölkəmizə buraxılır. Bu illər də həmin standardlara görə tənzimlənir”. 

Qeyd edək ki, Azərbaycanda atmosferin çirklənməsində ən böyük amil nəqliyyat vasitələrinin havaya buraxdığı karbon oksiddir. Bu qazın miqdarı isə ölkələrə görə dəyişir. Belə ki, Azərbaycanda əksər avtomobillərdə karbon oksidin norması 0,3 % olduğu gedərək 5%-ə qədər yüksəlir. Xarici ölkələrdən gətirilən abtomobillərin əksəriyyətində isə avtomobillərin karbon oksid miqdarı normadan çoxdur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh