Köhnə avtomobillər yığışdırılır: sürücüləri necə razı salaq? - Ekspetrdən TƏKLİF
Azərbaycanda köhnə və yararsız nəqliyyat vasitələrinin təkrar emalı prosesinə başlanılıb.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov mediaya açıqlamasında Azərbaycanda köhnə və yararsız nəqliyyat vasitələrinin utilizasiyası (red.-təkrar emalı) ilə bağlı layihənin artıq hazır olduğunu bildirib. Onun sözlərinə görə, utilizasiya proqramı könüllülük əsasında tətbiq olunmaqla stimullaşdırıcı tədbirlər həyata keçiriləcək.
Lakin sürücülərin bu məsələyə münasibəti heç də birmənalı deyil. Belə ki, sosial şəbəkələrdə bir çox sürücü avtomobillərini təkrar emala göndərmək istəmədiyini dilə gətirib.
Məsələ ilə bağlı Ednews-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, utilizasiya prosesi İlham Əliyev tərəfindən təsdiq olunmuş “Yol hərəkətinin təhlükəsizliyinə dair qanun”da öz əksini tapır.
“Orada açıq şəkildə göstərilir ki, bu avtomobillər ekoloji cəhətdən günün tələblərinə uyğun gəlmir. Avtomobillərdəki texniki nasazlıq yol nəqliyyat hadisələrində ölüm və xəsarət riskini də artırır. Odur ki, belə avtomobillərin istismarda olması təhlükəlidir”.
Ekpert qeyd edib ki, bəzi ölkələr köhnə avtomobili alır və ya aşağı faizlə yeni avtomobilləri kreditlə təqdim edir və beləcə, köhnə nəqliyyat vasitələrini istismardan çıxarırlar.
“Bu Azərbaycanda real görünmür, çünki özümüzdə avtomobil istehsalı yoxdur. Yalnız başqa ölkələrlə müştərək istehsal var. Yəqin ki, stimullaşdırıcı addımlar kimi bizdə də aşağı kredit şərtləri ilə avtomobillərin təqdim və təklif olunması irəli sürüləcək. Düşünürəm ki, ilk növbədə ətraf mühiti daha az çirkləndirən hibrid avtomobillərə, infrastruktur qurulandan sonra elektromobillərə üstünlük verilməlidir”.
Onun sözlərinə görə, təşviq üsullarından biri də istehsal ili qismən yeni olan avtomobillərin ölkəyə gətirilmsində güzəştlərin tətbiq edilməsidir.
“Köhnə avtomobil sahibi avtomobilini təhvil verərkən dövlət tərəfindən ona çek təqdim edilir və o çeki göstərməklə ölkəyə az işlənmiş ikinci əl Avro 5 və ya 6 standartına uyğun avtomobil gətirir. Gömrük rəsmiləşdirilməsində və ya DYP tərəfindən qeydiyyata alınmada vətəndaşa güzəştlər tətbiq olunur. Adi vətəndaş bunun üçün 10 min manat xərc çəkirsə, həmin vətəndaş 5 min manat xərc çəkməklə avtomobili əldə edəcək”.
Ekspert sonda əlavə edib ki, istənilən halda bu maşınların artıq istismar dövrü bitib və ətraf mühiti çox çirkləndirirlər, təhlükəsizlik elementləri isə yox səviyyəsindədir. Buna görə belə maşınları idarə etmək ölümə daha da yaxınlaşmaq deməkdir.