Köhnə maşınların yığışdırılmasının zamanı gəlib - Ekspert
Bugünlərdə Milli Məclisin keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib. Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova bildirib ki, ötən illərlə müqayisədə 2017-ci ildə ölkədə avtoqəzaların və bunun nəticəsində ölüm hallarının sayı artmaqdadır. "Bir neçə il bundan qabaq təklif irəli sürmüşdüm ki, qonşu ölkələrin, o cümlədən Rusiyanın təcrübəsini öyrənək. Yəni, köhnə model maşınları, xüsusilə də sovet istehsalı olan maşınları yol hərəkətindən çıxaraq".
Müzakirələrdən sonra qanuna edilən dəyişiklik səsə qoyularaq qəbul edilib. Əsas məsələ isə köhnə model maşın sahiblərinin sonrakı taleyidir. Belə sürücülərin hüquqlarının pozulub-pozulmaması ilə bağlı Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı "Şərq"ə danışıb. O bildirib ki, artıq bu cür maşınların prizmadan yığışdırılmasının zamanı gəlib. Kimsə ailəsini dolandıra bilər, amma bu adam gedib qəzaya düşsə ordan sağ çıxmaq şansı yoxdur.
E.Muradlı həmçinin bildirib ki, əvvəllər Dövlət Yol Polisi (DYP) əməkdaşlarının bu məsələ ilə bağlı heç bir səlahiyyətləri yox idi. Onlar maşını cərimə meydançasına aparsalar da sürücülər müxtəlif yollarla maşını yenidən geri götürürdülər. Lakin, qanun qəbul edildikdən sonra belə hallar daha baş verməyəcək: "Söhbət burda avtomobilin saz və nasaz olmasından gedir. Nasaz avtomobil yol hərəkətində iştirak edirsə, onun detallarının yararsız vəziyyətdə olduğu aşkardırsa, eyni zamanda texniki baxış zamanı və yaxud da Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılır. DYP əməkdaşları həmin nəqliyyat vasitəsini istismardan kənarlaşdırır. DYP əməkdaşları humanistlik göstərir, bəzən isə hansısa məqsəd güdərək maşınların hərəkətinə göz yumurlar. Fikirləşirlər ki, biri ailəsini dolandırır, biri dəmir daşıyır çörək pulu qazanır. Şəxsən mən tanıyıram o cür avtomobil sürənlərin qapısında kifayət qədər bahalı, samballı maşın var. Amma köhnə maşın onun çörək ağacıdı. İndi bu adam çörək qazanacaq deyə kimsə yolda qəzaya düşüb bədbəxt olmalıdırmı? Ümumiyyətlə, bu maşınların 70-80 faizi texniki baxışdan keçmir.
Bu maşınların heç bir dəyəri yoxdu. Gedib soruşsan ən bahalısı min dollar olacaq. Bəlkə ondan da aşağı. Dövlət tərəfindən həmin avtomobilin sürücülərinə müəyyən kompensasiya verilə bilər. Rusiya təcrübəsində artıq 92-ci ildən sonrakı maşınlar dövlət tərəfindən alınır və əvəzində kompensasiya verilir. Ancaq Rusiyanın avtomobil sənayesi kifayət qədər inkişaf edib. Orda istənilən qiymətə avtomobil tapmaq mümkündür. Bunu Azərbaycan haqqında demək bir balaca çətindir. Ölkəmizdə avtomobil sənayesi yüksək dərəcədə inkişaf etməyib. Başa düşürəm, kimsə ailəsini dolandırır, amma bu adam gedib hardasa qəzaya düşsə ordan sağ çıxmaq şansı yoxdur. İnsanın özünün gərək təfəkkürü, düşüncəsi ola. Bu insan bilməlidir ki, maşında yox, tabutun içində gedir. Nəinki mən, çox adam belə maşınlara tabut deyir. İnsanlara bunu mədəni qaydada başa salmaq lazımdır ki, bu təhlükəlidir".
Ekspertin sözlərinə görə, bu cür məsələlərdə əksər hallarda insanların düşüncəsi tamamilə başqa istiqamətə yönəlir.
Sosial şəbəkələrdə bu tipli yazılar paylaşanda hamı qəhrəmana çevrilir, hamı o insanın taleyi ilə maraqlanır, düşünür ki, o insan neynəməlidir, necə dolanmalıdır? "Amma tutaq ki, o sürücü bir hadisə törədib, insanlar başlayır ki, "bəs yol polisi hara baxırdı?", "niyə bu dövlət strukturları işləmir?". Bu gün üçün insanların ağzı ilə oturub-durmaq geridə qalmış bir məsələdir. Təhlükəsizlik üçün gərəkli addımlar atılmalıdır və qaydalar hər kəs üçün aydın olmalıdır. Milli Məclisin qəbul etdiyi qanun faydalıdır və bu baxımdan problemlərin aradan qalxmasına kömək edəcək. Lakin bu məsələni tezliklə həll eləmək mümkün olmayacaq, çünki gözləmək lazımdır ki, Prezident qanunun qüvvəyə minməsi barədə qərar versin. Qanun tətbiq olunandan sonra yəqin ki, bir mexanizm hazırlanmalıdır. Bir müddət sonra artıq bu məsələlər öz həllini tapacaq. Bildiyiniz kimi Azərbaycanda son illər beynəlxalq yarışlar keçirilir, turizm sektorunun inkişafı demək olar ki, göz önündədir. Belə bir şəraitdə bu cür avtomobillərin küçələrdə hərəkəti lazımsızdır. Bu maşınlar konkret təhlükədir. Kiminsə canını alacaq".