Banner

Kökü məlum, həlli mümkün olmayan problem; avtobus sürücləri

Yazarlar 23 Dekabr 2014 17:15 Oxunub 2285
Kökü məlum, həlli mümkün olmayan problem; avtobus sürücləri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Gün ərzində sırf avtobus sürücülərinin cərimələnməsi ilə bağlı 100-dən artıq fotomaterial hazırlanır»

 

Ərşad Hüseynov: «1000 manat qazanan avtobus sürücüsünü himayə edən olmasa, bir dövrədə 200 manatlıq cəriməni özünə rəva görməz»

 

İnternetdə, sosial şəbəkələrdə avtobus sürüclərinin yol hərəkəti qaydalarını pozması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Ən son yerləşdirilən video isə 193 saylı sərnişin avtobusunun «avtoş»luq etməsidir. Avtobus yol boyu bütün qanunları tapdalayıb. Addımbaşı maşını saxlayıb, sərnişinləri mindirib, avtobusu bir xətdən digərinə keçirib, qoşa xətti tapdayıb, digər avtomobillərin hərəkətinə mane olub. Piyadaların və avtobusdakı sərnişinlərin həyatına təhlükə törədib.

Belə hallara qarşı tədbirlər görüldüyü deyilsə, marşrutların «qaynar xətt»i yaradılsa da, problem həll olunmur.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Üç nöqtə”yə bildirdi ki, sürücülərin tək-tək törədikləri xətaları aşkar edib tədbir görməklə problem həll olunmayacaq: «Problemin kökünü tapıb kəsmək lazımdır. Əslində, kök bəllidir və xüsusi araşdırmaya da ehtiyac yoxdur. Bu gün Bakı şəhərində sərnişin daşımaları ilə məşğul olan ayrı-ayrı təşkilatların, insanların maddi marağı var. Həmin maddi maraq yol hərəkəti qaydalarından, insan həyatından, Dövlət Yol Polisinin xidməti səlahiyyətlərindən, onların xidmətə yanaşmasından, Nəqliyyat Nazirliyinin nəqliyyat müfəttişlərinin xidməti yanaşmasından üstündür. Kimlərisə ələ alırlar, kimlərəsə təzyiq edirlər, kimlərləsə dostdurlar, yaxud, nəzarət edən adamın özünün marağı var və sair. Bunun nəticəsində isə mövcud problemlər ortaya çıxır. Bax, bunun qarşısını almaq lazımdır».

Ekspertin sözlərinə görə, 1000 manat qazanan avtobus sürücüsünü himayə edən olmasa, bir dövrədə 200 manatlıq cəriməni özünə rəva görməz: «Avtobus sürücüsü ayda ən çoxu 1000 manat qazana bilər. Mən özüm arada marşrutdan istifadə edirəm. Bir dəfə mən mənzil başına çatana qədər həmin sürücü 200 manatlıq pul cəriməsi, 10-12 ballıq qayda pozuntusu törətdi. Bunun cəriməsini heç bir sürücü özünə rəva görməz. Detallarını araşdırsaq görərik ki, qaydaları pozaraq hərəkət edən sürücüləri qul kimi istismar edirlər. Normal əmək hüquqları yoxdur. Həmin hərəkətləri edən avtobus sürücüsü qəza edib, adam vurub öldürdükdə isə arxasında heç kim dayanmır. Həbsə düşəndən sonra həmin sürücülər peşman olurlar».

Ə.Hüseynov deyir ki, səmimi şəkildə bu problemlə mübarizə aparmaq lazımdır. Yola vermək, gözdən pərdə asmaq üçün, «reyd keçiririk» kimi yox: “Reydə ehtiyac yoxdur. Hərə öz funksiyanı yerinə yetirsə, reydlərə ehtiyac qalmaz”.  

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə deyir ki, bəzən belə bir təsəvvür yaranır ki, guya yol polisi tərəfindən avtobus sürücülərinə qarşı tədbirlər keçirilmədiyindən bu kimi hallar baş verir: “Əslində, belə deyil. Bu təbliğatı vacib olan məsələdir. Bakı şəhəri ərazisindəki asayişin qorunması və yol hərəkətində təhülkəsizliyin təmin edilməsi ilə əlaqədar quraşdırılmış kameraların köməkliyi ilə bütövlükdə gün ərzində kimliyindən asılı olmayaraq yol hərəkəti qaydası pozulursa, hətta günün qaranlıq vaxtları belə dərhal avtomatik olaraq fotomaterialı hazırlanır. Gün ərzində sırf avtobus sürücülərinin cərimələnməsi ilə bağlı 100-dən artıq fotomaterial hazırlanır. Bundan başqa, əməkdaşlarımızın təhkim edildiyi ərazilərdə də kobud yol hərəkəti qaydalarını pozan avtobus sürücülərini aşkar etdikdə, onları da məsuliyyətə cəlb edirik».

V.Əsədov deyir ki, internetdə marşrut avtobuslarının qayda pozuntuları ilə bağlı videoların müxtəlif vətəndaşlar tərəfindən yerləşdirilməsi müsbət haldır: “Hər kəs bu gün telefonla istədiyi fotomaterialı çəkib internetə yerləşdirə bilir. Bu yaxşı haldır. Əslində, internet və digər sosial şəbəkələrdə texniki vasitələrin köməkliyi ilə çəkilən xətalar yayılırsa, bu, artıq həmin şəxs barədə tədbirlərin görülməsinə şərait yaradır. Əgər yeni videodursa, araşdırma gedir və həmin sürücü tapılıb məsuliyyətə cəlb olunur. Qoy, bunu cəmiyyət düzgün qəbul etsin. Roliklərin yayılması və yaxud roliklərin təbliğatının aparılması belə bir təsəvvür yaratmasın ki, guya bunlar cəzasız qalırlar. Bu gün hər kəs bilir ki, avtobus sürücüləri arasında kobud yol hərəkəti qaydalarını pozanlar var. Sərnişindaşıma ilə əlaqədar ilin əvvəlindən bu günə qədər Bakı şəhəri üzrə təhlükəsizliyi təmin edərkən 3 minə yaxın inzibati qaydada protokol tərtib edilib. 31 avtobus sürücüsünə sərnişinlərlə dolu yanacaqdoldurma məntəqəsinə daxil olduğu üçün protokol yazılıb. Qanunla bu, qadağandır. Avtobusda yüksəktonlu səs siqnallarından istifadəyə görə cərimə edilənlər də var. Tərtib edilən protokollar arasında dayanacaqdan kənarda, yolların hərəkət hissəsində - ikinci cərgədə sərnişinlərin düşüb-minməsini təmin etmə halları çoxluq təşkil edir. Biz yol polisi olaraq bu istiqamətlər üzrə tədbirlər həyata keçiririk. İstənilən halda yol polisi funksional vəzifəsini yerinə yetirməlidir».

 

Aygün Asimqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh