Banner

Komissiyanın Bakıya girişi məhdudlaşdırmaq səlahiyyəti yoxdur

Yazarlar 3 İyul 2015 12:28 Oxunub 1909
Komissiyanın Bakıya girişi məhdudlaşdırmaq səlahiyyəti yoxdur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti yalnız bu hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər

Dünən xəbər yayıldı ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası (YHTK) rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə yalnız gecə saatlarında (bəzi xəbərlərdə 24.00-07.00, bəzilərində isə 22.00-07.00 aralığı deyilir) buraxılması barədə qərar qəbul etməyə hazırlaşır. Bakı şəhərinə avtomobillərin girişinin məhdudlaşdırılacağı ilə bağlı başqa xəbərlər də yayılır. Bütün bu söz-söhbətin bircə yaxşı əlaməti var: bunlar Bakı şəhərində nəqliyyat gərginliyini azaltmağa yönəlib. Bu xoş məqsəddən başqa həmin söz-söhbətdə heç bir məntiq və hüquqi əsas yoxdur. Bəli, ən başlıcası odur ki, YHTK-nın bu məzmunlu məhdudiyyət tətbiq edtmək səlahiyyəti birmənalı olaraq yoxdur. Qanunvericiliyə nəzər salaq.

YHTK-nın hüquqi stasu və səlahiyyətləri Nazirlər Kabinetinin 1999-cu il 11 avqust tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndində bu Komissiyanının səlahiyyətlərindən biri olaraq bu göstərilir: Komissiya dövlət əhəmiyyətli yollarda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edir. Amma YHTK icra orqanıdır və öz səlahiyyətlərini qanunla müəyyən edilən məzmunda icra edir. Yollarda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi hallarını və şərtlərini isə “Yol hərəkəti haqqaında” Qanun çox aydın şəkildə müəyyən edir. Qanunun 12-ci maddəsinin 1-ci hissəsini nəzərinizə çatdırıram:

I. Yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər:

1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə;

2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə;

3) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda;

4) hava-iqlim şəraiti xeyli pisləşdikdə;

5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə.

Göstərilən hallardan başqa hər hansı digər səbəb və ya bəhanə ilə yol hərəkətinin məhdudlaşdırılması mümkün deyil. Özü də Qanunda xüsusi vurğulandığı kimi belə məhdudiyyət və qadağa yalnız və yalnız müvəqqəti ola bilər. Əslində məhdudiyyət və qadağanın tətbiqi hallarının hamısı keçici xarakter daşıyır, ona görə də məhdudiyyət və ya qadağa bu hal (problem) aradan qaldırılana qədər tətbiq oluna bilər (məsələn, Avropa Oyunları dövründə olduğu kimi). 

Beləliklə, yuxarıda istinad etdiyimiz Qanunda Bakı şəhərinə qeri-Bakı avtomobillərin buraxılmaması məzmununda məhdudiyyət və qadağaya səbəb olacaq hər hansı hal və ya əsas nəzərdə tutulmur.

Danışılan qərarın qanunsuz olmasını təsdiqləyən ikinci əsas da elə istinad etiyimiz normadadır. Qanunun müddəalarına diqqətlə yanaşsaq, görərik ki, söhbət konkret yolda və ya yollarda hərəkətə məhdudiyyət və ya qadağa qoyulmasından gedir. Bütöv yaşayış məntəqəsinə, özü də ölkənin paytaxtına, əsas işgüzar mərkəzinə girişin qadağan edilməsi, yaxud bu qadağanın yalnız paytaxt sakini olmayanlara şamil edilməsi nəzərdə tutulmur. Bu, məntiqsiz və absurddur. 

Danışılan məhdudiyyət həm də yersizdir. Onun deyilən qaydada tətbiqi heç nəyi həll etməyəcək və əslində yeni, fəqli məzmunlu problemlər yaradacaq (bu barədə bir neçə gün əvvəl dərc olunan yazımda ətraflı qeyd etmişdim). 

Bir sözlə, YHTK-nın Bakı şəhərinə qeyri-Bakı avtomobillərinin daxil olmasını məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyəti yoxdur. Belə bir məhdudiyyət və qadağanın Bakı şəhərində sixlığın azaldılması baxımından da əhəmiyyəti yoxdur. Əksinə tətbiq ediləcəyi halda belə qanunazidd məhdudiyyət və qadağa ayrı-seçkilik anlamına gəlməcək, üstəlik yeni daha ciddi problemlər doğuracaq.

Bakı şəhərində nəqliyyat sıxlığını azaltmaq üçün şəhərin yol infrastrukturunu yaxşılaşdırmaq (bərbad vəziyyətdə olan, yaxud qanunsuz zəbt edilmiş küçələri azad edərək nəqliyyat prosesinə qoşmaq, qanunsuz və yol ifrasrtukturuna uyğun gəlməyən tikililərin qarşısı alıaq, yeni yollar salmaq və s.), ictimai nəqliyyatı, xüsusən də şəhərin ətrafı ilə mərkəzini birləşdirən ictimai nəqliyyatı ideal vəziyyətə gətirmək lazımdır. Elə etmək lazımdır ki, vətəndaşlar özləri könüllü olaraq fərdi nəqliyyatdan imtina etsinlər və əsas yerdəyişmələr ictimai nəqliyyatla baş versin.

Sonda demək istəyirəm ki, ölkəmizdə avtomobilləşmə səviyyəsi hələ ki, cəmi 14%-dir. Belə olan halda rəsmi qurumların əcayib, qanundankənar tədbirlərə əl atması cəhdlərinə şahid oluruq. Bəs görən bizdə də avtomobilləşmə, məsələn, Qərbdəki, Yaponiyada kı kimi 70-80% olsa, nə edərik? Bu suallara cavabı indidən, özü də məntiqlə, normal yanaşmayla və ən əsası qanun əsasında verməliyik.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh