Banner

Küçələrdə gəzən ölüm: Ondan necə qorunaq? - FOTO

Yazarlar 16 Fevral 2023 14:58 Oxunub 1074
Küçələrdə gəzən ölüm: Ondan necə qorunaq?    - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ətraf mühitin qorunması, təmizliyi son illər daha önəmli məsələyə çevrilib. 

Ekologiyanın çirklənməsində köhnə, istismar müddətini bitirmiş avtomobillərin də payı var. Bunun qarşısını almaq üçün son illər hibrid (ekoloji təmiz) avtomobillər isehsal olunsa da, köhnə maşınlar da dövriyyədə qalmaqdadır.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ötən ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 min 201 ədədini, yəni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib. Ölkəmizdə sözügedən avtomobillərə maraq artsa belə, yollarda xeyli sayda istismar müddətini başa vurmuş, ekologiyaya ziyan vuran avtomobilləri görmək mümkündür. Azərbaycanda avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən çoxdur. Bildirilir ki, bu cür maşınlar ekologiyaya daha çox zərər vurur, yəni ölkədə atmosferə atılan zərərli qazların çox hissəsi nəqliyyat vasitələrinin payına düşür. 

Mövzu ilə bağlı Cebhe.info-ya danışan ekoloq İslam Mustafayev bildirb ki, Azərbaycanda hava krililiyində avtomobillərin payı 80 faizdir: 

“Havaya tullanan zərərli qazlarda avtomobil təssərrüfatının payı 70 faizdən çoxdur, bəzən isə 80 faizdir. Onun qarşısını almaq üçün 3 əsas tədbir var: yolların normativlərə uyğun olması, benzinin avro standartlarına uyması və maşının sazlığı. Maşının sazlığı onun daxili yanma mühərrikinin necə işləməsi ilə ölçülür”. Ekoloq bunun qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:

 “Müxtəlif ölkələrdə bununla bağlı qanunlar var. Məsələn, bir ölkə 10, bir ölkə 15 ildən yuxarı maşınları ölkəyə buraxmır. Bu, ölkədəki insanların sosial-iqtisadi vəziyyəti ilə müəyyən olunur. İndi durub desək ki, 5 ildən çox yaşı olan avtomobillər ölkəyə buraxılmasın, yığışdırılsın, onda ölkədə avtomobil qalmaz. Təqribən 1 milyon 400 minə yaxın avtomobil var, onun çoxu, 400 mini Rusiya istehsalı olan “Jiquli” markalı maşınlardır. Digərləri xaricdən gətirilmiş köhnə maşınlardır. Azərbaycan hökumətinin bir sıra qərarları var. Bir müddət əvvəl 2005-ci ildən o tərəfə olan maşınların buraxılması qadağan idi. Qanunları mükəmməlləşdirməyə ehtiyac var, lakin bu, ölkədəki vəziyyətlə, insanların gəlirləri ilə bağlıdır. İnsanlar köhnə maşınları ucuz olduğu, bir çox adamların cibinə uyğun olduğu üçün gətirirlər. O maşınları da buraxmasalar, digər maşınları çox baha gətirəcəklər. Ona görə də ortaq yol tapılmalıdır”. 

İslam Mustafayev bəzi avtomobillərin ekologoyanı çirkləndirməsinin özəl səbəblərinə toxunub: “Avtomobillərdə katalizator olur, yəni o ətraf mühitə tullantıların miqdarını kəskin surətdə azaldır. O katalizatorun olması maşının qiymətinə çox əhəmiyyətli dərəcədə təsir edir. Bir çox hallarda o katalizatorları çıxarıb gətirilər. O da bir tərəfdən ziyan edir”. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ölkəmizdə insanların bir avtomobili bütün ömür boyu sürə biləcəklərini düşündüyünü deyib:

“İstismar müddəti bitmiş nəqliyyat vasitələri anlayışının hüquqi mexanizmi tam bəlli deyil. Hansı avtomobilə istismar müddəti bitmiş avtomobil deyə bilərik onu müəyyənləşdirmək lazımdır. 

Hansı istehsalçı zavod maşına zəmanət, müddət qoyur ki, həmin müddətdən sonra maşın atılmalıdır?! Amma bizim cəmiyyət, insanlarımız ona öyrəşməyiblər. İnsanlar avtomobil alanda ömür boyu sürməyi düşünürlər. İstismar müddəti bitmiş avtomobili gərək araşdırıb, müəyyən edək. O zaman biz onu istismara yararlı və yararsız kimi qiymətləndirə bilərik. Belə avtomobillər həm ekologiya üçün, həm də həmin avtomobillərin idarə edilməsi təhlükəlidir. Bu haqda çox danışılır, amma hələlik ciddi dəyişiklik yoxdur”. 

Ekspert bununla bağlı dövlət proqramının olduğunu qeyd edib: 

“Bununla bağlı dövlət proqramı var. Bu proqram 2019-2023-cü illəri əhatə edir. Həmin proqramda köhnə avtomobillərin çıxdaş olunması öz əksini tapıb. Lakin hələ də bunun öhdəsindən gələ bilməmişik. Mexanizm hazırlanır, amma icra olunmayıb. Bu, özü də həssas məsələdir, hələ heç kim hansı maşınların istismar müddətinin bitdiyini müəyyənləşdirə bilməyib”. 

Elməddin Muradlı texniki baxımdan istismara yararsız maşınların idarə olunmasına görə müəyyən cərimələrin tətbiq olunduğunu bildirib: 

“Bizim qanunvericilikdə avtomobillərin texniki parametrləri ilə bağlı tələblər var. O tələblərdə, məsələn, zərərli qaza görə 50 manat, işıq cihazlarının işləməməsinə görə texniki nasazlıq kimi 50 manat cərimə nəzərdə tutulur. Hamısının cəriməsi var. Amma cərimə mexanizmi vəziyyətdən çıxış yolu deyil. Elə bir sistem qurulmalıdır ki, həmin avtomobillər avtomatik olaraq sıradan çıxsın. Məsələn, gömrükdə bu cür maşınların ölkəyə buraxılmasının qarşısı alınmalıdır. Bunu yol polisinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komiəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndəsi yoxlamalıdır ki, yararlıdır, yoxsa yox. Birinci buradan başlamaq lazımdır. Bu cür avtomobillərin bazarına nəzarət etmək, bu cür avtomobillər alqı-satqı zamanı ciddi texniki yoxlamadan keçirilə bilər. Sözügedən maşınların sahibləri alğı-satqı zamanı avtomobilin texniki tələblərə cavab verəcəyi haqqında sənəd təqdim edə bilməyəcək. Adam görəcək maşın satılmır, o zaman həmin maşın dövriyyədə olmayacaq. Daha çox insanlar könüllü şəkildə maşınları metalloma verəcəklər. Bazarda açıq alver gedir. Kimsə kosmetik dəyişiklik edir, maşını rəngləyir, az qala sürülməmiş maşın kimi təqdim edir”. 

Ekspert hesab edir ki, nəqliyyat vasitələri haqqında mexanizm hazırlananda aidiyyəti qurumlar və müstəqil ekspertlərlə müzakirə aparmaq lazımdır: 

“Mexanizmlər barədə düşünməyə dəyər, təklifləri veririk, amma aidiyyəti qurumlar bir dəfə çağırıb, müzakirə etmir. Çıxdaş olunmayla bağlı dövlət proqramının icrasını hələ bilmirik kim həyata keçirəcək və mexanizmləri kim hazırlayır. Mən səmimi şəkldə deyirəm, otaqlarda qəbul olunan qərarlar həmişə cəmiyyəti narazı salır və cəmiyyətin ziyanına olur. Bunu təcrübədə nəqliyyatla bağlı məsələlərin bir çoxunda görmüşük. O qərarı kim hazırlayırsa, hələ bir dəfə də olsun ictimai müzakirəyə çıxarmayıb, aidiyyəti adamların təklifləri dinlənilməyib. O mədəniyyət bizdə formalaşmayıb, hamı özünü ağıllı sayır, qapını bağlayıb problemləri özünün həll edəcəyini düşürür. Qanun, qərar qəbul olunur, qüvvəyə minir və sonra da aləm bir-birinə dəyir”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh