Lüks avtomobillərlə yaxtaları gətirməkdənsə…
2009-cu il yanvarın 16-da prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş iclasında ilk dəfə qlobal dünyada gedən iqtisadi proseslər kontekstində Azərbaycan iqtisadiyyatındakı vəziyyəti çox geniş təhlil etmiş və müvafiq orqanlara antiböhran tədbirləri paketinin prioritet istiqamətlərini müəyyənləşdirməyi tapşırmışdı. Hazırlanan həmin tədbirlər paketində mövcud vəziyyət təhlil edilməklə gələcək işlər üçün hazırlıq planı müəyyənləşdirilmişdi. Məhz bunun nəticəsində Azərbaycanın öz daxili potensialına əsaslanaraq həyata keçirdiyi antiböhran monetar və fiskal tədbirlər ölkənin dinamik inkişaf tempini qoruyub saxlamağa imkan vermişdir.
Hazırda qlobal maliyyə böhranı hələ də bəzi region və ölkələrdə, o cümlədən Azərbaycanda davam edir. Amma böhranın 2 il əvvəl başlanan indiki dalğasının iqtisadiyyatımıza təsiri neqativ olsa da, bu, digər ölkələrlə müqayisədə çox aşağı səviyyədədir, başqa sözlə desək, gərgin şəraitə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edir.
Məlum olduğu kimi, iqtisadiyyatımızın inkişafına mənfi təsir göstərən əsas amil dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsidir. Azərbaycan neft ixrac edən ölkə olduğu üçün dövlət büdcəsinin gəlirlər bölməsində və tədiyə balansının pozitiv inkişafında, yəni valyutanın daxil olmasında neft-qaz sektorunun həlledici rolu var. Bu səbəbdən manatın məzənnəsinə təsir edən ən başlıca amillər neftin qiyməti, tədiyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasətidir ki, onlar da milli iqtisadiyyatımızdan kənarda formalaşır. Bu mənada neftin ucuzlaşmasının ölkəyə valyuta axınına mənfi təsiri var və o da, öz növbəsində, manatın xarici valyutaya görə məzənnəsinin aşağı düşməsinə, başqa sözlə, manatın dolların qarşısında dəyərini itirməsinə yol açır. Odur ki, Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında yaranmış qeyri-sabit vəziyyəti nəzərə alaraq keçən ilin fevralında manatın ABŞ dollarına qarşı məzənnəsini 1.05 manat müəyyən etmişdir. Bu qərarın verilməsində əsas məqsəd milli iqtisadiyyatın şaxələnməsini və beynəlxalq rəqabətqabiliyyətliyini təmin etmək, eləcə də ixrac potensialını gücləndirmək idi.
Ötən ilin fevralında baş vermiş devalvasiyadan sonra depozit və əmanətlərin tərkibinin dollarlaşması sürətlənmişdir. Amma bunun da əsas səbəbləri xarici faktorlarla bağlıdır və onun daxili bazarda gedən proseslərlə əlaqəsi çox zəifdir.
Buna baxmayaraq, ölkəmizin 10 ildə keçdiyi iqtisadi inkişaf yolu bizə gələcəyə inamla baxmağa imkan verir. Bu dövrdə Azərbaycanda güclü maliyyə mənbəyi yaranıb. Ölkəmiz əlverişli investisiya mühitinə malikdir, investorlar üçün cəlbedici olaraq qalırıq. İndiki böhran şəraitində xarici investorlar üçün Azərbaycan kimi sabit ölkəyə sərmayə yatırmaq daha əlverişlidir. Yəni böhranlı şəraitdə belə Azərbaycanda iqtisadi inkişaf davam edir, inflyasiya yüksək deyil, ölkəmizin əlverişli coğrafi mövqeyi, formalaşmış mükəmməl infrastrukturu və qonşu dövlətlərlə yaxşı iqtisadi əlaqələri var.
Dövlət başçısı istər Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, istərsə də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilmiş müşavirədə yaranmış vəziyyətdən digər çıxış yollarını da göstərmiş, ardınca Milli Məclisə bununla əlaqədar iqtisadi islahatlar paketi göndərmiş və deputatlar həmin paketdə təklif olunan məsələlərə müsbət rəy vermişlər. Bir sözlə, görülmüş və görüləcək tədbirlər, başlanmış və nəzərdə tutulan islahatlar Azərbaycana bu qlobal böhrandan da ən aşağı zərərlə çıxmağa imkan verəcək.
Biz devalvasiya məsələsinə köklü yanaşmalıyıq, idxalın strukturunu öyrənməliyik. İqtisadçı kimi təklifim budur ki, valyutaya tələb yaradan bəzi malların, məsələn, lüks avtomobillərin, yaxtaların, bahalı spirtli içkilərin ölkəyə gətirilməsini yüksək aksiz vergisi tətbiq etməklə azaltmaq olar. Bundan əlavə, Azərbaycanda valyutanın sabitliyinin təminatı üçün Valyuta Şurasının yaradılması da nəzərdən keçirilə bilər. Bütövlükdə valyuta və maliyyə təhlükəsizliyini təmin etmək üçün mövcud disproporsiyaları aradan qaldırmaq, ABŞ dollarına nisbətdə manatın mövqeyini möhkəmləndirmək lazımdır. Buna isə, xammal və enerji daşıyıcılarının qiymətindən asılı olmayaraq, yüksək texnoloji və elmtutumlu sənaye məhsullarının istehsalı və onların ixracı yolu ilə nail olmaq mümkündür.
Ümumilikdə isə prezident İlham Əliyevin son vaxtlar imzaladığı sərəncamlar və verdiyi tapşırıqlar birmənalı şəkildə sübut edir ki, Azərbaycan yaxın gələcəkdə yenə də öz iqtisadi inkişaf sürətini təmin edəcək. Çünki Azərbaycanda düşünülmüş iqtisadi islahatlar aparılır.
“Azərbaycan” qəzeti