Mal-qaranı yolda nəzarətsiz qoyanlara cinayət işi açıla bilər
Hətta heyvan itmiş və ya qaçmış olduqda belə onun sahibi heyvanın vurduğu zərəri ödəməyə borcludur
Mayın 11-dən 12-nə keçən gecə Mingəçevir şəhərində baş vermiş ağır avtomobil qəzası digərlərindən fərqlənir. Bu qəzada avtomobil nə piyadanı vurub, nə aşıb, nə də başqa avtomobillə toqquşub. Bu dəfə avtomobillə dəvə toqquşub. Şəhər sakini, 1954-cü il təvəllüdlü Quliyev Arif Əli oğlu idarə etdiyi«VAZ-2106» markalı minik avtomobili ilə gecənin qaranlıq vaxtı dəvəni vurub, sonra isə maşını yolun kənarında dayanmış “VAZ-2107” markalı avtomobilə çırpıb. Güclü zərbənin təsirindən dəvə avtomobilin sürücünün üstünə düşüb. Sürücü Arif Quliyev və dəvə hadisə yerində ölüb. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Avtomobilin dəvəni vurması və bunun nəticəsində həm bu avtomobilin sürücüsünün, həm də dəvənin hadisə yerində ölməsi böyük ictimai marağa səbəb olub. Məsələnin hüquqi tərəfləri ilə bağlı yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun fikirlərini öyrəndik. O, Avtosfer.az saytına bildirdi ki, «Yol hərəkəti haqqında» qanun yollarda bütün hərəkət iştirakçılarının, o cümlədən müxtəlif ev heyvanlarını yollarla ötürən (yəni yolun kənarı ilə aparan), habelə iş və ya minik heyvanlarını yolda idarə edən insanların yollardakı davranışını da tənzimləyir. Bu baxımdan avtomobilin dəvəni vurmasına verilən hüquqi qiymət həmin dəvənin yolda onun sahibi ilə bərabər, yoxsa nəzarətsiz olmasından asılı olacaq. Əgər müəyyən edilsə ki, dəvəni yolla onun sahibi (o cümlədən həmin vaxt dəvəni idarə edən hər hansı başqa şəxs) aparırmış və həmin şəxs heyvanların yollarla aparılması və ya yollardan keçirilməsi qaydalarını pozub, onda bu şəxs Cinayət Məcəlləsinin 267-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilə bilər. Yəni, hər şey dəvəni həmin vaxt idarə edən şəxsin orada olub-olmamasından və onun bu heyvanla bərabər yolda hərəkət zamanı qaydalara riayət edib-etməməsindən asılı olacaq: «Xatırladıram ki, yol hərəkəti qaydaları asfalt yolla heyvanların sürü halında aparılmasını qadağan edir. Belə heyvan dəstəsini yolun bir tərəfindən digər tərəfinə yalnız sutkanın gündüz vaxtı, özü də xüsusi nəzarət altında keçirmək olar. Tək-tək iş və ya minik heyvanları isə yolda aparılarkən onu idarə edən şəxs mütləq heyvanın cilovundan (yüyənindən) tutmalıdır. O, yolun hərəkət hissəsinin qırağı ilə (əgər yol çiyni varsa, yol çiyni ilə) getməli, özü də qaranlıq vaxtı əlində işıq tutmalıdır ki, sürücülər və ya başqa hərəkət iştirakçıları onu görsünlər».
Bununla belə, hüquqşünas bildirdi ki, konkret bu hadisəyə qiymət verilərkən sürücünün də hərəkət qaydalarını pozub-pozmadığı aydınlaşdırılmalıdır: «Dəvənin yolda sahibsiz olduğu müəyyən edildikdə isə onun sahibinin cinayət məsuliyyəti istisna olunur. Belə halda dəvə sahibi yalnız mülki məsuliyyətə cəlb oluna bilər. Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən, hətta heyvan itmiş və ya qaçmış olduqda da onun sahibi heyvanın vurduğu zərəri ödəməyə borcludur. Vurulmuş ziyan isə ölən sürücünün ailəsinə onun ölümü ilə bağlı dəyən ziyanı ehtiva edəcək».
Konkret bu hadisədə göstərilən bütün məsələlər təfərrüatlı araşdırmanın nəticəsində müəyyən oluna bilər. Hər bir halda heyvan sahibləri, xüsusən də magistral əhəmiyyətli yollara yaxın yerlərdə yaşayanlar çox diqqətli olmalıdırlar.
Elməddin MURADLI