Banner

Marketlər süni qiymət artımını necə yaradır? - ARAŞDIRMA

Yazarlar 20 İyun 2024 10:00 Oxunub 1872
Marketlər süni qiymət artımını necə yaradır? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə ölkədəki iri marketlərdə ənənəvi hal müşahidə edilir. Belə ki, marketlərin vitrinindəki qiymət əsasında məhsul almağa çalışan müştəri, kassaya yaxınlaşdığı zaman tamamilə fərqli qiymətlə rastlaşır və bu fərq ən az 30-50 qəpik yuxarı olur.

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov Avtosfer.az saytına bildirib ki, bu vəziyyət artıq 8 ildir ki, təkrarlanır və problemlə əlaqədar Birliyə, demək olar, hər gün şikayətlər daxil olur.

"Market nümayəndələri problemlə bağlı hər dəfə eyni bəhanəni gətirirlər. Yaddan çıxıb, dəyişdirilməsi unudulub. Məsələ ondadır ki, bu məsələ çox tez-tez yaddan çıxır və hər dəfə kassadakl qiymət yuxarı olur. Marketlər belə bir addımı hər dəfə bilərəkdən atır. Bu çox açıq ifadə olunan süni qiymət artımıdır və istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir. Belə halda istehlakçılar aktiv olmalı, hadisə baş verən zaman vitrin qiyməti ilə çekin fotosunu çəkib İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin meyl ünvanına göndərməlidirlər. Qurumdan dərhal həmin müəssisədə yoxlamalar başladılmalıdır. Çox vaxt bu problemlərlə bağlı biz qurumu tənqid edib onlardan həll yolu gözləyirik. Lakin qurumun istehlakçılarla effektiv kommunikasiya üsulu da yoxdur. Onlarla əlaqə saxlamaq üçün uzun prosedurlardan keçmək lazımdır"

Əyyub Hüseynov onu da qeyd edib ki, bütün bu problemlər ölkədə istehlakçı hüquqları ilə bağlı birtərəfli siyasət yeridilməsi ilə bağlıdır.

"Dövlət qurumları biznes subyektləri üçün toxunulmaz şərait yaradıb. Elə düşünürlər ki kimsə onları yoxlaya bilməz. Onlar da bu vəziyyətdən sui-istifadə edərək böyük istehlakçı kütləsini narazı salmaqdan qətiyyən narahat olmurlar. Hətta bəzi hallarda müştərilər kartla ödəniş edərkən almadıqları malların da pulunu ödədiklərinin şahidi olurlar. İl ərzində vətəndaşlar almadıqları mallara görə ümumilikdə 500 milyona yaxın ödəniş ediblər. Marketlər bunu vergidən yayınmaq üçün edirlər və ödəməli olduqları vergini müştərilərinin cibindən çıxarırlar".

Vəkil Nərmin Zülfüqarlı saytımıza açıqlamasında deyib ki, bu cür hallar müştərinin satış müəssisəsinə və ya satıcıya olan etibarını zədələməklə yanaşı həm də hüquqi problemlerə səbəb olur.

"Satıcı istehlakçını maraqlandıran malın qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməyə borcludur. Bu cür problemlərlə qarşılaşan müştərilər müvafiq mağazanın müştəri xidmətlərinə, o cümlədən, bu sahədə nəzarəti həyata keçirən müvafiq orqanlara müraciət edə bilərlər. Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanuna əsasən malların qiyməti barədə yalan və ya natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların aldadılmasının qarşısının alınmasını istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasını təşkil edir.

Vəkil qeyd edib ki, öz hüquqlarının təminatı üçün istehlakçılar mütləq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sübutlarla şikayət etməlidirlər.

"Şikayətlər əsasında aparılan araşdırmaların nəticəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aşkar edilmiş pozuntunun müvafiq müddət ərzində aradan qaldırılmasını pozuntu edən subyektdən tələb edir. Müəyyən edilmiş müddət ərzində pozuntular aradan qaldırılmadıqda satıcı və ya satış müəssisəsi barəsində qanunvericilklə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür, qanunvericiliyə uyğun olaraq pozuntu törədən subyekt cərimələnə bilər".

Bu halla inkişaf etmiş ölkələrdə də rastlaşmaq mümkündür. Lakin onlar istehlakçı hüquqlarının qorunması üçün həll üsulları da tapırlar. Paytaxt mağazalarından birinin filialında bu üsulun şahidi olduq. Belə ki, mağazadakı kassanın yanında istehlakçıların haqqlarını müdafiə edən "Müştəri hüquqları" adlı lövhə yerləşdirilib.

Ekspertlər deyir ki, istehlakçı hüquqlarının qorunması üçün biznes subyektlərinin daxili qaydalarının tətbiqi üsulu ilə yanaşı hökumətin də nəzarəti mütləqdir. Dövlət qurumları bu istiqamətdə qüsurların aşkarlanması və aradan qaldırılmasında maraqlı olmalıdır.

 

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

 

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh