Reklam

Marşrutların qrafikini tez-tez dəyişmək təhlükəlidir

Yazarlar 8 Sentyabr 2014 01:40 Oxunub 1752
Marşrutların qrafikini tez-tez dəyişmək təhlükəlidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Söz-söhbətlər gəzir ki, kimlərinsə marşrutunu məxsusi olaraq sərnişin axını çox olan küçələrdən salmaq üçün dəyişiklik aparırlar”

Ötən həftə Bakı şəhəri üzrə hərəkət edən bir neçə sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirildi. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin bununla bağlı yaydığı məlumatda bildirildi ki, 23, 90, 95, 131, 168, 173 saylı avtobusların başlanğıc və son məntəqələri dəyişdirilib. Bu isə əhali üçün bir qədər çətinlik yaradır. Çünki hər gün eyni yerdə gördüyün avtobusun istiqaməti dəyişdirilir və biz istədiyimiz yerə vaxtında yetişməklə bağlı problem yaşaya bilərik. Bununla bağlı əhalinin narazılığı hər zaman diqqət çəkir. Bəs bu cür dəyişikliyin aparılması nə dərəcədə normal hesab oluna bilər? Hansı hallarda avtobusların hərəkət istiqamətində dəyişiklər aparıla bilər? Bu dəyişiklik hansı formada aparılmalıdır ki, əhali zərər görməsin? Mövzu ilə bağlı “Üç nöqtə”yə danışan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, marşrutların hərəkət qrafikində mümkün qədər dəyişiklik olmamalıdır. Çox vacib olan hallarda isə gec-gec və maksimum dərəcədə az olmalıdır: “Marşrutun hərəkət qrafikinin tez-tez dəyişməsi çox təhlükəlidir. Çünki insanlar konkret marşrutların istiqamətlərini öyrənirlər və dəyişiklik aparılanda əhali əziyyət çəkir. Amma şəhərdə nəqliyyatın infrasturukturu dəyişir, yollarda, küçələrdə ümumi hərəkət sistemində, nəqliyyat axınında dəyişikliklər olur. Belə zəruri hallarda marşrutların hərəkət qrafikində dəyişiklik aparılır. Bu məsələyə isə Nəqliyyat Nazirliyi baxır. Nazirliyin tabeçiliyində olan qurumlar var ki, həmin məsələləri və təklifləri öyrənirlər və bu daşımalarla məşğul olan sahibkarlarla bir yerdə optimal varinatları müəyyən edirlər. Belə ki bu marşrut bu küçədən deyil, digərindən keçsə daha yaxşı olar. İnkişaf varsa dəyişiklik olmalıdır. Amma dəyişiklik elə aparılmalıdır ki, insanlar əziyyət çəkməsinlər. Tez-tez dəyişikliklərə yol verilməməlidir. Söz-söhbətlər gəzir ki, kimlərinsə marşrutunu məxsusi olaraq sərnişin axını çox olan küçələrdən salmaq üçün dəyişiklik aparırlar. Gərək bu iş də elə tənzimlənsin ki, belə söz-söhbətlərə yer qalmasın”.

Ekspert deyir ki, zəruri hallarda dəyişiklik olarsa, o zaman əhali mümkün variantlardan istifadə edilərək maariflənməlidir: “Təbii ki, evin içində əhalini maarifləndirəsi deyillər. Amma nəqliyyatla bağlı qanunvericilikdə də göstərilir ki, dəyişiklik zamanı bütün mümkün vasitələrlə əhali məlumatlandırılmalıdır. Radiolar, televiziyalar, saytlar vasitəsilə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin radio kanalı ilə məlumatlandırılmalıdır. Marşrutun sxemi hər bir avtobusda göstərilməlidir”. Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh