Reklam

“Maşını da, arvadı da nağd almışam” - Yazıçıların avtomobilləri

Yazarlar 14 Oktyabr 2014 02:10 Oxunub 2083
“Maşını da, arvadı da nağd almışam” - Yazıçıların avtomobilləri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
AYB rəsmisi etiraf etdi – “Maşını vəsiqəsiz sürürdüm”

Avtosfer.az xəbər verir ki, aznews.az “Məşhurların avtomobilləri” layihəsini davam etdirir. Əməkdaşımız bu dəfə yazıçı və şairlərin maşınları ilə maraqlanıb. 

 

“Sükan arxasında oturmağa səbrim çatmır”

 

Xalq şairi Fikrət Qocanın müxtəlif markalı avtomobilləri olub. İndi isə “Hyundai” var. Avtomobilini sürücü idarə edir: “Mən cavanlıqda yaxşı maşın sürmüşəm. Özümün bir neçə maşınlarım olub. O vaxt kredit nə gəzirdi. Ən dəbdə olan maşın “QAZ-24” idi. Bütün “raykom” katibləri bu maşında gəzərdi. İndi “QAZ-24”ə baxan yoxdur. Hazırda “Hyundai” markalı avtomobilim var, amma uzun illərdir ki, mən sükan arxasında oturmuram, buna səbrim çatmır. Şəhərə çıxmaq olmur, tıxacdır. Belə küçələrdə istəsəm də maşın sürə bilmərəm. Sağ olsun, sürücüm var, hara istəsəm, məni ora aparır”.

 

“Hara istəyirəm, piyada gedirəm - ləzzət edir”

 

Yazıçı Əkrəm Əylisli heç vaxt avtomobil idarə etməyib: “Mən ömrümdə sükan arxasında olmamışam. Maşın sürməmişəm. Bir dəfə oturmaq istədim, onda da qəza oldu. Bu üzdən maşınla vidalaşdım. Almaq da fikrində deyiləm. Çünki mən şəhərin düz mərkəzində yaşayıram. Hara istəsəm, piyada gedirəm. Bu, mənə ləzzət edir. Xalqın arasında olmaq yazıçı üçün stimuldur. Mənə getdiyim hər yer növbəti əsər üçün fakt verir. Maşınla nəyi görmək olur ki?”.

 

“Daha maşın nəyimə lazımdır...”

 

Şair Musa Yaqub isə Sovet dövründə avtomobil idarə edib: “Mən sovet vaxtı çox maşın sürmüşəm. Hər yana özüm getmişəm. Mexaniki üsulla idarə olunan maşınlardan sürürdüm. İndi dövran dəyişdi. Hər şey avtomatlaşıb. Bu maşınları idarə edə bilmərəm. Həm də artıq yaşım da o yaş deyil. Övladlarım, nəvələrim sürürlər, məni hara istəsəm ora da aparırlar. Daha maşın nəyimə lazımdır”.

 

“Maşını da, evi də, arvadı da, torpağı da nağda almışam”

 

Yazıçı Seyran Səxavət: “Mən sovet vaxtından sükan arxasındayam. Mənim heç bir vaxt sürücüm olmayıb. Çünki mən öz həyatımı ancaq özümə etibar edə bilərəm. Və bunu da sürücüsü olan hər kəsə məsləhət bilirəm. Sovet vaxtı “Jiquli” sürürdüm. Sonra isə “Hyundai Sonata”, “Hyundai Accent” sürdüm. Mən belə maşınları xoşlayıram. Mən heç bir zaman kreditlə nəsə almamışam. Borcdan qorxanam. Yeganə qorxduğum şey borca girməkdir. Nə almışamsa, maşın, ev, arvad, torpaq hamısı nağddır. Pulumu verib alıram. Yoxumdur, almıram, piyada gedib gəlirəm. Metroya, avtobusa minirəm. Mənə heç vaxt tıxac mane olmur, çünki mən Mərdəkanda yaşayıram. Şəhərə az gedirəm. O üzdən də tıxac xəstəliyindən uzağam”.

 

“Maşını kreditlə aldım, yavaş-yavaş ödəyirəm”

 

Şair İlyas Tapdıq isə idarə etdiyi avtomobili kreditlə alıb: “Mən də cavanlıqda “Moskviç” sürmüşəm. Ondan sonra onu satdım, “Jiquli” aldım. Bu gün isə “Hyundai” sürürəm. Bu maşını almağa imkan yox idi. Kreditlə aldım. Yavaş-yavaş ödəyirəm. Amma maşını özüm idarə etmirəm, uşaqlarım sürür”. 

 

“Qohumlarım mənə iki dəfə maşın hədiyyə ediblər”

 

Yazıçı-dramaturq Firuz Mustafanınsa avtomobili yoxdur: “Mənim şəxsi avtomobilim yoxdur. Doğrusu, heç avtomobilə xüsusi həvəsim də olmayıb. Sovet dönəmində iki dəfə yaxın qohumlarım mənə az işlənmiş, amma işə yararlı maşınlarını hədiyyə etmişdilər. Gedib sürücülük vəsiqəsi aldım. Bir-iki dəfə sükan arxasına keçdim və nəticədə hiss etdim ki, sürücülük mənə olduqca yad bir sahədir. Odur ki, maşın barədə düşünmürəm. Amma maşın sürənlərə də hörmətlə yanaşıram. Çünki bu gün maşın sürmək istəyi məziyyətdən yox, mövcud əziyyətdən meydana gəlib. Nəqliyyatın belə xaos yaratdığı bir şəraitdə maşın sürmək özü də bir fərasət tələb edir”.

 

“Maşına 100 dollar borcum qalıb&rrdquo;

 

Şair Şərif Ağayar üçünsə avtomobil idarə etmək hobbidir: “Mercedes" C klass 200 maşınım var. Təzə olmasa da o qədər də köhnə deyil. Kreditlə deyil, qonorar puluna və yaxın bir biznesmen dostumun köməyi ilə almışam. Amma min dollar borcu qalıb hələ. Özüm idarə edirəm. Maşın sürmək hobbimdir. Dincəlirəm. Xüsusən yağışlı havada yol getmək çox xoşuma gəlir”.

 

“18-19 yaşlarımda özümün şəxsi sürücüm vardı”

 

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza uşaqlıqdan maşın sürür: “Uşaqlıqdan avtomobil idarə edirəm. 22 yaşıma kimi atamın, qardaşımın avtomobilini sürmüşəm. 22 yaşdan sonra isə şəxsi maşınım var. 18-19 yaşlarımda özümün şəxsi sürücüm vardı. Öz avtomobili ilə yanımda çalışırdı. 25 yaşıma kimi avtomobilimi sürücülük vəsiqəsi olmadan idarə etmişəm. Bu günə kimi bir neçə maşın dəyişmişəm. İlk maşınım “QAZ 24” olub. Sonra “VAZ 2106”, yenə daha bir “VAZ 2106” aldım. Sonrakı maşınlarım isə “Opel”, “Peguet”, “Lexus”, “Mercedes Panorama E240” oldu. Birindən başqa avtomobillərimin hamisi kreditlə alınıb. İndiki maşınım kreditdə deyil. Amma məbləğin bir hissəsini dostumun şirkətinə ödəyirəm. Avtomobil idarə etməyi sevirəm. Bu şərtlə ki, gün ərzində daha az sükan arxasında olam”.

 

“Xanım sürücümün olmasını istəyərəm”

 

Şair-yazıçı Emin Piri: “Əvvəllər hərbçi işlədiyimdən daha çox zirehli döyüş maşınlarına marağım vardı və işlədiyim zaman sürərdim. Amma bu mülki həyatda mümkün deyil. Harasa getmək lazım olanda qardaşıma aldığım ucuz “Opel” maşınıyla gedirəm. Onu da iki qardaş atışıb almışıq. Bundan sonra da inanmıram ki, avtomobil sürəm. Bakı tıxacında maşın sürmək “İŞİD”in əlinə düşmək kimi bir şeydir. O ki, qaldı sürücüyə, nə zamansa xanım sürücümün olmasını istəyərəm. Çünki kişilərə nisbətən daha diqqətlidirlər”.

 

“Əlimi üzmüşəm”

 

Başqa bir gənc yazar Yazıçı Əsəd Qaraqaplan isə avtomobil məsələsində çox bədgümandır: “Mənim maşınım yoxdur. Heç vaxt da olmayıb. İndi də maşın istəmirəm, çünki daha ümidimi üzmüşəm”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh