Maşınlarda absurd pərdə qadağası yenidən gündəmdə - Mənasız qadağa
Mayın 1-dən etibarən avtomobillərin arxa yan şüşələrinə jalüzlərin vurulmasına icazə verilib. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər - plyonka, pərdə çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.
Mayın 1-dən istifadəsinə icazə verilən arxa yan şüşələrə vurulan jalüzlərdir. Noyabrın 15-nə qədər arxa yan şüşələrə vurulan jalüzlər həmin gün sökülməlidir. Həmin gündən sonra - yəni noyabrın 16-da maşınlarının arxa yan şüşələrində jalüzləri saxlayan sürücülər 150 manat cərimə ödəməlidirlər. Qanun belədir. Bu əndirəbadi qanundan qanunverici orqanda da narazı olanlar var. Ümumilikdə isə pərdə, plyonka, jalüz qadağası illərdir ki, müzakirə mövzusudur, qadağanın əleyhinə olanlar çoxluqdadır.
Azərbaycanda minik avtomobillərinə jalüz qadağasının ləğv edilməsi barədə fikirlərə deputat Çingiz Qənizadə də dəstək verənlər sırasındadır. O, avtosfer.az-a bildirib ki, arxa yan şüşələrə örtük qadağasının heç bir mənası yoxdur. “Düşünürəm ki, bu qadağanın aradan qaldırılmasının vaxtı çatıb. Çünki bu o zaman tətbiq edilmişdi ki, həmin vaxtlar ölkədə təhlükəsizlik baxımından vacib idi. Artıq günün reallığında bu qadağanın qalmasına ehtiyac yoxdur”.
Deputat hesab edir ki, bu qadağa ölkədə turizmin inkişafına da çətinlik yaradır. “Təsəvvür edin ki, turist ölkəyə gəlir və kifayət qədər isti olan aprel ayında ona deyirlər ki, pərdədən istifadə etmək olmaz. Axı bu, nə dərəcədə doğrudur ki, aprelin 30-da qadağa var, bir gün sonra bu, aradan qalxır? Yaxud əgər bu, təhlükəsizliklə bağlıdırsa, o zaman qışda avtomobilin arxa yan şüşələri tərləyir və tamamilə görüntü məhdudiyyəti yaradır. Onda sürücünü buna görə də cərimələyək?”
Bu arada belə xəbərlər də yayılıb ki, ölkəmizdə pərdə və plyonkadan istifadəyə tam icazə verilib, yol polisinin bort-komputerlərindən həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi silinib. Bununla da avtomobilin nəinki arxa yan şüşələrinə, eləcə də qabaq yan şüşələrə də plyonka və ya jalüz pərdə vurulmasına icazə verilib. Amma bu xəbər DYP rəsmiləri tərəfindən təsdiq olunmayıb.
Azərbaycanda illərdir ki, avtomobilin arxa görüntü şüşəsi xaric bütün digər şüşələrə plyonka, pərdə çəkmək qanunla qadağandır. AZS 122-2004 AZS standartına və Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.
AZS 122-2004 standartına əsasən, küləyə qarşı şüşələr üçün - 75 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün - 70 faiz şəffaflıq ölmalıdır.
Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır. Qaydalara əsasən DYP inspektoru vizual olaraq şüşələrin qara olmasını müəyyən etdikdə bunu təsiqləmək üçün avtomobili saxlatdıra bilər. Bundan sonra inspektor taumetr adlanan cihazla uyğun yoxlama apamalı, şüşələrin işıqburaxma qabiliyyətinin qəbul olunan standartlara uyğun olub-olmamasını müəyyən etməlidir. Uyğundursa, “yaxşı yol” deyib yola davam etməli, deyilsə, əgər şüşənin işıqburaxma qabiliyyəti standartları aşırsa, nəqliyyat vasitəsi cərimə meydançasına aparılmalı, orada şüşə standartlara uyğun olanı ilə əvəzlənməlidir.
Sürücünün taumetrin uyğunluq sertifikatı və istismar kitabçası ilə tanış olma hüququ da var. Sürücü əmin olmalıdır ki, bu cihaz rəsmi olaraq texniki ölçü cihazı kimi təsdiqlənib.
İnzibati Xətalar Məcəlləsində (İXM) ban şüşlərinə plyonka və pərdə cəriməsinə görə 150 manat miqdarında cərimə nəzərdə tutulub.
İXM-in 96-cı maddəsinə əsasən isə nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda sürücü idarəetmədən kənarlaşdırılır.
AZS 122-2004 standartı sənaye üsullu jalüzlərlə bağlıdır. Avtomobilin şüşələri ilə bağlı rəsmi dövlət standartıdır. AZS 122-2004 standartına son edilmiş dəyişikliyə görə sənaye üsullu jalüzlər yalnız 1 may -15 noyabr tarixində istifadə edilə bilər.
Lakin İXM-də bununla bağlı hər hansı bir cərimə movcud deyil. Çünki İXM 342.2.4-ü maddəsi 1 saylı əlavədə nəzərdə tutulmuş plyonka və pərdəni qanundankənar hesab edir.
Məsələnin mahiyyəti isə budur ki, 1 may-15 noyabr aralığında jalüzdən istifadə edə bilən sürücü həmin müddətdən sonrakı 5 ayda bu vasitədən istifadə edə bilməz!
Niyə edə bilməz?
Sorğuladığımız sürücülərin əksəriyyəti əmindirlər ki, bu qadağanın tətbiqi cərimə yazmaqdan başqa bir işə xidmət etmir.
Sürücü Həsənqulu Əsədbəyli deyir ki, bu günə qədər rəsmilərdən bu qadağanın məntiqini izah edən olmayıb: “Mayın 1-də jalüzü maşınının arxa yan şüşəsinə vuran sürücü az qala 7 ay maşını belə sürür. Noyabrın 15-i gəldi, gərək jalüzü çıxarasan. Yoxsa inspektor saxlayıb 150 manat cərimələyəcək. Danışanda da deyirlər ki, guya təhlükəsizlik məsələlərinə görə arxa yan şüşələrə jalüz vurulmasına icazə verilmir. Kimsə maşınla cinayət edəcəksə, onsuz da arxa yan şüşəsində jalüz olsa da, olmasa da, bunu edəcək. Guya cinayət törətməyi planlaşdıranlar ”mayın 1-i gəlsin, maşına arxa yan şüşəyə jalüz vurub gedək cinayət törədək" kimi gülməli tədbirlər görürlər? Bu qadağa ləğv edilməlidir".
Sürücü Emil Nəsirov deyir ki, pərdə qadağası yersizdir: “Sadə qaydalar tətbiq edib hər kəsin razılığını qazanmaq mümkün olduğu halda belə mənasız, eyni zamanda əsəb yaradan, qıcıq doğuran qadağa kimə lazımdır? Sürücünün arxasında cinayətkar əyləşibsə, inspektor bunu necə müəyyən edə bilər? Məgər hansısa cinayət törətmiş şəxsin alnında ”cinayətkar" sözü həkk olunub? İnspektorda bu və ya digər nəqliyyat vasitəsində hər hansı bir cinayəti törətmiş şəxsin olması haqda məlumat varsa, istənilən halda nəqliyyat vasitəsini saxlayıb tədbir görüləcək. Yəni 5 aylıq jalüz qadağasını təhlükəsizlik tədbiri ilə əlaqələndirmək, sadəcə, doğru deyil. Birdəfəlik jalüzlərdən istifadəyə il - on iki ay icazə verilsin, bu söz-söhbət, narazılıq aradan qalxsın. Sürücülər də inspektorlarla üz-göz olmasınlar".
Sürücülər deyir ki, arxa yan şüşələr sürücünün görməsinə qətiyyən təsir göstərmir. Yalnız ön və qabaq yan şüşələr sürücünün görməsinə təsir edə bilər. Arxa yan şüşələrdə pərdə həm də ona görə lazımdır ki, südəmər körpəsi olan qadınlara maşında uşağı əmizdirmək problemi yaratmasın. Yaxud da kimsə avtomobildə onun xanımına baxılmasından qıcıqlanır. Əgər bütün sivil dünyada avtomobilin arxa şüşələrini tündləşdirmək, pərdə vurmaq yasaq deyilsə, biz niyə özümüzü sivil dünyadan ayırırıq?!