Məhkəmələr MMX protokoldan şikayətləri geri qaytarır – SƏBƏB?
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sürücüləri narahat edən məsələ ilə bağlı fikirlərini Avtosfer.az saytı ilə bölüşüb. Onun fikirlərini olduğu kimi təqdim edirik:
- Son vaxtlar bir neçə sürücü mənə müraciət edərək, məhkəməyə verdikləri şikayətin baxılmadan geri qaytarılmasını bildiriblər. Baxılmadan geri qaytarılan şikayətlərin hamısı Dövlət Yol Polisinin tərtib etdiyi elektron protokollarla bağlıdır. Geri qaytarmanın səbəbi isə eynidir: protokoldan şikayət etmək nəzərdə tutulmur.
Doğrusu, məsələni araşdıranda məndə bircə sual yarandı: görəsən, bəzi hakimlərimiz qanunu yaxşı bilmirlər, yoxsa şikayəti başından eləməyin yeni yolunu tapıblar. Axı, İnzibati Xətalar Məcəlləsində, özü də 2014-cü ilin may ayından elektron protokolların özəlliyi, onlardan şikayət vermənin özünəməxsusluğu aydın şəkildə təsbit olunub. Belə olan halda necə səhv etmək olar?
Sürücülərin elektron protokoldan verdiyi şikayəti geri qaytaran hakim öz qərarında bircə əsas göstərir: İnzibati Xətalar Məcəlləsi protokoldan şikayət verilməsini nəzərdə tutmur. Zahirən bu fikir doğrudur, amma möhtərəm hakimlər nəzərə almırlar ki, burada söhbət sürücünün törətdiyi qayda pozuntusuna görə tərtib olunan elektron protokoldan, yəni məşhur MMX protokoldan gedir. Əgər inzibati xəta elektron protokolla rəsmiləşdirilibsə, həmin iş üzrə daha “İnzibati tənbeh tətbiq etmək haqqında qərar” adlı sənəd olmur. İXM-in 122.8-ci maddəsinə əsasən, elektron protokolu rəsmən almış şəxs onu aldıqdan sonra 10 gün müddətində nəqliyyat vasitəsinin başqa şəxs tərəfindən idarə edilməsinə və ya qaçırılmasına dair vəsatət verməzsə, həmin 10 günün tamamında bu protokol avtomatik olaraq “İnzibati tənbeh tətbiq etmək haqqında qərar” hesab edilir. Deməli, icraatda “Qərar” adlı sənəd olmasa da, elektron protokol özü 10 gündən sonra qərar sayılır və ondan ümumi qaydada məhkəməyə şikayət verilə bilər. Hətta sürücü qanunvericiliyin vəsatət vermək üçün nəzərdə tutduğu 10 günlük müddətin sonunu gözləmədən elektron protokolu rəsmən aldıqdan dərhal sonra ondan şikayət verərsə, belə şikayət də icraata qəbul olunmalıdır. Çünki:
1) yuxarıda qeyd etdiyimiz kimi, elektron protokoldan sonra “Qərar” adlı sənəd olmayacaq;
2) sürücünün vəsatət müddətinin sonunu gözləmədən şikayət verməsi o deməkdir ki, o, iradəsini artıq ifadə edib və vəsatət vermək fikrində deyil;
3) sürücünün verdiyi şikayət məhkəmədə mahiyyəti üzrə baxılanadək onsuz da həmin 10 günlük müddət bitəcək və elektron protokol qərar sayılacaq.
Məhkəmə qərarlarına diqqət etdikdə istinad olunan dəlillərdən biri də DYP-ni təmsil edən əməkdaşların izahatıdır. Onlar öz izahatlarında vurğulayırlar ki, Mərkəzi İnformasiya Sistemində şikayət olunan elektron protokol “qərarsız” statusu ilə göstərilir.
Məlumat üçün bildirirəm ki, İnzibati Xətalar Məcəlləsi DYP-nin Mərkəzi İnformasiya Sistemində elektron protokolun hər hansı statusu barədə heç bir müddəа təsbit etmir. İXM-in tələbinə əsasən, hüquqi nəticə doğuran əsas fakt elektron protokolun kağız daşıyıcıda sürücüyə çatdırılmış olması və bunun müddətləridir. Mərkəzi İnformasiya Sistemində həmin elektron protokolla bağlı hər hansı qeydin olmasının heç bir əhəmiyyəti yoxdur. Ona görə də şikayətə baxılarkən mübahisələndirilən sənədin statusunu bu sistemin məlumatı əsasında müəyyənləşdirmək yolverilməzdir (bu sistemin hansı vəziyyətdə olması ayrıca araşdırma mövzusudur).
Beləliklə, sürücünün elektron protokoldan verdiyi şikayəti “Protokoldan şikayət verilə bilməz” deyə geri qaytarmaq hər bir halda qanunsuzdur. Bu hal vətəndaş barəsində süründürməçilik kimi qiymətləndirilə bilər.
Ərşad Hüseynov,
hüquqşünas