Banner

Məhkəməyə qədər və məhkəmə zamanı nə etməyilik? - Vəkildən tövsiyələr

Yazarlar 22 Oktyabr 2023 22:05 Oxunub 804
Məhkəməyə qədər və məhkəmə zamanı nə etməyilik?  - Vəkildən tövsiyələr
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müstəqil dövlətin vətəndaşı kimi hər birimizin müəyyən olunmuş hüquq və azadlıqları var. Azərbaycan dünya ölkələri sırasında bu mövzuda ən üst sıralarda yer alır. Tarixə nəzər salsaq ümumilli lider Heydər Əliyevin zamanından bu istiqamətdə qanuni şəkildə bir sıra tədbirlər görüldüyünün və yüksək əhəmiyyətli qanunlar qəbul edildiyinin şahidi olarıq. Həmçinin sağlam təməlli bu qərarlar sonrakı illərdə İlham Əliyevin təşəbbüsü ilə daha da möhkəmləndirildi. Təsadüfi deyil ki, Azərbaycanda qəbul edilmiş qərara əsasən, hər il insan hüquqları günü qeyd olunur. 

Belə ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib.

Azərbaycanda insan hüquq və azadlıqları qəbul olunmuş normalar çərçivəsində qorunur. Hər bir vətəndaş bu qanunlara əsaslanaraq öz hüquqlarını müdafiə etmək gücündədir. Əks hal yaşandıqda belə hər birimiz lazımi orqan və qurumlara müraciət edərək yenidən hüquq və azadlıqlarımızı bərpa edə bilərik.

Mövzuyla bağlı Avtosfer.az-a açıqlama verən  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Şəfiyev işin bilmədiyimiz tərəflərini ətraflı şəkildə izah etdi.

“Vətəndaşların 70 faizinin, hətta üzəri öz hüquqlarından hərtərəfli məlumatları olmur. Məhz bu səbəblə bizə müraciət edirlər. Hüquqlarını bilən insanların əksəriyyəti, adətən ilkin mərhələdə hüquqi əməliyyatları özü apararaq məsələnin qəliz hissəsində hüquqşünas köməyindən istifadə edirlər. 

Cəmiyyətimizdə vətəndaşların öz hüquqlarını öyrənməsinə ciddi zəruriət var. Gündəlik həyatımıza nəzər salsaq sadə alqı-satqıdan (evə lazımi əşyaların alınması, ərzaq məhsulları) başlayaraq istehlakçı hüquqları, məişət məsələləriylə bağlı istənilən sahədə, iş yerində, ailə münasibətlərində, sahibkarlıqda hər bir yerdə hüquq var. Ona görə də həyatımızın hər hansı bir sahəsində həmişə hüquqi problemlər baş qaldırır və vəkilə ehtiyac yaranır”.

İnsanların dilindən sıx eşitdiyimiz hüquqların tapdanmasıyla bağlı fikrə münasibət bildirən vəkil bu ifadəylə razı olmadığını qeyd etdi: “Vətəndaşların hüquqlarının tapdanması ifadəsi fikrimcə doğru deyil. Çünki vətandaş hər hansı bir hüququndan istifadə edəndə başqalarının hüququna toxuna bilir. Ümumi hüquq nəzəriyyəsində “bir şəxsin hüququ digər şəxsin hüququnun başladığı yerdə bitir” anlayışıyla məhdudlaşır. Yəni şəxs öz hüququndan istifadə edəndə digərinin hüquqlarına da hörmətlə yanaşmalıdır. 

Öz hüqununu bilməyən, yaxud az məlumatlı olan şəxslərin hüquqlarını müdafiə etmək zaman keçdikcə qəlizləşə bilir. Çünki vaxtında hər hansı hüquqi tədbir görülməməsi, hüquqi əməliyyat aparılmaması hüquqşünasın məsələyə müdaxiləsini çətinləşdirir. Qanunvericilikdə hüquqların qorunması üçün müddətlər tətbiq olunur və həmin zaman dilimi ötürülərkən artıq hüquqi tədbirlərin görülməsi perspektivi getdikcə azalır. Ona görə də, əsas prinsip olaraq şəxs öz hüququnu müdafiə, yaxud bərpa etmək üçün zamanında tədbirlər görməlidir. Hər hansı hüquqi problem yaşadıqlarında hüquqşünasla, vəkillə məsləhətləşmələrini tövsiyə edirəm.

Məsələn, hər hansı bir şəxsin barəsində məhkəmə icraatı aparılır (inzabati, yaxud cinayət) və şəxslər bu məsələlər zamanı reaksiya vermirlər. Etinasız yanaşırlar, məhkəmə iclasına getmirlər. Bu zaman məhkəmə qərar verir və ziyanına çıxmış məhkəmə qərarında da müddət göstərilməsə də çox adam ötürür. 

Artıq məhkəmə qərarından şikayət ötürüldükdən sonra həmin müddətin ötürülməsinin üzrlü olub-olmaması barədə vəsatətin qaldırılmasının perspektivi aşağı düşür. Bununla da şəxslərin hüquqları məsələsi qəlizləşir. 
Gələcəkdə hüquqi nəticə doğura biləcək əməliyyatlar olur. Məsələn, şəxs daşınmaz əmlak almaq istəyərkən onun sənədlərini zamanında hüquqi tərəfdən yoxlamır, yaxud ciddi yanaşmır, məsləhətləşmir. Sonradan aparılan daşınmaz əmlak əməliyyatı hüquqi risklər yaradır və şəxsə hər hansı bir maddi zərər vura bilir. Şəxs hüquqşünasın məsləhətini almadan belə bir əməliyyatı apardığı üçün ziyana düşür. Təkrar tövsiyə edirəm ki, hər hansı əməliyyat apararkən, hüquqi problemlə üzləşəndə hüquqşünasla, vəkillə məsləhətləşmək lazımdır. 

Vətəndaşlar öz hüquqlarını hər hansı vasitələrdən elə ən sadə və bugün hər kəs üçün əlçatan olan internet resurslarından istifadə etməklə mənimsəyib, onlara dərindən hakim ola bilərlər. Eyni zamanda tanıdıqları, etibar etdikləri vəkillə, hüquqşünasla danışaraq, suallar verərək, məsləhətləşərək maariflənə bilərlər”.

Elçin Şəfiyev məhkəmə prosesiylə bağlı vacib məqamlara da toxundu: “Məhkəmə prosesində daha çox mülki məsələlərlə bağlı müraciət alıram. Mülki işlərdə iddia ərizəsi məhkəməyə təqdim olunur. Birinci instansiya, yəni rayon məhkəmələrinə müraciət olunur. Şəxsin verdiyi iddia ərizəsi və orada göstərilən tələblərin hansısa bir formada səsləndirən sübutlar vasitəsilə iş, icraat gedir. Yekunda məhkəmə qətnaməsi, yaxud qərarı qəbul olunur. Şəxs qəbul olunmuş qərarından narazı olduğu halda apellyasiya şikayəti verir. Həmin məhkəmənin qərarına bir pillə yuxarı apellyasiya məhkəmələri baxır. Əgər onun qərarıyla bağlı narazılıq olursa o zaman ali məhkəməyə kassasiya şikayəti verilir. Yekun mərhələ ali məhkəmədir və o da apellyasiya məhkəmələrinin verdiyi şikayətlərə baxaraq qərar qəbul edir. 

Məhkəmələrə ən çox müraciət məişət zəminində olan - nikah pozulması, aliment, valideynlərin uşaqlarla görüşməsiylə bağlı olur. Daha sonra təqaüd, müavinət, əmək hüququyla bağlı, eyni zamanda nəqliyyat hadisələriylə - cərimələr, inzibati protokollarla əlaqədar məsələlər çox olur. Həmçinin kreditlər, zaminliklə bağlı müraciətlər də say baxımından xüsusi yer tutur. Fiziki şəxslərin bir-birinə verdiyi borc məbləğlərinin alınması, yaxud bankın fiziki şəxslərə verdiyi kreditlərlə bağlı problemlər  çoxluq təşkil edir. Sahibkarın, yaxud şirkətin başqa bir müəssisəylə müqavilə mübahisələriylə əlaqədar sual və müraciətlərlə də tez-tez qarşılaşırıq”.

Vəkil mediasiya məhfumu haqqında da izləyicilərimizə məlumat verdi: “Mediasiya ölkəmizdə yeni tətbiq olunan institut kimi məhkəmədən öncə, yaxud kənar alternativ həlli üsuludur. Bu prosesi mediasiya təlimi qurumları vasitəsilə mediatorlar aparır. Üç kateqoriyadan olan mübahisələr mediasiyadan keçməlidir. Qanunvericilikdə ailə, kommersiya və əmək mübahisələrinin mediasiyasiyadan keçməsi məcburidir. Əgər proses zamanı tərəflər arasında razılaşma, barışıq əldə olunmursa o zaman məhkəmə mərhələsinə keçilir”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nərmin Əkbər 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh