"Mən yaşamaq istəyirəm" - Uşaqları yol qəzalarından qoruyaq - VİDEO
Uşaq ailənin güzgüsü, dövlətin gələcəyidir. İnsan xarakterinin formalaşmasında, şəxsiyyət kimi yetişməsində valideynlər böyük rola sahibdir. Uşağı fiziki və mənəvi cəhətdən sağlam böyütmək olduqca məsuliyyətli prosesdir. Cəmiyyətdə uğur qazanmış, özünü fərd kimi təsdiq etmiş hər bir insanın bünövrəsində düzgün tərbiyə dayanır. Uşaq fiziki və ya əqli qüsurlarla doğula bilər, amma davranış qüsuru ilə anadan olan uşaq yoxdur. Təbii ki, onun davranışları zamanla, müşahidə edərək formalaşır və müəyyən müddətdən sonra insanlara olan münasibətində özünü büruzə verir.
Ailənin xoşbəxtlik səviyyəsi uşağın üz cizgilərində görünür. Hərəkətləri isə ana və atasının münasibətlərindən ortaya çıxır. Valideynlər unutmamalıdırlar ki, onların göstərdikləri davranışlar uşağın tərbiyəsinin mayasını təşkil edir. Təbii ki, normal insani münasibətlər zəminində yetişənlər daha rahat və xoşbəxt olurlar. Təəssüflə qeyd etmək lazımdır ki, cəmiyyətə yararsız, hətta təhlükə yarada biləcək potensialda olan insanlar da var. Dünyaya göz açdığı andan etibarən daim şikayət eşidən, valideynlərin bir-birinə, yaxud ona olan şiddətini görən uşağın böyüdükcə travmaları da dərinləşir. Ailədə zorakılıqla qarşılaşan uşaq başqa bir azyaşlı ilə münasibət qurduqda dərhal dalaşmağa başlayır, onunla normal dialoq qura bilmir, oyun dedikdə bunu yalnız şiddət ətrafında mümkün olan bir şey kimi təsəvvür edir. Problemləri yüksək səslə həll etməyi vərdiş halına gətirmiş ailədə uşağın qışqıraraq cavab verməsi də təsadüfi deyil.
Məlumdur ki, müəyyən yaşa qədər hər bir insan valideynin məsuliyyətində olur. Əlbəttə yanlış davranış sərgiləyən, pis əməl törətmiş uşağın valideynləri ilk növbədə qınaq obyektinə çevrilir. Məhz bu səbəbdən övladını tərbiyə edən ana-ata ona insani xüsusiyyətləri aşılamaqla yanaşı cəmiyyətdə qəbul olunmuş qaydaları da təlqin etməlidir. Təhlükəsizliyimizi təmin edən qaydaların uşaqlara öyrətmək vacibdir. Onlardan biri də uşaqlara yol hərəkəti haqqında ilkin biliklərin aşılanmasıdır.
Yol hərəkətinin müdafiəsiz iştirakçıları sayılan uşaqların piyada və sərnişin qismində qorunması valideynlərin əməl etməli olduğu əsas vəzifələrdəndir. Amma təəssüflə qeyd edək ki, bəzi valideynlər məsələyə məsuliyyətsiz yanaşaraq uşaqları təhlükəli şəraitlə üz-üzə qoyurlar. Bu isə öz növbəsində qəza riskinə və böyük faciələrə də gətirib çıxara bilir. Baş vermiş kiçik yol-nəqliyyat hadisələrində belə azyaşlıların xəsarət alma riski yüksəkdir. Bunu nəzərə alaraq sükan arxasında əyləşən valideynlər qaydalara riayət etməlidirlər.
Uşaqların avtomobildə daşınması qaydaları qanunda da öz əksini tapıb. Belə ki, 12 yaşa qədər olan sərnişinlər yalnız oturacaqda daşına bilər. Qeyd edilən yaşdan yuxarı olanlar isə təhlükəsizlik kəmərindən istifadə etmək şərtilə nəqliyyat vasitəsinin ön oturacağında əyləşə bilər.
Qaydalara əməl etməyən valideynlər özləriylə yanaşı uşaqlarının da həyatını təhlükəyə atır. Oğlan uşaqlarında adətən kiçik yaşlardan etibarən avtomobilə qarşı xüsusi maraq, sevgi yaranır. Təbii ki, bu həvəs uşağı tez zamanda maşın sürməyə təşviq edir. Belə ki o, valideyndən xəbərsiz, bəzən də onların icazəsi ilə sürücülük hüququ olmadan avtomobili idarə edir. Nəticədə həm öz və digər insanların həyatını təhlükəyə atır, həm də valideynini inzibati məsuliyyət qarşısında qoyur.
Xüsusilə “Son zəng” günü valideynlərinə və ya qohumlarına məxsus nəqliyyat vasitələrindən istifadə edərək əyləncə təşkil etmək məqsədilə sükan arxasında əyləşən şagirdlər kifayət qədərdir. Onlar avtomobili yüksək sürətlə sürərək, hətta avtoxuliqanlıq edərək qəza riski yaradırlar. Amma bəzən bu əyləncənin sonu hüzünlə bitir. Qəza törədərək həyatlarının ən özəl günlərindən birini korlayırlar, ən pis halda isə ölümlərinə səbəb olurlar.
Bugün sosial şəbəkələr uşaq və yeniyetmələrin maraq dairəsini ələ keçirib. Övladına erkən yaşda mobil telefon alan, ondan istifadə etməsinə şərait yaradan valideynlər kifayət qədərdir. Onlar bəhanələrə sığınaraq bunu zamanın tələbi adlandırsa da, bu belə deyil. Uşaq və yeniyetmələrin digər insanlarla müqayisədə təsir altına düşməsi daha yüksəkdir. Əlbəttə sosial şəbəkəyə girən azyaşlı qarşısına çıxan görüntünün yanlış olduğunu dərk etmədən, “mən də etməliyəm” prinsipi ilə yanaşır. Bununla da pis alışqanlıqların qurbanına çevrilir, “qəhrəmanlıq” kimi tanınan xoşagəlməz və təhülkəsizliyə zidd olan əməllər törədirlər.
Təəssüf ki, bəzi valideynlər uşağın hər istədiyini reallaşdırmaqla onun sevgisini qazandığını düşünürlər. Həqiqətdə isə özlərinə və cəmiyyətə böyük bir düşmən yetişdirirlər.
Bəzi valideynlər piyada qismində qayda pozaraq övladlarına pis nümunə olurlar. Onlar uşaqlarıyla birlikdə keçidlərdən istifadə etmədən yolun hərəkət hissəsindən keçirlər, yaxud yolu keçərkən övladlarının əlindən tutmadan, ona ehtiyatlı olmasını bildirmədən nəzarətsiz buraxırlar. Nəticədə yola qaçan azyaşlı real təhlükə yaradır və vurularaq qəzanın qurbanına çevrilirlər.
Təəssüflə qeyd edək ki, ölkəmizdə uşaqların ölüm və xəsarətiylə nəticələnən yol qəzalarının sayı hər il artır. Təxmini 100-ə yaxın azyaşlı yol-nəqliyyat hadisələri zamanı həyatını itirir.
Belə halların baş verməməsi üçün valideynlər qaydalara əməl etməli, həmçinin onları övladlarına da vaxtında izah etməli və lazım gələrsə qadağalar qoymalıdır.
Bugün “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”dür. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1950-ci ildə qəbul etdiyi qərara əsasən, hər il bu gün uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da keçirilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru polis mayoru Araz Əsgərli əlamətdar günlə bağlı Avtosfer.az-a fikirlərini bildirib və valideynləri övladlarını cəmiyyətə faydalı fərd kimi yetişdirməyə səsləyib:
"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunması hər şeydən öncə cəmiyyətə böyük bir mesajdır. Uşaqları qorumaq, onları düzgün formada tərbiyələndirmək, mədəniyyətli, intizamlı olmasına təşəbbüs göstərmək görüləcək işlər sırasında ən vacib yerlərdən birini tutur. Təbii ki, qeyd etdiyim məsələdə polisdən, müəllimdən və ya hər hansı bir qurumdan nələrisə gözləmək düzgün deyil. Hər kəs öz işini ən mükəmməl formada görməlidir. Uşaqlarımıza nümunə olacaq addımlar atılmalıdır. Unutmamalıyıq ki, uşaqların valideynləri, himayəçiləri, cəmiyyətdə onları müxtəlif yerdə görən insanlar uşaqlarla tərbiyəvi, mədəni üslubda rəftar etməlidir. Çünki onlar gələcək həyatda uğur əldə etmək üçün müxtəlif biliklər və vərdişlərə yiyələnirlər, zamanla təcrübə toplayırlar. Təəssüf ki, yanlış təcrübə qazanmış uşaq cəmiyyətdə sağlam fərd kimi özünü tanıda bilmir. O, davamlı yanlış davranış, tərbiyə ilə qarşılaşdıqda bunun doğru olduğunu düşünür və böyüdükcə öz əməlində də icra edir. O, müəyyən yaşa çatdıqda, hər hansı bir peşənin sahəsində uğurlu şəxsə çevrilsə belə davranış qaydalarında, insanlara rəftarında yanlış münasibət və yanaşma göstərir. Bu zaman o, növbə mədəniyyətinə, Yol hərəkəti qaydalarına münasibətə, ictimai qaydanın qorunmasına etinasızlıqla yanaşır və cəmiyyətdə boşluqlar meydana gəlir. Məhz bu səbəbdən biz övladlarımızı həyata hazırlamalıyıq. Uşaqların cəmiyyətlə sağlam münasibətlərinin formalaşması üçün onları nizamlı, ən əsası məsuliyyətli böyütməliyik. Gəlin uşaqlarımıza məsuliyyətli yanaşaq ki, onlar da məsuliyyətli gələcəyimizin əsasını qoysunlar. Onlar boşluqlara, mənfi işlərə, pis vərdişlərə meyil göstərməsinlər”.
Nərmin
Qeyd: Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai birliyinin həyata keçirdiyi “Mən gələcəyəm”: Uşaq və yeniyetmələri yol qəzalarından qorumaq üçün media vasitəsilə maarifləndirmə və təbliğat adlı layihəsi çərçivəsində hazırlanıb.