Mərkəzi Bank sığorta şirkətlərinin dirənişi qıra bildi?
Son vaxtlar mühərrik həcmi 2000 kub/sm-dən az olan avtomobillər icbari sığorta olunmur.
Bu da onların sığorta olunmamasına görə 50 manat cərimə olunması deməkdir. Bugünlərdə isə Mərkəzi Bank 10 gün ərzində sığorta şirkətlərinə tapşırıq verdi. Bildirdi ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası fəaliyyəti üzrə müvafiq icazəsi olan sığorta şirkətləri onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil. Qurum bəyan etdi ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
Belə hallar baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və yaxud yazılı şəkildə müraciət etməklə AMB-yə şikayətlərini bildirə bilərlər, bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçının icbari sığorta şəhadətnaməsini satması təmin edilir. Hazırda icbari avtosığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq AMB ciddi monitorinqlər həyata keçirir, hərtərəfli təhlillər və qiymətləndirmələr aparır. Bir neçə gün sonra isə İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Rəşad Əhmədov bildirdi ki, avtomobillərin icbari sığortasının ənənəvi qaydadan elektron formaya keçidinin sürətləndirilməsi sığorta bazarında xaos yaratmayacaq. O qeyd etdi ki, hazırda bütün dünyada xidmətlər elektron formaya keçirilir.
Azərbaycanda da Mərkəzi Bankın tələbi əsasında sığorta şirkətləri yanvar ayının 21-dən etibarən avtomobillərin icbari sığortasının onlayn şəkildə həyata keçirilməsini təmin etməlidir:
“Avtomobillərin icbari sığortasının elektron satışının həyata keçirilməsi əlçatanlığı daha da artıracaq. İcbari avtosığortanın elektron qaydada həyata keçirilməsi prosesi, sığorta şirkətlərinin davranışları izləniləcək. Hazırda Azərbaycan Mərkəzi Bankı monitorinqlər vasitəsilə prosesi izləyir”.
O, əlavə olaraq qeyd edib ki, avtomobillərin icbari sığortası ilə bağlı vətəndaşlardan əlavə ödəniş tələb edilə bilməz.
Qeyd edək ki, Mərkəzi Bankın bu istiqamətdə qərarı ilə bağlı müddət artıq başa çatır.
Bu istiqamətdə hansısa irəliləyişə nail olunubmu, yoxsa qərar sadəcə kağız üzərindəmi qalacaq?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya bildirdi ki, ötən həftə İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov mətbuat konfransında bu istiqamətdə sualları cavablandırdı:
“Çox təəssüflər olsun ki, İSB indiyədək heç bir reaksiya vermirdi. Məsələ mətbuat, ekspertlər, sosial şəbəkələrdə geniş şəkildə öz əksini tapandan sonra Mərkəzi Bank qərar verdi. Bundan sonra İSB ortaya çıxdı ki, bu düzgün deyil, belə olmalıdır. İndiyə kimi niyə buna nəzarət etmirdilər? Bu qədər insan zərərə uğrayırdı, sığorta şirkətlərinin məsuliyyətsizliyi ucbatından cərimə olunurdu. Ancaq Mərkəzi Bank qərar verəndən sonra sanki dirijor çubuğu ilə işarə verdi və onlar da ona uyğun hərəkət etməyə başladılar. Artıq vaxt demək olar tamamdır. Başa düşürük ki, bu müddət ölkədə 20 Yanvar tarixinə, şənbə-bazar günlərinə də təsadüf etdi. Bir-iki gün fərq ola bilər, ancaq deyilən müddətdə bütün tapşırıqlar yerinə yetirilməli və sığortaçılara şərait yaradılmalıdır ki, online qaydada, internet üzərindən daxil olmaqla avtomobillərini sığorta edə bilsinlər. Kənar müdaxilə olmasın”.
Ekspert bildirib ki, bir müddət yenə də sığorta agentliklərinin əməyinə ehtiyac olacaq:
“Çünki bəzi insanlar internetdən səmərəli istifadə edə bilmir, kiminsə köməyindən faydalanmalıdır. Ancaq hər bir halda bu şəffaf sistem yaradılmalıdır və həmin sistemi də elə təkmil qurmalıdırlar ki, “bonus-malus” sistemindən aydın şəkildə istifadə edə bilsin. Sürücü olaraq illərlə hadisə törətmir, sığortaya işi düşmürsə, təbii ki, o bonuslar verilməlidir. O sürücüyə başqa qiymət tətbiq oluna bilməz. Həmin qiymət standart paketdən aşağı olmalıdır və bu, bonus sistemidir. Ancaq elə sürücü var ki, il ərzində 3-4 dəfə qəza törədir və ona malus sistemi tətbiq olunur. Onun sığortası normal sürücünün sığortasından qat-qat artıq olacaq”.
Ekspert deyir ki, bir çox yeniliklər də var və bu sistemi qurmaq vaxt aparacaq:
“Çünki müxtəlif əmsallar hesablanmalıdır, avtomobilin neçə nəfər tərəfindən idarə edilməsi, sürücünün yaş həddi, sürücülük vəsiqəsini almaq müddəti, təcrübəsi, avtomobilin Bakıda, yoxsa bölgələrdə istifadə edilməsi kimi amillər var. Bu məsələlər yenilikdir və noyabr ayından MB sədrinin qərarı ilə təsdiq edilib. Elə də qəliz bir məsələ deyil, ancaq istənilən halda sığorta qiymətinə təsir göstərir. Hər bir halda sistem elə təşkil olunmalıdır ki, sürücülər orada çətinliklə üzləşib kimdənsə kömək istəməsinlər. Bu həftə ərzində işlər yekunlaşmalıdır. Sistemdən istifadə qaydaları açıqlanmalıdır. O saytlar daim işlək vəziyyətdə olmalıdır. Hansısa biri deyə bilər ki, mənim saytımda texniki problem var. Sığorta şirkətləri bunu edəcək. Çünki riskli avtomobilləri sığortalamaq istəmirlər. Ancaq mən təklif edərdim ki, Mərkəzi Bankın iştirakı ilə bütün sığorta şirkətləri arasında risklər paralel bölünsün.
“Bu filankəsin sığorat şirkətidir, biz yaxın dura bilmərik, bu filakəsindir, söz demək olmaz” kimi yanaşma olmamalıdır, əgər sən bazardasansa, zəhmət çəkib bazarın qaydalarına uyğun hərəkət etməlisən. Bazarda tələb-təklif məsələsi var, monopoliya yaratmaq, inhisarçı olmaq olmaz. Ancaq yaxşı amillərdən istifadə edə bilməzsən, o zərəri sən də dadmalısan. Ona görə də riskli avtomobillər var, insanları da məcbur edə bilmərik ki, siz bunları atıb yenisini alın. Buna imkan da yoxdur, dövlət proqramı da hələ tam icra olunmayıb ki, köhnə avtomobillər utilizasiya olunsun. Bu gün üçün məsələ ortaq həllini tapmalıdır və bütün sığorta şirkətlərinin burada payı olmalıdır ki, riskli avtomobilləri bir şirkətin üzərinə qoymaq olmaz, risk bölünməlidir”.