Banner

Merlə nazir yola getmir, yollar dağılıb gedir

Yazarlar 17 Noyabr 2014 18:06 Oxunub 2099
Merlə nazir yola getmir, yollar dağılıb gedir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputat Fazil Mustafa: «Azərbaycan yeganə ölkədir ki, yollardakı vəziyyət heç kimi maraqlandırmır»

Hər il dövlət büdcəsindən yeni yolların çəkilməsinə və təmirinə milyonlarla manat vəsait ayrılır. Amma istər Bakıda, istərsə regionlarda, xüsusən də magistral yollardakı problemlər həll olunmur. Bakıya bir az yağış yağan kimi çala-çuxur, palçıqlı yollarla gedib-gəlmək məcburiyyətində qalırıq. Bu sahəyə cavabdeh qurumlara şikayət edəndə isə hamısı üzünü yana çevirib “bizlik deyil” deyir. Təmirə dayanan, yeni çəkilən yollarımızın “yolu” yaman kələ-kötür olur. Ümumiyyətlə, yol çəkilişindəki özbaşınalıqlar, sözün əsl mənasında baş alıb gedir. Bu gün üstündən keçib getdiyin yolu səhərisi gün alt-üst vəziyyətdə görürsən. Kim, necə istəyir, nə vaxt istəyir “qazır”, “sökür”, “tikir”...

Həyata keçirilən tikinti-söküntü işlərinə ciddi nəzarət olunmadığından icraçılar keyfiyyətə də fikir vermir. Görünür, onlar belə düşünür: “Onsuz da bir müddət sonra söküləcək”. Bir tərəfdə parklar salınıb, yollar çəkilirsə, digər tərəfdə yenicə təmir olunan küçələr hansısa kommunal infrastrukturun yaradılması, kommunikasiya xətlərinin çəkilməsi adı ilə dağıdılır.

“Azəriqaz”, “Azərenerji” , “Azərsu” kimi qurumların baş plana məhəl qoymadan yolları müxtəlif səbəblərdən qazmaları da ayrıca bir problemdir. Yol yenicə təmirdən çıxıbsa belə, qazıb işlərini gördükdən sonra mütləq “iz” buraxırlar.

Bakı Şəhər İcra Hakimiyyəti il boyu paytaxtın müxtəlif ərazilərində ancaq yol dağıdıb yeni asfalt örtüyü çəkməklə məşğuldur. Bu işlərin planlı şəkildə görülməməsi isə ayrıca problemə səbəb olur. Məsələn, şəhərin bəzi yerlərində yol təmirini yeni dərs ili başlayana qədər görmək olar. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti sanki dərs ili başlamasını gözləyir. Bakıda bəzi ali təhsil ocaqlarının, orta məktəblərin həndəvərindəki yollar indi qazılıb-tökülüb, təmir işləri gedir. Bu ilk növbədə şəhərdə tıxac yaranması ilə nəticələnir.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Modern.az-a açıqlamasında deyib ki, Azərbaycanın yol infrastrukturunun analoqu heç yerdə yoxdur: “Hesab edirəm ki, Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılmalı və yol təsərrüfatı bu quruma verilməlidir. Çünki indiki halda heç kim məsuliyyəti öz üzərinə götürmür. Nəqliyyat Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətini günahlandırır, qarşı tərəf də əksinə”.

Onun sözlərinə görə, vəziyyət belə davam edərsə, bu sahədə heç nə dəyişməyəcək: “Tərəflər problemi bir-birinin üstünə atır, əziyyəti isə vətəndaş çəkir. Fikrimcə, təmirlər, tıxaclar qəsdən yaradılır ki, insanların əsəblərilə oynasınlar, onlara əziyyət versinlər. Ən azından yol polisləri də əziyyət çəkir. Nə qədər canlı qüvvə ilə, təhlükəli vəziyyətdə nəqliyyatı tənzimləməyə çalışmaq olar?! Çox böyük problemdir”.

Deputat deyib ki, ölkədə çəkilən yolların, salınan körpülərin sayı-hesabı yoxdur: “Halbuki həmin körpülərdən avtomobil hərəkət etmir, altında isə ucu-bucağı görünməyən tıxaclar yaranır”.

Fazil Mustafanın sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, yollardakı vəziyyət heç kimin vecinə deyil: “Bu gedişlə gələcəkdə hansısa yenilik gözləməyə də dəyməz. Nəqliyyatın intellektul idarəetməsi təkcə harda tıxac olması barədə vətəndaşı məlumatlandırmaqdan ibarət deyil. Bunu insanlar internet vasitəsilə də öyrənə bilər. Əsas lazım olan odur ki, insanlar evdən çıxmadan hansı yolun bağlı olduğunu bilsinlər. Əvvəlcədən insanlara xəbərdarlıq olunmur. Bəlkə kimsə yolun təmirə bağlanması səbəbi ilə heç evindən çıxmayacaq. Bu, vətəndaşa hörmətsizlikdir”.

Bütün bunlar onu göstərir ki, ölkə daxilində yol çəkilişinə ayrılan vəsait heç də tam şəkildə təyinatı üzrə xərclənmir, lazımi məqsədlərə xidmət etmir. Elə buna görədir ki, “tərəflər” susub, qarşısındakını günahlandırmaqla kifayətlənir. Onsuz da kimsə, nəsə tələb etmir. Bunun bircə adı var - özbaşınalıq, özbaşınalıq, özbaşınalıq...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh