Məsuliyyətsizlikdən doğan dəmiryolu faciəsi: 575 ölü - FOTO-VİDEO

Yazarlar 8 İyun 2024 10:28 Oxunub 216
Məsuliyyətsizlikdən doğan dəmiryolu faciəsi: 575 ölü - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

4 iyun 1989-cu ildə SSRİ tarixində ən böyük dəmir yolu qəzası baş verdi. Transsibir dəmir yolu xəttinin 1710-cu kilometrində, indiki Rusiyanın Başqırd Respublikası ərazisində 2 qatarın üz-üzə gəlməsi nəticəsində baş verən partlayış və yanğın 575 nəfərin ölümünə səbəb oldu. Faciə 600-dən çox insanın xəsarət alması ilə nəticələndi. Bu qəza Rusiyanın tarixininə “Aşa faciəsi” kimi düşdü. 

Hadisənin təhlili göstərir ki, qəzada maşinistlərin təqsiri olmayıb. Tam əksinə, təhlükəsizlik normalarının pozulması və qaz təchizatı şəbəkəsi əməkdaşlarının yanlış qərarları faciə ilə nəticələnib.   
Sovet normalarına görə, qaz kəmərlərinin maksimal diametri 400 millimetri keçməməli idi. Lakin bu norma yeni xətt çəkiləndə nəzərə alınmayıb və dəmir yolu xəttinin yaxınlığında 720 millimetrlik boru ilə yüksək təzyiqli xətt çəkilib. Lakin bu da qəzaya səbəb olmaya bilərdi, amma...


Son 10 gündə ərazidən keçən qatarların maşinistləri Aşa stansiyasından 10 km məsafədə kəskin qaz iyi gəlməsi barədə rəhbərliyə çox sayda raport yazıblar. Kəmər 900 metr məsafədən keçsə də, qoxunu hamı hiss edib. Lakin buna əhəmiyyət verən olmayıb. Sən demə, kəmərdə qaynaq yerində çat əmələ gəlib və buradan propan sızıb. 
Qəzadan 3 saat əvvəl kəmərdə çat daha da böyüyüb və sistemdə təzyiq kəskin azalıb. Lakin qaz şəbəkəsinin dispetçeri nasazlığı axtarmaq yerinə şəbəkəyə verilən qazı artırıb. Uzun müddət sızan qaz ərazidə “qaz gölü” yaradıb.
Saat 01.14-də hadisə yerində 2 qatar üz-üzə gələrkən alovla müşayiət olunan partlayış baş verib. Partlayışın gücü 12 kiloton göstərilir. Bu da Xirosimaya atılan atom bombasının gücünə yaxındır. Alov sütununu 100 kilometrdən görmək mümkün olub. 
Zərbənin gücündən 11 vaqon tam dağılıb, 37 vaqon istismara yararsız hala düşüb. Hadisə nəticəsində bir neçə gün Sovet İttifaqının Uzaq Şərq hissəsi ilə dəmir yolu əlaqəsi dayanıb.
İş üzrə istintaq 6 il davam edib. Müstəntiqlərin qərarına görə, qatarlar üz-üzə gələrkən tormozlama zamanı təkərdən çıxan qığılcım alovlanmaya səbəb olub. Qaz sektorunda bir neçə nəfər hadisəyə görə cinayət məsuliyyətinə cəlb edilsə də, qısa müddət sonra aministiyaya düşdülər.

Hüquq müdafiəçilərinin fikrincə, məhkəmənin əsas məqsədi illərdir yığılan problemləri, qaydapozmaları ört-basdır etmək üçün “günah keçisi” axtarmaq olub. 


Isveçrənin Sürix Universitetinin ekspertlərinin fikrincə, qəzaya səbəb tikinti mədəniyyətinin aşağı olması, tezbazar iş, yerli idarəçilərin standartlara məhəl qoymadan öz mülahizələri ilə işləməsi və dispetçerlərin təhlükə anında təkbaşına qərar verərək hərəkəti dayandırmaq hüququnun olmaması ilə izah edirlər. Sözügedən ərazidə 2 qatar üz-üzə gəlməsəydi bəlkə də faciədən yayınmaq mümkün olardı. Lakin bu olmasa da, başqa faciə baş verəcəkdi.
O ki qaldı maşinistlərin tormoz verməsinə, burada heç bir qayda pozuntusu yoxdur. O vaxtkı normaya görə üz-üzə gələn qatarlar sürəti azaltmalıdır. Dəmir yolu işçilərinin çoxsaylı raportlarına vaxtında diqqət yetirilsəydi həm faciənin, həm də iqtisadi zərərin qarşısını almaq mümkün olardı.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh