Metroda gediş haqqının yanvarda bahalaşacağı iddiası
Son günlər metroda gediş haqqının bahalaşması ilə bağlı söz-söhbətlər əsas müzakirə mövzusudur. İnsanlar metroda gediş haqqının 20 qəpikdən 50 qəpiyə qalxacağı xəbərini etirazla qarşılayır və bundan narahatdır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mətbuata açıqlamasında hazırda metroda sərnişindaşıma ilə bağlı qiymətlərin qalxması məsələsinin müzakirə predmeti olmadığını bildirib. Qeyd edək ki, “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev cari ilin ilk yarısında metropolitendə sərnişindaşımaya əvvəlki ildəkindən çox xərc çəkilməsi, bir sərnişinin daşınma xərcinin həddən çox olduğunu vurğulamışdı. O, rəsmi rəqəmlərə əsasən sərnişindaşımanın maya dəyərinin 2015-ci ilin yekunlarına görə, faktiki olaraq 54 qəpik təşkil etdiyini (amortizasiya nəzərə alınmadan 32 qəpik), 2016-cı ilin 6 ayı ərzində isə maya dəyərinin bir az da azalaraq 52,4 qəpik təşkil etdiyini bildirmişdi: “Hesablama Palatası da ötən ay açıqladığı hesabatında 2015-ci il üçün ”Bakı Metropoliteni"ndə bir sərnişinin daşınma xərcini 54 qəpik olaraq göstərmişdi.
Ancaq cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artması metropolitendə xərclərin çoxalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Ancaq tarifi müəyyən etmək “Bakı Metropoliteni” QSC-nin səlahiyyətində olan məsələ deyil. Bakı metrosunda gediş haqqını Tarif Şurası müəyyən edir".
Bir çox dünya ölkələrində metrodan istifadə qiymətləri Azərbaycandakından baha olsa da, həmin ölkələrdə Bakıdan fərqli olaraq, metroda vahid qiymət sistemindən istifadə edilmir. Daha çox gediş haqqını bir dəfəyə ödəyənlər aşağı qiymətlə xidmətdən istifadə imkanı qazanırlar. Məsələn, Moskva metrosunda ikidən beşə qədər gedişi bir dəfəyə ödədikdə, gediş haqqı 7 faiz ucuz, 10-a qədər 10 faiz ucuz, 20-yə qədər 15 faiz ucuz, 60-a qədər isə 33 faiz ucuz olur. Aylıq abunə olduqda isə bir gedişin dəyəri bir qədər də ucuz başa gəlir.
London metrosunda isə gediş haqqı məsafəyə görə hesablanır. Bir sıra ölkələrin metrosunda bir saat ərzində metrodan ikinci dəfə istifadə edən sərnişin üçün gediş haqqı yarı qat azaldılır. Elə ölkələr də var ki, orada tələbələrə, jurnalistlərə metrodan istifadədə güzəştlər olunur. Jurnalistin bir gündə reportaja və ya hadisə yerinə getmək üçün metrodan 4-5 dəfə istifadə etdiyini nəzərə alsaq, onlar üçün güzəşt edilməsi məntiqəuyğun görünür.
Maraqlıdır, əgər metroda gedişhaqqı bahalaşarsa, tələbələr və jurnalistlər üçün hər hansısa güzəşt tətbiq edilə bilərmi? Ümumiyyətlə, metro qiymətlərinin artacağı ilə bağlı söhbətlər realdırmı?
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “yeni müsavat”a açıqlamasında metropoliten tərəfindən güzəştli istifadə haqqında qərar verilməsinin hüquqi cəhətdən doğru olmadığını bildirdi: “”Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətidir və müəyyən qayda, qanunlar çərçivəsində fəaliyyət göstərir. İstər metroda gediş haqqının artırılması, istərsə də güzəşt tətbiqi “Bakı Metropoliteni”nin səlahiyyətində olan məsələ deyil. Yəni metrodan, ümumiyyətlə, ictimai nəqliyyatdan güzəştli istifadə ilə bağlı kateqoriyanı da birbaşa Nazirlər Kabineti müəyyən edir. Yəni orada rəsmi qərarla təsdiqlənir ki, bu kateqoriyalardan olan insanlar metrodan güzəştli istifadə edə bilərlər. Biz də bu qaydanı, sadəcə olaraq, tətbiq edirik. Ona görə də metropoliten tərəfindən hər hansısa bu cür qərarın verilməsi hüquqi cəhətdən doğru deyil".
Metrolarda gediş haqqının bahalaşması haqqındakı söhbətlərə gəlincə isə N.Paşayev bunun hələ bilinmədiyini dedi: “Metropolitendən istifadə edən sərnişinlər, 20 qəpik ödəmələrinə baxmayaraq, bir sərnişinin daşınmasının maya dəyəri 20 qəpikdən bahadır. Buna baxmayaraq, hökumət tərəfindən hər il metropolitenə subsidiyalar ayrılır. Bu subsidiyalar hesabına həmin zərər ödənilir. Hökumətimiz sosialyönlü layihələr çərçivəsinə bu cür maliyyə yardımı subsidiyalar ayırıb. Amma yenə də deyim ki, tarifin artırılması və ya azaldılması birbaşa Tarif Şurasının səlahiyyətində olan məsələdir. Bu məsələ bizdə müzakirə edilmir”.
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, xərclərin optimallaşdırılması yolları işlənib hazırlanmalıdır: “Rəqəmlərdə göstərirlər ki, metroda daşınma xərcinin maya dəyəri daha çoxdur. Maya dəyərinin də yüksəlməsini bəhanə edərək və yaxud da bunu səbəb kimi göstərərək qiymətlərin qaldırılması haqqında məsələ çox güman ki, yenidən gündəmə gələcək. Amma problem ondan ibarətdir ki, metropolitendə bu günə qədər audit aparılıb onun nəticələri ictimaiyyətə açıqlanmayıb ki, gedişin maya dəyəri, metropolitenin xərcləri nə qədərdir və bu xərclərin optimallaşdırılması yolları nədən ibarətdir. Çünki xərclərin azaldılması, yaxud da ödənilməsi tək gediş haqqının qaldırılması ilə əlaqəli olmamalıdır. Əgər xərclərdə problem varsa, yəni xərclər daha çoxdursa, bununla bağlı xərclərin optimallaşdırılması yolları da işlənib hazırlanmalıdır. Yəni metropolitendə hansı əlavə izafi xərclər varsa, bunlar azaldılmalıdır. Bu yolla da maya dəyərini aşağı salmaq olar. Amma nədənsə, Azərbaycanda həmişə maya dəyəri söhbəti çıxan kimi həmən qiymətin qaldırılması düşünülür. Bu nöqteyi-nəzərdən metropolitendə normal, beynəlxalq standartlara cavab verən bir audit olmadan qiymətlərin qaldırılması düzgün deyil. Normal standartlara uyğun audit olsa, xərclər hesablansa və bu xərclərin azaldılması yolunda müəyyən addımlar atılsa, gələcəkdə qiymət artımına gedilməsi istisna olunmur. Amma hələ ki biz bunu görmürük. Bütün yükü vətəndaşın çiyninə qoymağa çalışırlar. Çox güman ki, yanvar ayında bəzi kommunal xidmətlərlə yanaşı nəqliyyat ödənişlərinin qiymətində də müəyyən artımların olması ehtimalı var”.
İqtisadçı ekspert ictimai nəqliyyatda müəyyən bir qrup insanlar üçün güzəştlərin mümkün ola biləcəyini dedi: “Bütün nəqliyyatlar ümumi kart sisteminə keçməlidir. Bu kartların alınmasında, doldurulmasında və istifadəsində müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Yəni bunu etmək çox asandır və mümkündür. Sadəcə olaraq, Nazirlər Kabineti müvafiq qərarlar verməlidir və hökumətin verdiyi qərarların normal şəkildə həyata keçirilməsi üçün bir mexanizm qurulmalıdır. Metro dövlətə məxsusdur. Amma avtobus şirkətləri var ki, özəldir. Onlar itirdiklərinin mənbəyini həmişə sorğulayacaqlar. Yəni əgər güzəşt edirlərsə, bu hansı mənbələr hesabına olmalıdır. Məsələn, onlara vergi güzəştləri tətbiq etmək yolu ilə vahid kart sisteminə keçdikdən sonra güzəşt sistemi tətbiq etmək mümkündür. Bu, dünyanın hər yerində var. Azərbaycan hökuməti Türkiyənin, Gürcüstanın təcrübəsini öyrənsə, nəqliyyat sistemində müəyyən düzən yarada bilər və bununla da endirim, yaxud da güzəştli kartların keçidini təmin edə bilər. Yəni burada çətin bir şey yoxdur. Sadəcə olaraq, buna qərar verib vaxtlı-vaxtında uyğunlaşmaq lazımdır”.