Mingəçevir SES təhlükəsi: keçmiş rəisdən – ŞOK İDDİA
Hələ 1997-ci ildə Mingəçevir Su Elektrik Stansiyasını yoxlamadan sonra birbaşa təklif elədim ki, yalnız suvarma kanallarını suyla təmin edən bu SES-in vura biləcəyi zərər xeyrindən qat-qat çoxdur və sökülməlidir.
Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri uzun müddət Mingəçevir Regional Mülki Müdafiə İdarəsində Mühəndis Xidmətinin rəisi işləmiş Rəşid Bərgüşadlı bildirib.
R.Bərgüşadlı bildirib ki, SES-də yoxlamadan sonra rəsmi orqanlara nəticəni məruzə edərkən şok vəziyyəti alınmışdı:
“1997-ci ildə güclü leysan yağışı Mingəçevir SES-in işini iflic hala salmışdı. O vaxt Mingəçevir Regional Mülki Müdafiə İdarəsində Mühəndis Xidmətinin rəisi idim və bölgədə bütün xüsusi təyinatlı mühəndis qurğularının vəziyyətinə nəzarət edirdim. Qəzayla əlaqədar SES-in bəndinin vəziyyətini yoxlamaq üçün rəsmi tapşırıq almışdım. Vəziyyəti araşdırdım. Rəsmi orqanlara nəticəni məruzə edərkən şok vəziyyəti alınmışdı. Birbaşa təklif eləmişdim ki, yalnız suvarma kanallarını suyla təmin edən bu SES-in vura biləcəyi zərər xeyirindən qat-qat çoxdur və sökülməlidir. O vaxt üçün tam məxfi hesab edilən bəzi məlumatların məxfilik qrifi götürüldü. Və məruzəm Təhsil Nazirliyinin "Elmi əsərlər" buraxılışında (Bakı, 1998 "Ümman" nəşriyyatı) çap olundu”.
R.Bərgüşadlı açıqladığı bəzi rəqəmlərlə vəziyyətin nə qədər ciddi olduğunu bir daha xatırladıb:
“Bənddə suyun səviyyəsi 80 m-ə çatanda dəryaçanın tutumu 16 kub km olur. Bu nə deməkdir? O deməkdir ki, əgər bənd yarılarsa:
- Kür-Araz ovalığının 18 rayonu tam və ya qismən su basımına məruz qalır. İlkin dalğanın hündürlüyü 70 m-ə çatır. Mingəçevirin özü 4 dəqiqədən sonra relyefindən asılı olaraq 10-11 m suyun altında qalır”.
Keçmiş xidmət rəisi bildirib ki, fəlakətli subasma zonasında 70 min əhali yaşayır (1997-ci il üçün). Hadisə baş verərsə, Yevlax rayonunun 190 kv.km ərazisi 28-30 dəqiqə; Ağdaş rayonunun 75 kv. km ərazisi və 22 min əhalisi 80 dəqiqə; Ucarın 100 kv.km ərazisi və 34 min əhalisi 2 saat ərazisində subasmaya məruz qalar:
“Bənd dörd halda dağıla bilər:
- Rixter üzrə 11 bal gücündə zəlzələdən
- Şamxor (Şəmkir) su anbarının bəndinin dağılmasından
- Bəndin sağ-sol hissəsində Bozdağın yuyulub çatlamasından
- Turbinlərə gələn suyun axıdıcı qalareyanı tədricən öz-özünə aşındırmasından.
Düzdür, Azərbaycan 8 baldan artıq zəlzələ görməyib; Şamxorun (Şəmkir) bəndində qəza olarsa, artıq suyu boşaltmağa axıdıcı kanallar nəzərdə tutulub; bəndin torpaq yamacları və filtrasiya sisteminin aşınması da ciddi nəzarətdədir. Buna baxmayaraq:
- 1997-ci ildə izafi suyu boşaltmaq üçün ehtiyat kanalın jalüzü açılmamışdı.
- bəndin mühəndis-texniki təhlükəsizliyi minumum hesab olunsa da, bənd 1985-ci ildən əsaslı təmirə möhtacdır.
Su bəndləri zarafatı sevmir. Bənd əsasən suvarma məqsədi daşıyır, mümkün qədər tez sökülməlidir ki, fəlakətli daşqın təhlükəsindən canımız qurtarsın. Tuqay, Sultanbud və Samux meşələri təzədən cana gəlsin. Aran bölgəsini cəhənnəmə döndərən şoranlıqlar birdəfəlik çəkilsin. Xəzər, Kür və Arazın zəngin faunası cənnətə qovuşsun”.