Mobil telefon sükan arxasında bizi necə öldürür?

Yazarlar 13 Yanvar 2020 10:52 Oxunub 1855
Mobil telefon sükan arxasında bizi necə öldürür?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Can alan “canlı yayım”...

Telefon qulağında, fikri xəttin o biri ucunda...

Günümüzdə həyatımızın ayrılmaz hissəsinə çevrilən, bəzilərimiz üçün hətta hava və su kimi vacib əhəmiyyət kəsb edən mobil telefonlar bir çox hallarda bizi ölümə də aparır. Burada mobil telefonun şüasının zərərindən danışmayacağıq. Ondan daha təhlükəli, zamanla deyil, bir anda insanı ölümə və əlil olmağa apara, o cümlədən maddi zərərə sala biləcək tərəflərini qeyd edəcəyik. Məsələ sükan arxasında mobil telefondan istifadədir. Təəssüf ki, bu gün sürücülərin əksəriyyəti bu qayda pozuntusunu edir. Amma ilk növbədə özünü təhlükəyə atdığının fərqində olmur.

Mobil telefon sükan arxasında bizi necə öldürür?

Qanun nə deyir?

"MediaPost" bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 342.6 maddəsində deyilir ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat cərimədir.

Yəni burada söhbət təkcə mobil telefonla danışmaqdan yox, ondan hər hansı formada istifadədən gedir.

Telefon qulağında, fikri xəttin o biri ucunda...

Əgər “120-lik” yolda 60-70 km/saatla hərəkət edən, zolaqda yerləşmə qaydasını pozan biri varsa, 90 faiz mobil telefonla danışır. Bəzi sürücülər sanki sükan arxasına keçəndə bütün problemləri həll etmək prosesi başlayır. Təbii ki, sükan arxasında mobil telefonla danışan zaman “40 ilin şoferi” olsan belə, yenə fikir yayınır. Avtomotik olaraq sürət azalır, zolaqlar üzrə idarəetmə zəifləyir. Belə hallarda isə əksərən qəzalar baş verir.

Mobil telefon sükan arxasında bizi necə öldürür?

Whatsapp bəlası...

Telefonu qulaqda tutub danışmaq bəlkə də bu qayda pozuntularının ən “təhlükəsizidir”. Bundan da təhlükəli məqamlar var ki, son texnologiyanın imkanları bu şəraiti bizim üçün yaradır. Whatsapp yazışmaları, səs göndərmək, görüntülü danışmaq kimi məqamlar təəssüf ki, bu gün sürücülərin istifadə etdiyi hallardır. Sükan arxasında mesaj yazan, səs göndərənlər az deyil. Ekspertlər hesab edir ki, cəmi 5 saniyə diqqətin yayınması qəzaya səbəb olacaq amildir. Lakin sürücülər 5 saniyəlik mesaj yazmağı təhlükə hesab etmir.

Can alan “canlı yayım”...

Bundan daha təhlükəlisi isə sosial şəbəkələrdə edilən canlı yayımlardır. Sükan arxasında canlı yayım edib ora gələn rəyləri oxuyan və hətta cavab verən sürücülər var. Yol gedərkən bunu əyləncə vasitəsi hesab edirlər. Lakin diqqətin yayınması və qəzaların baş verməsinin əsas səbəblərindən biri də budur. Dəfələrlə canlı yayım edərkən baş verən qəzaların şahidi olmuşuq.

Mobil telefon sükan arxasında bizi necə öldürür?

“Tik-tok” və “Instagram”la nəfəs alanlar...

Daha bir bəla isə sükan arxasında foto və video çəkib sosial şəbəkələrdə paylaşmaq istəyidir. Daha çox “maraqlı” video çəkmək üçün əlində telefon avtomobil idarə edənlər az deyil. Bəzən isə yolda baş vermiş qəzanı çəkənlər olur. Bu zaman da ikinci qəzanın baş verməsinə səbəb olurlar.

Qulaqlıq çarədirmi?

Sükan arxasında qulaqlıqdan istifadə etmək, yaxud mobil telefonu avtomobilin səs sisteminə qoşmaqla danışmaq qayda pozuntusu olmasa da, bu da təhlükəlidir. Yaxşı olar ki, bundan da zəruri hallar olmadıqda istifadə edilməsin. Çünki istər-istəməz fikir yayınır və həmin “5 saniyəlik vaxt” itkiyə səbəb olur.

Mobil telefon sükan arxasında bizi necə öldürür?

Bəs nə edək?

Ekspertlər hesab edir ki, sükan arxasında mobil telefondan ümumiyyətlə istifadə olunmasın. Təbii ki, bəzi zəruri hallar istisnadır. Amma unutmaq lazım deyil ki, sevdiklərimizə yazdığımız mesajlar, göndərdiyimiz səs və danışıqlar onlar üçün də, bizim üçün də sonuncu ola bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh