Banner

«Moyka»dan maşın qaçırıb qız gəzdirənlər - REPORTAJ 

Yazarlar 28 Fevral 2015 09:51 Oxunub 9557
«Moyka»dan maşın qaçırıb qız gəzdirənlər - REPORTAJ 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Bir maşının yuduzdurulmasına bir aylıq benzinin pulunu xərcləyənlər var»

 

Oğurluq, maşın qaçırma və yuduğu maşına sahibi kimi davranan işçilər

 

«Maşın yudurtmaq mənim üçün əzablı bir işdir. Maşını «moyka»ya qoyub rahat gedə bilmirəm. Çünki orda işləyənlərə etibarım yoxdur. Buna görə də həftədə ən azı 1 saat bu işə vaxtım gedir».

Turizm şirkətində çalışan 34 yaşlı Tağı Zeynalovun avtoyuma məntəqələrinə olan etibarı keçən il sarsılıb. Dediyinə görə, mütəmadi olaraq maşınını yuduzdurduğu məntəqədə bir dəfə maşınını qaçırıb vurublar, bir dəfə isə maqnitofonunu sıradan çıxarıblar. Qəzanın xərci bunu edən “moyka” işçisi tərəfindən ödənsə də, sonuncu maşın sahibinin boynunda qalıb: “Orada elə adamlar çalışır ki, çoxunun savadı, elementar normalardan xəbəri olmur. Başa düşmür ki, maşın buna yarım saatlıq, bir saatlıq iş üçün verilib. Amma “moyşik”lər özünü həmin vaxtda maşının sahibi kimi aparırlar. Oğurluq da olur, maşının içini qurdalama da. Həmin yerdə mənim maşınımın maqnitofonunu sıradan çıxarmışdılar. Adamın boynuna qoya bilmədim. Halbuki maşını “moyka”ya qoymazdan əvvəl axırıncı dəfə CD-yə qulaq asmışdım. Dedi, mənlik deyil, öz probleminizdir”.

Bakıda maşınların sayı çoxaldıqca avtoyuma məntəqələrinə də tələbat artır. Xüsusən Bakı kimi yağışlı, palçıqlı, təmirli yolları olan şəhərdə vasvası sürücülər ən pis halda həftədə bir dəfə onların xidmətindən istifadə edir. Çox adam evinin, iş yerinin yanındakı avtoyuma məntəqələrinə müraciət edir, əksəriyyət isə tanıdığı, əl işinə etibar etdiyi məkana. Ələsgər Heydərov Montin qəsəbəsində yaşasa da, maşınını yuduzdurmaq üçün həftədə bir dəfə Yeni Yasamala gedir. Onun dediyinə görə, maşın da insan kimidir, baxımı, təmizliyi sevir: “Mən Yeni Yasamaldakı o “moyka”ya 4 ildir gedirəm. Düzdür, maşınımı 15 manata yuyurlar, amma alman təmizlik vasitələrindən istifadə edirlər. Kreslosunu xüsusi yağla silirlər, içinin dezodorantı ayrıdır. Hər dəfə olmasa da, ayda bir dəfə motorunun içini tərtəmiz yudurduram. Və ordan çıxarandan sonra maşına minəndə hiss edirsən ki, gigiyenikdir hər şey».

Müsahibimizin sözlərinə görə, avtoyuma məntəqələrində xüsusi preyskurant yoxdur. Hər şey müştərinin tələbindən asılıdır: “Mən “elə-belə yu” deyirəmsə, bu, o deməkdir ki, üstdən-üstdən yuyulmalıdır. Buna görə də 15 manat bəs edir. Amma “üstündə əməlli işlə” deyirəmsə, bu, o deməkdi ki, “generalnı” yuyulmalıdır və maşın ən azı 1 saat orda olacaq, dib-bucaq, hər tərəf xüsusi təmizlənəcək. Xüsusi yuyulanda isə məndən 20-25 manat istəyirlər. Amma elə yerlər var ki, orda maşın yuduzdurmağın aşağı yeri 30 manatdır. Ora da ancaq “bərkgedən”lərin sürücüləri gəlir. Bəzən birdəfəlik maşın yuduzdurmağa bir aylıq benzinin pulunu verib çıxırlar”.  

Xalqlar Dostluğu metrosu həndəvərində yerləşən avtoyuma məntəqəsinin sahibi Zeynal Tapdıqov isə deyir ki, onlar müştərinin etibarından sui-istifadə etmirlər. Onun sözlərinə görə, bir-iki nəfər işçinin məsuliyyətsizliyinə görə ümumən avtoyuma məntəqələri barədə yanlış rəy formalaşdırılıb: “Bizdə iki il bundan qabaq bir işçi yuyulmaq üçün növbədə olan bir maşını götürüb qaçmışdı. Sən demə, qızla gəzməyə çıxmaq üçün aparıbmış. Qayıdanda gördük ki, maşının qabaq “buferi” zədələnib. Sahibi gəldi, dava saldı, hamımız “atışdıq”, maşını təmir elətdirdik. Amma o uşağı da “moyka”dan qovduq. Çünki belə hadisələr çoxalanda müştərilər bir-birinə xəbər verir. Axırda bizim yanımıza gələn olmaz”.

Müsahibimizin sözlərinə görə, insanlar çox vaxt maşının yuyulması üçün tələb olunan məbləğindən çoxluğundan narazılıq edir. “Moyka” sahibi hesab edir ki, bunu deyənlər cəmi bir saat burada çalışıb, mənzərənin necə ağır olduğunu görə bilərlər: “Bizim bir müştəri vardı. Maşını CİP idi. 10 manata yuyurduq, bu da həmişə narazılıq edirdi. Yay vaxtı idi, bir həftə maşını gətirmədi. Sonra gəldi ki, qardaş, siz nə zülmdü çəkirmişsiniz. Mən bir dəfə bağda maşını yumaq istədim, təpədən dırnağa su içində qaldım, sonra da xəstələndim. 10 manat da azdı sizə».

Z.Tapdıqov dedi ki, burada çalışanların əsas problemi soyuqdəymə ilə bağlıdır. Xüsusən qış aylarında işçilər tez-tez xəstələnirlər: “Bizdə yalın əl-ayaqla işləmir işçilər. İri, rezin çəkmələri olur, əllərində rezin əlcəklər-filan. Amma bununla belə bayırda havanın temperaturu 3-4 dərəcədirsə və uşaqlar da bütün gün suyla əlləşirlərsə, çətindir. Yayda maşın yumaq bir az asandır, amma qış aylarında elə bil xəstəliyi özün çağırırsan».

Şəhər sakinləri isə daha çox binaların yaxınlığında yerləşən avtomobil yuma məntəqələrinin olmasından narazıdır. Onların fikrincə, bu halda səs-küy çox olur. Bütün gün maşınların açıq qalan qapılarından bayıra yüksələn musiqi sədaları, su şırıltısı onlara mane olur. Bu cür obyektlərin əsasən qapalı məkanlarda olması təklif edilir. Qanunsuz fəaliyyət göstərən məntəqələrin çoxu səkilərə və avtomobil yollarına yaxın məsafələrdə tikilir. Bu isə həm piyadanın həyatını təhlükə altına atır, həm də tıxacların yaranmasına səbəb olur. 

Bundan başqa, bəzi avtoyuma məntəqələrində kanalizasiya sistemi yoxdur. Məhz bu səbəbdən istifadə olunan su da yollara, ya da binaların zirzəmilərinə axıdılır. Nəticədə ətraf mühit çirklənir, yollarsa sıradan çıxır. İnzibati xətalar Məcəlləsinə görə, buna qol qoyan fiziki şəxslər 30-50 manat, hüquqi şəxslər 150-200 manat, vəzifəli şəxslər isə 1500-2000 manat cərimə olunmalıdırlar.

Bu arada avtoyuma məntəqələrinin fəaliyyəti məsələsi də Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənir. Nazirlik tərəfindən yayılan məlumatda bildirilir ki, avtoyuma məntəqəsinin açılması üçün Nəqliyyat Nazirliyindən rəyin alınması vacibdir. Bunun üçün ilk olaraq fiziki şəxs quruma rəsmi ərizə ilə müraciət etməlidir. Ərizəyə həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, həmçinin, ərizədə qeyd olunan obyektə ərizəçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, habelə olduğu təqdirdə müvafiq dövlət orqanları ilə razılaşmalarının surətləri və obyekt üzrə digər zəruri texniki (eskizlər, sxemlər, çertyojlar) sənədlər əlavə olunmalıdır. Ərizə nazirliyə daxil olduqdan sonra qeydə alınır, baxılır, təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq rəy verilməsi haqqında qərar qəbul edilir.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 iş günündən gec olmayaraq yazılı məlumat verilir. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər təkrarən nazirliyə təqdim olunmalıdır. Rəyin verilməsi təqdim edilmiş sənədlərə baxılması və təhlil olunması, obyektin vəziyyətinin yoxlanılması və lazımi araşdırmalar aparılması əsasında həyata keçirilir. Avtoyuma məntəqəsinin açılması üçün rəy verilməsinə görə dövlət rüsumu nəzərdə tutulmayıb. ailem.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh