Banner

MTK-ların reklamlarında inandığımız YALANLAR - ŞOK FAKTLAR

Yazarlar 13 İyul 2023 15:41 Oxunub 1252
MTK-ların reklamlarında inandığımız YALANLAR - ŞOK FAKTLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son onillikdə insanların büdcəsinə uyğun və daha sərfəli şərtlərlə ev sahibi olmaq üçün Mənzil Tikinti Kooperativlərinə (MTK) baş vurmaları diqqət cəlb edir. Xüsusilə yeni ailə quran gənclərin bu istiqamətdə atdığı addımlar geniş vüsət alıb. İşin müsbət tərəfi olduğu kimi, qaranlıq məqamları da var. Bəzən sonradan aydın olan bu tərəflər insanların aldadılmasına - ev alarkən evsiz qalmasına, pulunun mənimsənilməsinə, vəd edilən standartlardan aşağı keyfiyyətdə mənzillərin təqdim edilməsinə, bir sözlə xəyallarının suya düşməsinə səbəb olur. Tikinti sahəsinə tələbatın yüksək olması MTK-ların sayının artmasına və aralarındakı rəqabətin güclənməsinə səbəb olur. Digər tərəfdən isə tikinti şirkətlərinin işini çətinləşdirir. Bütün sahələrdə olduğu kimi, burada da MTK sahibləri reklamlarını müasir dövrün tələblərinə uyğun olaraq sosial media vasitəsilə həyata keçirir. Önəmli məqam şirkətin reklam olunarkən rəqiblərindən seçilməsi istiqamətində irəli sürülən üstünlüklər olur. “Müştəri nə üçün onu seçməlidir?” sualı MTK-ların əsas mövqeyini təşkil edir və şirkət bu yolda yeniliklər, fərqliliklər irəli sürməyə çalışır. Təəssüf ki, bir qisim MTK-lar reklam zamanı şişirdilmiş, həqiqətə uyğun olmayan vədlərə yer verir və bu zaman müştəri məmnuniyyətsizliyi, narazlığı özünü göstərir. Bəs bu sektorda bizi inandıraraq “tələyə salan” yalanlar hansılardır?
Mövzuyla bağlı  Avtosfer.az-a məlumat verən Əmlak Məsələləri üzrə mütəxəssis Vüsal Məstəliyev tikinti şirkətlərinin ən çox üz tutduğu hiylənin mənzilin 1 kvadratmetri üçün aşağı qiymətin qeyd etmələrini bildirib. Onun sözlərinə görə, MTK öz reklamında bu nüansı vurğulayırsa rəsmi olaraq şirkətinin müflisləşməsini elan edir. “Tikinti bazarında sözünü deyən, inşa etdiyi binaların keyfiyyəti ilə tanınan şirkətlərdə mənzillərin qiymətində ən yüksək endirim 10 faizdən artıq olmur. Bunu nəzərə alaraq saxta vədlər verib insanları aldadan MTK-lara diqqət etməliyik” deyə bildirib. Həmçinin 1 kvadratmetr üçün aşağı qiymət dedikdə sahəsi çox olan və ya likvidliyi az olan mənzillər nəzərdə tutulur. Əks halda isə reklamda göstərilən qiymətdən 20-30 faiz daha baha olur. 
Vüsal bəy tikinti şirkətlərinin baş vurduğu digər yalanlardan birinin olduqca ucuz qiymətə mənzillərin təqdim edilməsini söyləyib. Belə ki, böyük yaşayış kompleksləri tikilməmiş, yaxud qazılma mərhələsində olan binalarda aşağı qiymətə evlər təklif edir. Bu təklifi irəli sürən şirkətlərin əsas məqsədi müştərilərdən alacağı ilkin məbləği faizsiz mənimsəməklə bu aralıqda onların tikintinin sona çatmasını gözləməyə sövq etmələridir. 
Digər ən çox yayılan hiylələrdən biri isə aşağı faizlə ipotekanın verilməsidir. Belə hallarla tez-tez qarşılaşdığını bildirən mütəxəssis, təklifdən yararlanmaq istəyən şəxsin dərhal şirkətin satış menecerləri ilə əlaqə saxlayaraq onların hiyləsinə düşdüyünü və müqaviləni imzaladığını qeyd edib. Belə ki, tələyə düşən müştəri prosesin başlanğıcında qazandığını düşünsə də, sonrakı mərhələdə şirkətin mənafeyi üçün “dələduzluq şou”su göstərdiyini görür. Bir sözlə, dolandırılan şəxs verəcəyi puldan  iki-üç qat daha çox miqdarda şirkətə ödəniş edir.
Son olaraq MTK-ların məşhur yalanlarından biri olduğunu özəlliklə vurğulayan Vüsal Məstəliyev, reklamlar vasitəsilə “son 5-10 mənzil” tipli ifadələrin insanlara elan olunaraq satılmasını göstərib. Mütəxəssis binadakı mənzillərin 50 faizi satılmadığı halda belə, bu yola baş vuran MTK-ların insanların inamından sui-istifadə etmələrinin geniş yayıldığını vurğulayıb. 
Sonda mütəxəssis ev sahibi olmaq istəyən insanlara qeyd edib ki, getdikcə çoxalan MTK-ların reklam yolu ilə təqdim etdiyi quru vədlərə inanmasınlar və mənzil almazdan öncə vurğuladığı yalanlara aldanmasınlar.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh