Müfəttiş-sürücü qarşıdurması: qanun kimin tərəfindədir? – ARAŞDIRMA
23 yanvar 2014. Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranıb. Sərnişin kimi sürücünün avtomobilinə əyləşib sonradan müfəttiş olduqlarını deyən 4 nəfər Kürdəmir rayon sakini, 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlunu döyüblər. Mülki geyimdə olan müfəttişlər sürücüdən əvvəlcə lisenziya sənədlərini, sonra isə pul tələb ediblər. Mübahisənin sonunda müfəttişlər avtomobilin sənədlərini götürərək qaçıblar.
16 mart 2014. Bakıda Nəqliyyat Nazirliyinin müfəttişi ilə taksi sürücüsü arasında baş verən münaqişə qəza ilə nəticələnib. Belə ki, Tbilisi prospektində müştəri qismində 90 NZ 109 dövlət nömrə nişanlı taksiyə əyləşən nəqliyyat müfəttişi bir qədər sonra sürücü ilə mübahisə edərək ondan avtomobili saxlamasını tələb edib. Sürücü avtomobili saxlamadığından, müfəttiş əli ilə sükanı sağa çevirib. Yoldan çıxan avtomobil piyada səkisinə çırpılaraq əzilib. Qəzanın səbəbkarı olan müfəttiş hadisə yerindən qaçmaq istəyərkən digər taksi sürücüləri tərəfindən tutulub.
26 mart 2014. Paytaxtda taksi sürücülərindən biri Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən “bel”lə ölümcül döyülüb. İnsidentə səbəb müfəttişlərin sürücüdən 100 manat tələb etməsi olub. Hadisə 8-ci mikrorayon ərazisində “qoşa zapravka” deyilən yerdə baş verib. Müfəttişlər ölümcül hala saldıqları sürücünü elə yolun ortasında buraxaraq 90 AF 364 nömrəli xidməti maşınlarına oturaraq uzaqlaşıblar.
9 aprel 2014. Əməkdar artist, “Oda” teatrının aktyoru İlqar Cahangir Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin əməkdaşlarının hücumuna məruz qalıb. Səbəb aktyorun sürücülərdən birinin nəqliyyat müfəttişləri tərəfindən döyülərkən hadisəni telefonuna çəkməsi olub. Sürücünü döyən şəxslər aktyoru da təhqir edib onun telefonunu alıb yaddaş kartını çıxarıblar. Daha sonra əməkdar artist avtovağzalın ikinci mərtəbəsinə - rəisin kabinetinə aparılıb. Bir qədər sonra İlqar Cahangir hadisə ilə bağlı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinə dəvət edilib və ondan üzr istənilib.
14 aprel 2014. Biləcəri sakini Məzahir Mehmanov şəxsi avtomobili ilə Sumqayıtdan qayıdarkən Beynəlxalq Avtovağzal ərazisində nəqliyyat müfəttişlərinin hücumuna məruz qalıb. Belə ki, müfəttişlər sürücünü avtomobildən düşürərək sənədləri və açarları götürüblər. Hadisə gecə saat 00:30 radələrində baş verib. Sürücü yaxınlıqda olan post-patrul xidmətinin əməkdaşlarına yaxınlaşıb kömək istəsə də, onlar Nəqliyyat Nazirliyi əməkdaşlarının işinə qarışmaq istəmədiklərini söyləyiblər. Bundan sonra sürücü Daxili İşlər Nazirliyinin 102 “Qaynar xətt” xidmətinə zəng edərək başına gələnləri danışıb. Müfəttişlərin sürücünü zorla avtomobildən düşürməsi və sənədləri götürərək ərazidən uzaqlaşmasını əks etdirən video-süjet “YouTube” da yerləşdirilib. Bunlar təkcə bu ilin ötən dövründə Bakıda nəqliyyat müfəttişləri ilə sürücülər arasında baş vermiş çoxsaylı insidentlərin ən yaddaqalan, həm də çox az hissəsidir. Son vaxtlar nəqliyyat müfəttişlərinin sürücülərlə kobud davranışları, onların qeyri-qanuni hərəkətlərə yol verməsi hallarına tez-tez rast gəlinir. İstər paytaxt Bakının daxilində, istərsə də regionlara sərnişin daşıyan taksi sürücülərinin intizama cəlb edilməsi, bəzən onların əsassız cərimələrə, hətta fiziki tənbehə məruz qalması ölkədə böyük səs-küyə səbəb olub. Ən yaddaqalan və böyük səs-küyə səbəb olan sonuncu belə hadisə aprelin 23-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verib. Belə ki, 5 nəfər nəqliyyat müfəttişi “Mersedes” markali avtomobilin sürücüsü Vüsal Həsənova qarşı ciddi xəsarətlərlə nəticələnən zorakılıq edib. Müfəttişlər günorta saatlarında şəxsi avtomobili ilə avtovağzal ərazisində dayanmış sürücüyə yaxınlaşaraq ondan taksi fəaliyyəti göstərmək üçün lisenziya sənədlərini istəyib. Sürücü isə taksi fəaliyyəti ilə məşğul olmadığını, yaxın qohumlarından birini avtovağzaldan rayona yola salmaq üçün burada dayandığını söyləsə də, müfəttişlər buna inanmayıb. Tərəflər arasındakı adi mübahisə davaya çevrilib. Müfəttişlər sürücünü döydükdən sonra onu insanların toplaşdığı ərazidən uzaqlaşdırmaq məqsədilə yaxınlıqdakı körpünün altına sürüyüblər. Müfəttişlərin vəhşicəsinə döydüyü sürücünün vəziyyəti ağır olduğundan onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Bu hadisədən qorxan müfəttişlər isə xidməti avtomobillərini avtovağzal yaxınlığındakı körpünün altında saxlayaraq, qaçıblar. Onların bu hərəkətindən hiddətlənən sadə insanlar müfəttişlərin avtomobili ətrafına toplaşaraq onu yarasız hala salıblar. Hadisə yerinə polis əməkdaşları gəliblər. Nəqliyyat Nazirliyinin rəsmiləri isə müfəttişlərin sürücünü döymədiklərini, onun guya müfəttişlərdən qaçarkən körpüdən yıxıldığını (?) söyləyiblər. Bəs, vəzifəsi ictimai nəqliyyatda təhlükəsizliyi və nizam-intizam qaydalarını qorumalı olan müfəttişlərin sürücülərə qarşı bu cür kobud davranışlarının kökündə nə dayanır? Ümumiyyətlə, nəqliyyat müfəttişlərinin qanuni fəaliyyəti hansı qaydalarla tənzimlənir? Onların mövcud fəaliyyəti polis nəzarəti funksiyasını yerinə yetirə bilərmi? Bəri başdan deyək ki, hazırda Azərbaycanın bir çox dövlət strukturlarında müfəttiş qrupları fəaliyyətdədir. Hazırda rəsmən müfəttiş statusu daşıyan qurumlar Nəqliyyat Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Daxili İşlər Nazirliyinin bəzi strukturlarında fəaliyyət göstərir. Hüquqşünas Ələsgər Məmmədli deyir ki, əslində müfəttişlik qurumlarının əsas vəzifələri səlahiyyət çərçivəsinə daxil olan sahələri təftiş etmək, nəzarətdə saxlamaqdır. Fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir müfəttiş həyata keçirdiyi təftiş yoxlamalarının sonunda müvafiq strukturlara raport verir. Onun sözlərinə görə, son illər nəqliyyat müfəttişləri ilə sürücülər arasında yaşanan xoşagəlməz hadisələrin çoxalması bu sahədə ciddi özbaşınalıqların olduğunu göstərir: “Nəqliyyat müfəttişləri bilərəkdən, ya bilməyərəkdən həm də hüquq-mühafizə orqanlarının funksiyalarını üzərlərinə götürüb. Halbuki onların sürücülərə və sahibkarlara cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət yuxarı instansiyalara aiddir və cərimələr yalnız müfəttişlərin yoxlamalardan sonra raporta əsaslanan yazılı hesabata nəzərən tətbiq edilə bilər”.
Müfəttişlər inzibati məsuliyyət tətbiq edə bilməz
Ələsgər Məmmədli hesab edir ki, nəqliyyat müfəttişlərinin təkcə taksi sürücülərə deyil, yük avtomobillərinə qarşı tətbiq etdiyi cərimələr də qanunsuzdur. Onun fikrincə, ümumiyyətlə, yük daşıyıcısının Nəqliyyat Nazirliyinin müfəttişlərinə heç bir qanuni tabeçiliyi yoxdur. Əksinə, Nəqliyyat Nazirliyi yükü hesablamalı və normativləri sürücülərə elan etməlidir: “Sürücü bu normativdən kənara çıxırsa, onun haqqında raport yazıb müvafiq qurumlara təqdim edə bilər. Ancaq həmin avtomobili saxlamaq və sürücünü cəzalandırmaq Nəqliyyat Nazirliyi müfəttişlərinin yox, yol polisinin işidir”.
Müsahibimiz hesab edir ki, Azərbaycanda yol hərəkəti qaydalarına nəzarət rəsmi olaraq polis orqanlarına həvalə olunub. Onun sözlərinə görə, polisdən kənarda hansısa qurumun bu tip məsələlərə müdaxilə etməsi, vətəndaşlara fiziki təzyiq etməsi yolverilməzdir: “Bu baxımdan nəqliyyat müfəttişlərinin məqsəd və vəzifəsi nə olsa da, sürücü və sahibkarların işinə müdaxilə edə bilməz. Əgər taksi fəaliyyəti göstərməyən sürücünü tanıdığı və ya tanımadığı şəxsi avtomobilinə götürüb onu təmannasız olaraq lazım olan ünvana çatdırırsa və buna görə müfəttiş sürücüdən cərimə tələb edirsə, bu, çox ciddi qanun pozuntusudur. Belə hallar olanda, nəqliyyat müfəttişi nəinki cəzalandırılmalı, hətta ona qarşı cinayət işi qaldırılmalıdır.
Hüquqşünas Nəqliyyat Nazirliyinin ictimai nəqliyyatda nizam-intizamın qorunması üçün özünün müfəttiş qrupları yaratmasını, daxili nəzarət sistemi qurmasını normal sayır. Ancaq onun fikrincə, bu cür nəzarət sistemi sadəcə müşahidə xarakterli olmalıdır. Müşahidədən sonra atılacaq addımlar, tətbiq olunacaq inzibati tədbirlər isə hökmən qanuna əsaslanmalıdır: “Lakin müfəttişlik qayda-qanunun pozulmasına görə, cərimə təyin edəcək struktur deyil. Bu isə o deməkdir ki, nəqliyyat müfəttişləri istər fərdi sürücülərə, istər taksi xidməti göstərənlərə, istərsə də yük avtomobillərinə heç inzibati məsuliyyət tətbiq edə bilməzlər”.
Nəqliyyat müfəttişliyinin fəaliyyəti qanunsuzdur?
Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov isə deyir ki, nəqliyyat müfəttişliyi Nəqliyyat Nazirliyinin nizamnaməsinə və ən əsası prezidentin fərmanına zidd olaraq yaradılıb. Onun sözlərinə görə, əslində nəqliyyat müfəttişliyinin əsas funksiyası avtonəqliyyata nəzarət etmək və nəqliyyat vasitələrinin fəaliyyətini tənzimləmək olmalıdır. Ancaq müfəttiş-sürücü kontekstində baş verən hadisələr nəqliyyat müfəttişliyinin fəaliyyətində qanunsuzluğun son həddə çatdığını göstərir: “Müfəttişlərin rəsmi təlimat, əsasnamə olmadan sürücülərə cərimələr tətbiq etməsi, onların maşınlarının sənədlərini müsadirə etməsi, özləri ilə kobud davranışı qanundan kənara çıxma hallarıdır. Onların səlahiyyətlərinin, funksiyalarının hansısa qanunla tənzimləndiyini söyləmək çətindir. Ola bilsin ki, nazirin əmri ilə nəsə bir sənəd təsdiq olunub. Amma 2008-ciildə “Avtomobil nəqliyyatı haqqında” qanunun təsdiqi ilə Nəqliyyat Nazirliyindəki “Avtonəqliyyat Sersvis” Departamenti MMC ləğv olunub. Onun bazasında isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti yaradılmalı, Nəqliyyat Müfəttişliyi də həmin strukturun tərkibində olmalıydı. Lakin indiyədək onun əsasnaməsi də yoxdur”.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində isə ümumiyyətlə, bu mövzuda danışmağa həvəsli deyillər. İdarədən Lent.az-a yalnız onu bildiriblər ki, Nəqliyyat Müfəttişliyi bu qurumun nəzdində fəaliyyət göstərir və müfəttişlər istənilən ərazidə yoxlama aparmaqda sərbəstdirlər. Müfəttişlərin hansı səlahiyyətlərə malik olmasına, funksiyalarının hansısa qanunla tənzimləndiyinə, cərimələrin tətbiqi qaydalarına dair suallara gəlincə, idarədə bildirirlər ki, bu tip məsələlərə Nəqliyyat Nazirliyinin aparatı münasibət bildirə bilər.