Narkoman sürücülər necə təyin olunmalıdırlar? - Ekspert incəlikləri AÇIQLADI
Statistikaya görə, son 6 ayda yollarda baş verən qəzaların artmasına səbəb narkotik vasitələrdən istifadə edən sürücülərin sükan arxasına oturmasıdır. Bu cür halların avtomobil idarə edənlərin arasında yaşanması isə xüsusi narahatlıq doğurur. Çünki o, bu hərəkəti ilə nəinki öz həyatını, hətta kənarda olan digər insanların da həyatını təhlükəyə atır. Qeyd edək ki, ötən həftə məhz iki avtobus sürücüsü narkotik maddə istifadə etdikləri üçün saxlanılıblar. Bu isə artıq insanların ictimai nəqliyyatdan istifadə etməsi zamanı yaşanacaq qəzalardan sığortalanmamaq anlamına gəlir.
Regional Sosial Təşəbbüslərə dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov düşünür ki, narkotik preparatlardan istifadə edənlər digər yerlərdə iş tapmadıqları və ya sənədləri olmadığı üçün sürücülük vəsiqəsi alıb məcburi sərnişindaşıma ilə məşğul olurlar. Onun sözlərinə görə, hazırda sərnişindaşınmada narkotestlərin olmaması bu cür halların yaranmasına əlverişli imkan yaradır. Ekspert buna çıxış yolu kimi həmin şəhər və rayonların nəqliyyat departamenti tərəfindən nəticəsi tez bilinən gündəlik sürücülərin testdən keçirilməsinin təmin edilməsini görür.
“Çünki narkotik vasitələr qanda müxtəlif zaman çərçivəsində - 24 saat, 1 həftə və 1 ay qala bilir. Onu həmçinin sidikdə də yoxlamaq mümkündür. Bu gün istifadə olunan narkotik vasitələrə görə mütləq hər gün test götürülməlidir yaxud dövlət yol polisi hər hansı bir sürücünü saxladıqda cavabı tez çıxan testdən istifadə etməlidir. O zaman narkotika istifadəçiləri biləcək ki, testlər var və məcburi bundan istifadə etməyəcək. Bir çoxunun ağrıları olduğuna görə dayanmır və bunu etməyə məcbur olur. Bu zaman onları test etdikdə yenə də işsiz qalacaqlar. Onları narkodispanserlərə yerləşdirmək lazımdır”.
Ekspert bildirib ki, bu gün müalicə müəssisələrində say məhdudiyyətilə bağlı ciddi problem var. “Narkodispanserlərdə hazırda yer yoxdur. Bakıda 5 min narkotik istifadəçisi varsa yer sayı 400 nəfərdir. Sumqayıtda min nəfər varsa, 28 nəfərlik yer var, digər yerlərdə isə ümumiyyətlə narkoloji dispanser yoxdur. Deyək ki, narkomanları tapıb dispanserə yerləşdiririk, amma sonrakı mərhələ üçün reabilitasiya mərkəzi yoxdur. Özəl sektor pulludur, hər insanın da ona imkanı yoxdur. Bunun həll yolu hələ ki, testləşdirmədir. Hər bir taksi, yükdaşıma, sərnişindaşıma şirkəti özü bunu test etdirməlidir”.
Narkomanlar niyə artır ?
Ekspert cəmiyyətdə narkomanların sayının günü-gündən artmasının birinci səbəbi kimi narkotik vasitələrin dəyişməsini göstərib. “Əvvəlki narkotiklərin istifadəsi 5-10 dəqiqə vaxt alırdı və bəzi digər əşyalar lazım olurdu. İndi çıxan metanfetamin və amfetaminlər üçün demək olar heç nə lazım deyil, istənilən yolla qəbul etmək olur.
İkinci səbəb narkotik istifadəçilərinin özləridir. Onlar bir müddətdən sonra narkotikdən asılı vəziyyətə düşür və ondan həzz yox, ağrıkəsici kimi istifadə edirlər. Bu zaman hardansa oğurluq edib cinayətkara çevrilirlər. Məsələn oğurluqla 100 manata 1 qr. narkotika alır, on yer əvəzinə on beş yerə bölüb satır ki, 100 manat əvəzinə 150 manat qazansın və sabahkı dozaya da pulu olsun. Narkomanların demək olar ki, 80 faizi belə edir. Bunlar potensial “barıqalar”dır.
Üçüncü səbəb xəstəlik yayanlardır. Şpris tapa bilmir yaxud ondan istifadə qaydalarını bilmir və bundan da onlarda “QİÇS”, “SPİD”, “Hepatit” və s. kimi müxtəlif xəstəliklər yaranır. Daha sonra isə onlar bəzən bilmədən, bəzən isə qəsdən bu infeksiyaları yayırlar.
Dördüncüsü isə İrandan gətirilən ucuz narkotik vasitələrdir. Narkoticarətçilər şəxsi istehlak üçün gətirdikləri 1 kiloqram narkotik vasitəyə 2 kiloqram digər maddələr qatır. Amma bu zaman həzz və ağrıkəsicilik qabiliyyəti üç dəfə azalır”.
Ekspert təklif edir ki...
Emil Maqalovun sözlərinə görə, on il öncə narkomanın şəxsi istehlak miqdarı məsələn 0,5 qr idisə və onunla tutulurdusa məcburi müalicəyə gedirdi.
“Amma hazırda bu miqdarı ağrıkəsici kimi istifadə edə bilmədiklərinə görə 1 qr istifadə edir. Bu zaman o cinayətkara çevrilir, çünki qanunda şəxsi istifadə miqdarı 0,5 qr göstərilib. Elə bu səbəbdən də cəzaçəkmə müəssisələrindəki məhkumların 63 faizi narkomanlar, yerdə qalanlar isə narkotikin təsirindən cinayət və zorakılıq törədənlərdir. Zorakılıqla bağlı yeni qanuna əsasən isə cəzaçəkənlərin 80 faizi narkotik istifadəçiləri olacaq. Ona görə aidiyyatı qurumlardan bir də xahiş edirəm şəxsi istehlak miqdarı baxılsın, indi 0,5 qr-dırsa 1qr olsun, bunlar tutulmasın, məcburi müalicəyə göndərilsinlər”.
Narkotik vasitələrdən yaxa qurtarmaq mümkündürmü?
E.Maqalov qeyd edib ki, narkomaniya ilə mübarizə ağır və böyük vəsait tələb edən məsələdir.
“Bunun qarşısını almaq mümkün deyil, yoxsa Avropa, eləcə də qonşu ölkələr Türkiyə, Rusiya, Gürcüstanda narkoman olmazdı. Doğrudur, sayları azalıb və polis tərəfindən tutulanlar arasında demək olar ki, müəyyən qədər fərq var.
Amma narkomanlar özü qaldıqca həm potensial narkoman yetişdirəcək, həm “barıqa” olacaq, həm də xəstəlik yayacaqlar. Müalicə ilə bu yoldan qayıtmaq olar. Buna da böyük maliyyə və dəstək lazımdır. Dövlətin bununla bağlı Qlobal Fondu, Səhiyyə Nazirliyinin layihələri var. Amma hamısı narkodispanserdən sonrakı problemlərə ilişir. Reabilitasiya Mərkəzində 3-6 ay, 1 il qalır, hər şəraiti olur, həm də özlərinə sənət öyrənirlər. Düşünürəm ki, bu layihənin üzərində pilot layihə kimi deyil, tam işləmək lazımdır. Sadəcə, bu layihənin həyata keçməsi üçün böyük maliyyə lazımdır”.
Ednews.net